Musa QASIMLI,
AMEA-nın müxbir üzvü, professor
əvvəli https://xalqqazeti.az/az/siyaset/222871-ermeni-soyqirimi-uydurmalar-ve-gercekler
110 illik yalanın, böhtanın mahiyyəti və hədəf
İtaliyada təbliğatı Qrand Nazaryan, doktor Bazarcyan və digər Türkiyə erməniləri aparırdılar. Burada qurulan “Ermənistan üçün İtaliya Komitəsi” 1917-ci ilin əvvəllərində ermənilərə yardım etmək üçün italyan xalqına müraciət etdi. Belə çağırışları Turində işləyən doktor Bazarcyan dərc etdirdiyi “Armenia” adlı jurnalda da edirdi. Romada qurulan İtaliya-Ermənistan Komitəsinin sədri İtaliyanın 1910-1911-ci illərdə baş naziri işləmiş Luici Luççati, üzvləri isə İtaliya parlamentinin üzvləri Barçilla, Qalli, Bissolati və Bonomi idi. İtaliyada “erməni məsələsi” ilə ən fəal məşğul olan şəxs Lesnid Bissolati idi. Müharibədə döyüşmüş, yaralanıb tərxis edildikdən sonra nazir təyin edilmiş bu adam “erməni məsələsi”nə o qədər aludə olmuşdu ki, Qrand Nazaryana məktubunda belə yazırdı:
“Heç bir məsələ, heç bir xalqın məsələsi bizim üçün erməni məsələsi qədər müqəddəs deyildir. Belə ki, heç bir xalq ermənilər qədər zərər görməmişdir.”
L.Bissolatidən sonra “erməni məsələsi”ni ən çox müdafiə edən L.Luççati erməni nümayəndələrinə demişdi ki, İtaliya yeganə idealist ölkədir, merkantil dünyada yeri yoxdur. Tam əmin ola bilərsiniz, İtaliya sizin fanatik müdafiəçiniz olacaqdır. Özünə gəlincə o bildirirdi ki, bütün bunları əvvəllər İngiltərənin baş naziri işləmiş, hələ 20 il əvvəl böyük dostu olan Vilyam Qladstondan öyrənib.
Böyük Britaniyada da təbliğat işi aparılırdı. 1917-ci ilin əvvəllərində katolikos V Gevorqu qəbul edən lodr Brays “erməni məsələsi”nin müharibənin sonunda imzalanacaq sülh müqaviləsinin şərtlərinə daxil etməkdən ötrü çalışacaqlarını bildirdi.
Rusiya hakimiyyət orqanları ermənilərin düşdükləri vəziyyət üçün Daşnaksütyunu təqsirləndirdilər. Tiflis quberniya jandarma idarəsinin rəisi polkovnik Pastrulyin 1917-ci il yanvarın 28-də Qafqaz canişinliyi dəftərxanansının xüsusi şöbəsinin rəisinə yazdığı 188 №li məxfi məktubunda qeyd edirdi ki, “Türkiyə Ermənistanı”ndan uzaq olan və ermənilərin həyatı, inkişaf səviyyəsi, milli özünüdərki haqqında tanış olmayan Daşnaksütyun rəhbərləri 30 il müddətində kabinetlərində oturaraq bütün bir xalqın taleyini həll etdilər və onu özbaşına buraxdılar. Özlərini ermənilərin taleyinin ifadəçisi hesab edən daşnaklar onu real dünya müharibəsinə qədər gətirdilər, bu müharibə nəticəsində ermənilərin azad olacağını təbliğ edirdilər. Lakin daşnaklar ermənilərə düzəlməz yaralar vurdular, onları yer üzündən silinmək həddinə gətirdilər. Belə vəziyyət bütün erməniləri Daşnaksütyunun əleyhinə yönəltdi. Xalq onları yalançı və saxtakar adlandırdı. Daşnaklar isə bunu türklərin etdiyinə dair haqqında şayiələr yaydılar. Daşnaksütyunun fəaliyyəti rusların işinə yaradı. Ermənisiz Ermənistan qaldı. Bu isə həm Rusiya, həm də Türkiyə ermənilərinə mənfi təsir etdi. Yaranmış şəraitdə özünü təmizə çıxarmaq üçün Daşnaksütyun belə bir təbliğat aparırdı:
“Könüllü dəstələri yalnız ruslar tərəfindən təşkil edilmişdir ki, türklər qəzəblənib erməniləri qırsınlar.”
Bu fikri daşnakların xaricdəki dostları da müdafiə edirdi. Belələrindən biri H.Bekston və Anatol Frans idi. Əvvəllər Qafqazda olan H.Bekston rusların erməni siyasətini belə ifadə edirdi:
“Əgər ruslar bizimlə və fransızlarla əlaqədə olmasaydılar, erməni məsələsindən yaxa qurtarmaq üçün erməniləri öz əlləri ilə doğrardılar.”
Anatol Frans isə deyirdi:
“Ermənilər rusların qucağına elə atıldılar ki, sanki onları dünən tanımışdılar; doğrudanmı onlar 1896-ci il erməni qırğınlarını, 1905-ci ildə erməni-tatar toqquşmalarını və bundan sonra ermənilərin təqib olunmalarını necə unutmuşdular.”
Erməni iddialarının əsası varmı?
Ermənilərin türk hökumətinin təhlükəsizlik tədbirlərini “böyük fəlakət” və “qırğın” kimi qələmə vermələri tarixi gerçəkliyə nə dərəcədə uyğundur? Bununla bağlı olaraq ən mötəbər mənbələr nə deyir?
Bu məsələdən söhbət gedəndə ilk növbədə belə bir suala cavab vermək lazımdır: birinci olaraq kim başladı? Sualın cavabı aydındır. Osmanlı dövləti ölüm-dirim savaşında bir neçə cəbhədə hərbi əməliyyatlar apararkən bəzi xarici dövlətlərin əlində alət olan erməni ünsürü və planlı şəkildə hazırlanmış erməni silahlı dəstələri dövləti arxadan vurdular, dinc türk, müsəlman əhaliyə divan tutdular. Osmanlı silahlı ermənilərə, terrorçulara, dövlət əleyhinə olanlara qarşı qanuni tədbirlər görməyə məcbur oldu. Dövlətin və millətin ümumi təhlükəsizliyinin etibarlı təmin edilməsi bütün dövrlərdə, xüsusən müharibə zamanı hər bir hökumətin başlıca vəzifəsidir. Deməli, Osmanlının təhküləsizlik tədbirləri qanuni idi.
Ermənilərin türklərə və digər müsəlman xalqlarına qarşı törətdikləri soyqırıma cavab olaraq yaşayış yerlərinin ölkə daxilində dəyişdirilməsi nəticəsində həyatlarını itirən ermənilərin sayını erməni təbliğatı şişirdir. Ölən ermənilərin sayı əvvəlcə 600 min, sonralar artırılaraq 800 min, daha sonra isə 1 milyon 500 min nəfər göstərilib. Məsələn, Böyük Britaniya mətbuatının 1918-ci ildəki məlumatında ölən ermənilərin sayı 600 min, 1968-ci ildəki məlumatında isə birdən-birə 1 milyon 500 min yazılıb.
Bəs gerçəkdən nə qədər erməni ölüb? Bunu qəti olaraq dəqiq rəqəmlə sübut etmək mümkün deyildir. İstənilən rəqəm haqqında mübahisə etmək olar. Əsas mənbə bu dövrdə Osmanlıda yaşayan ermənilərin sayı haqqında məlumatlardır. Lakin onlar da müxtəlifdir. Erməni patrikxanasının rəqəmlərini əsas götürən erməni əsilli Marçel Learta (La question Armenienne a la Luımire des documents. Paris, 1913) görə, 2 milyon 560 min, erməni tarixçisi Krikor Basmacıyana görə, 2 milyon 380 min, 1922-ci il noyabrın 20-dən fasilə ilə 1923-cü il iyulun 24-dək keçirilmiş Lozan konfransında iştirak edən ermənilərin məlumatına görə, 2 milyon 250 min, erməni tarixçisi Gevorq Aslana görə, 1 milyon 800 min, fransız Sarı kitabına görə, 1 milyon 555 min, fransız coğrafiyaçısı və tarixçisi Lüdovik de Constonsona görə, 1 milyon 400 min, "Paris Revyü"yə görə, 1 milyon 300 min, Osmanlı statistikasına görə, 1 milyon 295 min, ingilis illik statistikasına görə, 1 milyon 56 min erməni bu dövrdə Osmanlı dövləti ərazisində yaşayıb.
Belə olduqda bir sıra suallar yaranır: Osmanlıda 1 milyon 500 min erməni yaşamadığı halda bu qədər ermənini necə öldürmək olardı? Bu sayda adamı öldürməkdən ötrü nə qədər hərbçi lazımdır? Ermənilərin ölüləri də artıb törəyirlərmi? Dünya müharibəsi illərində bütövlükdə həyatlarını itirən 10 milyon nəfərin 1 milyon 500 min nəfəri doğrudanmı erməni olub? Bəs digər millətlərdən ölənlər haradadır? Osmanlı dövlətinin müharibədə itirdiyi 2 milyon nəfər əhalinin 1 milyon 500 min nəfərinin erməni olması həqiqətə nə qədər uyğundur? Bəs ölən türklər haradadır? Ermənilərin kütləvi məzarlıqları vardırmı? Vardırsa haradadır?
Əslində, müharibə şəraitdə Osmanlıda nə qədər erməni ölüb? Osmanlının sədrəzəmi - baş naziri Tələt Paşa Tərəqqi və İttihad Partiyasının son qurultayında müharibə zamanı ermənilərin 300 min nəfər itirdiklərini təxmin edirdi. İngilis hərbi komandanlığının Nuru Paşa və digər generallar haqqında açdığı təhqiqat işində ölən ermənilərin sayı 300 min nəfər göstərilir. Bu, hərbi əməliyyatlar aparılan dövrdə olmuşdur. Fransız din adamı Monseikneur Tauchet 1916-cı ildəki çıxışında 500 min erməninin öldüyünü bildirirdi. İngilis tarixçisi Arnold Toynbi bu rəqəmi 600 min göstərirdi. Ermənilər əvvəllər həmin sayı ingilislərdən götürmüşdülər.
Poqos Nubar Paşa Türkiyədən 700 min erməninin başqa ölkələrə köç etdiyini, 280 mininin isə Türkiyədə yaşadığını bildirirdi. Deməli, təxminən 1 milyon 300 min nəfər ermənidən 700 mini başqa ölkələrə gedib, 300 min nəfəri ölüb, 280 mini isə yaşamağa davam edib. Poqos Nubar Paşa Şərqi Anadoluda müsəlman əhalisinin 1 milyon 400 min nəfər olduğunu deyirdi. Onda belə nəticəyə gəlmək olur ki, ermənilərin öldürdükləri müsəlmanlar ölən ermənilərdən xeyli çoxdur.
Ölən ermənilərin sayı haqqında dövrün erməni ictimai xadimlərinin məlumatları da uydurmaları alt-üst edir. Məsələn, erməni yazıçısı Arşak Çobanyan 1915-ci ildə "Mşak" qəzetinə Parisdən göndərdiyi “Həqiqət” adlı məqaləsində yazırdı ki, katolikos İstanbuldakı patriarxdan yazılı bir hesabat almışdır. Burada „Türkiyə Ermənistanı”nda öldürülən ermənilərin sayının 850 min nəfər olduğu yazılır. Lakin mövcud şəraitdə İstanbuldan erməni patriarxının hesabat göndərməsi az inandırıcıdır. A.Çobanyan yazırdı ki, görünür, bu hesabat Bolqarıstan ermənilərinin heç bir mənbəyə istinad edilmədən hazırladıqları məruzədir. Onların həmin məruzəni bütün dünya erməni mərkəzlərinə və kilsə xadimlərinə göndərdiklərini qeyd edən A. Çobanyan vurğulayırdı ki, bu rəqəmə ölənlər, əsir düşənlər, hərəm kimi götürülənlər, islamı qəbul edərək xilas olanlar, Mesopotamiyaya göndərilənlər daxildir. Hesabatın çox şişirdildiyini və fəlakətə daha çox yer verildiyini qeyd edən A.Çobanyan yazırdı:
“...hesabat həddindən artıq tündləşdirilmiş rənglərlə yazılmışdır; fəlakət çox böyük və dəhşətlidir, ona görə də onun şişirdilmiş formada təqdim edilməsi xeyli ziyanlıdır... Lakin biz bizim üçün o dəhşətli və öldürücü bir fikrə aludə olmamalıyıq ki, Türkiyədə bütün ermənilik məhv edilmişdir və bizim üçün hər şey birdəfəlik məhv olmuşdur. Bunlar həqiqət deyildir. Bizə uzaqdan verilən bütün məlumatlar şişirdilmişdir. Bütün belə böhranlarda şişirdilmə qaçılmazdır... Lakin doğru deyildir ki, Türkiyədə ermənilik məhv edilmişdir və buna görə də biz onu baş vermiş fakt kimi qəbul edib digər millətlər arasında yaymamalıyıq.”
A.Çobanyan Roma papasının və ABŞ Prezidenti Vudro Vilsonun bu məsələləyə qarışmasının bəhrəsiz olmayacağına ümid edir, V.Vilson və İstanbuldakı amerikan səfiri Henri Morgentaunun ermənilərin təqib olunmasına son qoymağa çalışdığını yazırdı. Ölən ermənilərin sayının şişirdildiyini A. Çobanyan belə ifadə edirdi:
“... görkəmli amerikan xadimlərindən ibarət olan “Erməni fəlakətləri”ni araşdıran amerikan komissiyası" yazılı və şifahi mənbələrə, yerlilərin və xaricilərin məlumatlarına əsasən hesabat hazırlayaraq göstərdi ki, 850.000 nəfər erməninin öldürülməsi səhvdir. Bu rəqəm əvəzinə biz yalnız 500.000 tapırıq. Bu rəqəm həqiqətə uyğun gəlir. Erməni yazıçısı Şiravnzadənin dediyi kimi, həqiqəti söyləməkdən qorxmaq lazım deyildir.”
O daha sonra yazırdı:
“Məsuliyyəti yalnız Milli Büronun üzərinə qoymaq və təsdiq etmək olmaz ki, məhz onun siyasəti bədbəxtliyin səbəbidir... Əgər belə bir fikirlə razılaşsaq, məhz Türkiyədən kənarda yaşayan ermənilərin müttəfiqlərə rəğbəti və özlərini fəda etməsi, xüsusən onların rus ordusundakı könüllü dəstələrdə iştirakı türkləri ermənilərə qarşı hiddətləndirdi və onların təqib edilməsinə gətirdi, məgər buna görə yalnız Milli Büronu təqsirləndirmək doğrudurmu? Məgər xaricdəki bütün ermənilik Qafqazdakı ermənilik kimi bu siyasətlə həmrəy deyildimi? Məgər katolikosun özü bizim könüllülərə xeyir-dua vermədimi? Məgər Erməni Milli Bürosunun Avropadakı missiyasının sədri Poqos Nubar Paşa xalqa çağırışla müraciət etmədimi? Hansı ki, bütün qəzetlər dərc etdilər və o, könüllü hərəkatı bəyənmədimi? Və yalnız rus ordusundakı könüllü ermənilər “muxtariyyət istəyirik” deyə bilərdilər, hansı ki, biz onu vermişik. Tələt bəy Amerika səfirinə demişdi: “Ermənilərə elə bir sıyıq hazırlayacağam ki, onlar ən azı 50 il “muxtariyyət” ifadəsini işlətmək imkanından məhrum olacaqlar... Xeyr. Bədbəxtlik üçün başlıca məsuliyyət bizim qəddar, bədbəxt taleyimizin üzərinə düşür. Hər şey bizim əleyhimizə yönəldi: bizim üçün xeyli əlverişli olan hadisələr gözlənilmədən əlverişsiz xarakter aldı.”
"Baku" qəzetində sonralar, 1915-ci il 4 sentyabr tarixli 197 №li sayında dərc edilmiş “Ermənistanın göz yaşları” adlı məqalədə yazılırdı ki, Türkiyədəki bütün ermənilər 1 milyon 200 min nəfərdir, onlardan da 200 mini Qafqaza gəlib.
Bu əslində Qafqazın erməniləşdirilməsində növbəti addımın ermənilərin özü tərəfindən etiraf edilməsi idi.
1915-ci ildə Amerikada Daşnaksütyunun Mərkəzi Komitəsi Türkiyə hökumətinin erməniləri guya təqib etməsi ilə əlaqədar olaraq Amerika ermənilərinə etdiyi müraciətdə yazırdı ki, bu hadisələr nəticəsində 300 min nəfərədək erməni öldürüldü, 300 min nəfərədək erməni Mesopotamiya yollarında öldü, 200 min nəfər Rusiyaya qaçdı, nəhayət, 400 min nəfər erməni islam dinini qəbul etdi. Beləliklə, “Türkiyə Ermənistanı” ermənisiz qaldı.
Bu məsələ 1919-cu ildə amerikan generalı Ceyms Harbordun rəhbərliyi altında missiyasının da diqqətində olub. Onun hesabatında yazılırdı ki, 1914-cü ildə Asiya Türkiyəsində ermənilərin sayı 1 milyon 500 min nəfər olub. Onlar Anadoluda dağınıq halda yaşayırdılar. Əgər hətta bütün dünyadan ermənilər altı vilayətə gəlsəydilər belə, yenə də türklər sayca çox idilər. Lakin bəziləri ermənilərin sayını daha da artırırlar. Missiyanın hesabatında 1919-cu ildə “Türkiyə Ermənistanı”nda təqribən 270 min erməninin olduğu, onların 75 mininin Suriya, Mesopotamiya və başqa regionlardan geri qayıdanlar, digərlərinin isə ölkədə qalanlar olduğu yazılırdı. Qeyd edilirdi ki, Yaxın Şərqin bütün hissələrinə yayıldıqları üçün Transqafqazda 300 min nəfər qaçqın, bunların içərisində türklər də var idi.
ABŞ alimləri Castin Makkarti və Karolin Makkarti dövrün statistikasını təhlil edərək yazırlar ki, 1912-1922-ci illərdə həlak olan ermənilər 1 milyon 500 min və 2 milyon deyil, xeyli az olub, ölən ermənilərin sayını deyərkən həlak olan müsəlmanları da nəzərə almaq lazımdır. Müharibə şəraitində, hərbi əməliyyatların gedişində ermənilərin çəkdiyi acıların olduğunu deyən amerikan alimləri erməni silahlı dəstələrinin dinc türk və müsəlmanları da qırdıqlarını, statistikanın 600 min erməni ilə yanaşı 2 milyon 500 min Anadolu müsəlmanının öldüyünü, çoxlarının da türk olduqlarını yazırdılar.
Rus və sovet ədəbiyyatında da müharibədə ölən ermənilərin sayı ziddiyyətli göstərilir. Rusiya şərqşünası Vladimir Qurko-Kryajin 1926-cı ildə yazırdı ki, Birinci Dünya müharibəsi illərində 300 min nəfərə qədər erməni öldü, bu qədər də erməni Mesopotamiyada yollarda öldü, 200.000 nəfər erməni Rusiya qaçdı, 400.000 nəfərə qədər erməni isə islam dinini qəbul edərək xilas oldu.
1959-cu ildə Moskvada çap edilmiş sənədlər külliyyatında heç bir mənbə göstərilmədən yazılır ki, guya 1915-1916-cı illərdə türklər yüz minlərlə erməni öldürdülər və Ərəbistan çöllərinə qovdular.
Tarixçi-türkoloq Aron Noviçev də mənbə göstərmədən 1 milyon 500 min erməninin öldüyünü, 1 milyon 200 min erməninin Suriya, İraq, Rusiya, İran və başqa ölkələrə köçdüyünü iddia edir.
Heç şübhəsiz, rus və sovet tarixçilərinin yazdıqları məlum siyasətin təsiri altında olub və heç bir kiçik tənqidə tab gətirmir.
Osmanlı ensiklopediyasında 1915-1918-ci illərdə erməni silahlı dəstələrinin 600 min türkü və kürdü öldürdükləri göstərilir. Ensiklopediyanın 7-ci cildində yazılır ki, bütövlükdə Osmanlı imperatorluğunda 1 milyon 300 min -1 milyon 500 min erməni yaşayıb, ölən ermənilərin sayı 1 milyon 500 min deyildir. Müharibədə erməni itkisi 300 min nəfərə qədərdir və 703 min erməni Suriyaya köçürülüb.
***
Beləliklə, mötəbər tarixi mənbələr sübut edir:
– “erməni soyqırımı” deyilən bir məsələ olmayıb, tarixi və faktoloji əsası yoxdur, uydurma və başdan-başa cəfəngiyyatdır;
– xarici dövlətlərin əlində alət olan erməni terror-siyasi təşkilatları və kilsəsi Birinci Dünya müharibəsi illərində bir neçə cəbhədə hərbi əməliyyatlar aparan Osmanlı dövlətini arxadan vurub, mülki türk və digər müsəlman əhalini kütləvi şəkildə qırıblar;
– erməni din adamları kilsədən silah-sursat anbarı kimi istifadə ediblər. Bununla da xristianlığa ləkə vurublar;
– Osmanlı hər bir dövlətin ən vacib vəzifəsi olan vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün qanunu tədbirlər görüb. Dövlət əleyhinə çıxan şəxslərin yaşayış yerləri ölkə daxilində jandarma və həkimlərin nəzarəti altında dəyişdirilib;
– ermənilər məqsədlərinə nail olmaqdan ötrü gah Qərb ölkələrinin, gah da Rusiyanın tərəfinə keçiblər. Rusiyada Qərb dövlətlərinin, Qərb ölkələrində Rusiyanın əleyhinə təbliğat aparıblar;
– Antanta dövlətlərindən heç biri digərinin tək nəzarəti altında “erməni muxtariyyəti”nin qurulmasını istəməyib, ona maraqlarına zidd olan kimi baxıblar. Rusiya Antanta ölkələrinin himayəsində “erməni muxtariyyəti”nin qurulması istəklərinə təhlükəsizliyinə təhdid, onların Cənubi Qafqaza yaxınlaşması, regiondakı ermənilərin Osmanlıdakı ermənilərə meyil edəcəyi, azərbaycanlıların və gürcülərin də muxtariyyət istəyəcəkləri təhlükəsi kimi baxıb. Antanta ölkələri Rusiyanın himayəsi altında “erməni muxtariyyəti”nin qurulmasına Rusiya imperiyasının Qara dəniz boğazlarına yaxınlaşmaq və isti dənizlərə çıxmaq imkanlarının artacağı kimi baxaraq əleyhinə olub, beləliklə, istifadə edərək atıblar;
– düşdükləri vəziyyətə görə özlərinin günahlarından diqqəti yayındırmaq üçün erməni təşkilatları və kilsəsi Avropa ölkələrində və ABŞ-da Osmanlı əleyhinə təbliğat aparıblar;
– Qafqazın erməniləşdirilməsində Birinci Dünya müharibəsi özünə məxsus yer tutub;
– Türkiyə Cümhuriyyəti Avropa İqtisadi Birliyinə üzv olmaq üçün müraciət etdikdən sonra Mərkəzin işarəsi ilə İrəvanda uydurma “soyqırımı” abidəsi tikilib və siyasi məqsədlər naminə çirkin təbliğat kampaniyası genişlənib;
– dövlət müstəqilliyi bərpa edildikdən sonra terror, başqa xalqlara nifrət, neonasizm , uydurma “soyqırımı” Ermənistanda dövlət siyasətinə çevrilib.