TDT-yə baxış – türk konsolidasiyasından qlobal aktorluğa

post-img

Təşkilat fəaliyyətini daha da gücləndirməlidir ki...

Azərbaycan Türk Dövlətləri Təşkilatını (TDT) daha güclü və nəticəyönümlü dinamik qurum kimi görmək istəyir. Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilmiş beynəlxalq forumda bildirdiyi fikirlərdən gəlinən daha bir qənaət budur.

Ümumən, dövlətimizin başçısının Türk dünyasına verdiyi önəm özünü onun çoxsaylı müsahibə və çıxışlarındakı fikirlərdə göstərib və bununla bağlı müxtəlif misallar çəkmək mümkündür. Ancaq hesab edirik ki, həmin fikirlərdən ən parlaq səciyyə daşıyanı Prezidentin 2024-cü il fevralın 14-də özünün Milli Məclisdə keçirilmiş andiçmə mərasimində səsləndirdiyidir. Ölkəmizin lideri çıxışında Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiyini davam etdirəcəyindən söz açarkən diqqəti TDT üzərində cəmləşdirmişdi: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Bir halda ki, TDT Azərbaycanın xarici siyasətində mühüm yer tutur, deməli, qurumun beynəlxalq aləmdə baş verən hadisə və proseslərə reaksiyası da adekvat olmalıdır. Nəzərə alaq ki, dünyanın TDT-də mühüm rola malik Türkiyə kimi qlobal aktoru da var. Yəni, qardaş ölkənin parametrlərinin, müvafiq olaraq, qurumdan gözləntilərinin də böyüklüyü günümüzün reallığıdır. Bu mənada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər son dərəcə əhəmiyyətlidir: “Keçmişdə müxtəlif səbəblərdən qlobal rəqabət kürsüsündən sıxışdırılan ölkəmiz artıq Allahın izni ilə yeni dövrün qurucularından birinə çevrilir. Sözünün ağırlığı olan, rəftarı, duruşu və danışığı diqqətlə izlənilən Türkiyənin adının hər platformada daha çox çəkilməsi, Türkiyəsiz bir dəngənin qurula bilməməsi, qurulsa belə yaşaya bilməyəcəyi beynəlxalq aktorlar tərəfindən də çox vaxt məcburi şəkildə qəbul olunur”.

Tam qətiyyələ deyə bilərik ki, hazırda Türk dünyası cənab Ərdoğanın təbirincə desək, keçmişi türk toplumuna dar edən stereotipləri və onların ağırlığını çiyinlərindən atmaqdadır. Onu da bildirək ki, Türkiyə liderinin “türk əsri ilə bağlı baxışımız gündən-günə formalaşır və o, milli idealımız kimi bütün ehtişamı ilə qütb ulduzu kimi parlayır” şəklində ifadə etdiyi, yaxşı mənada iddialı səslənən fikri də var. Prezident İlham Əliyevin yanaşması isə qlobal məqsədlər naminə məqsədyönlü fəaliyyət üçün çağırışdır. Dövlətimizin başçısının hər fikri reallıqla dərin fiksasiya təbiətinə malik olduğu kimi, TDT ilə bağlı gözləntiləri də qurumun eyni xarakterə sahiblənməsinin vacibliyi kontekstində dəyərləndirilməlidir.

Beləliklə, Prezident İlham Əliyev Türk dünyasının konsolidasiyasında müstəsna missiya daşıyan TDT-nin qlobal aktora çevrilməsi üçün münbit şəraitin yarandığını diqqətə çatdırır, qurumun struktur olaraq bu şəraitə uyğun fəaliyyət göstərməsi üçün imkanların mövcudluğunu əsaslandırır: “Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adətənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur”.

Bununla yanaşı, Prezident İlham Əliyev “Yeni dünya nizamına doğru” mövzusundakı beynəlxalq forumda hazırda TDT çərçivəsində göstərilən səylərin sürətlə dəyişən dünyanın axarına cavab vermək baxımından yetərsizliyi düşüncəsində olduğunu da açıqlayıb: “Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik”.

Bəli, Azərbaycan Prezidentinin TDT-nin təkcə güclü struktur kimi formalaşmasının vacibliyini, paralel olaraq bunun reallaşdırılması üçün imkanların mövcudluğunu əsaslandırmasında özünəməxsusluq var. Cənab İlham Əliyevin üzərində dayandığı ilk məqam geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutlarıdır. Nəzərə alaq ki, coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Habelə: “Təşkilat etnik köklərə əsaslanır. Bir çox təşkilatları tanıyırıq. Onlarla müqayisə etmək istəmirəm. Lakin Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır. Biz həmin dəyərlərlə bölüşürük. Yenə də müqayisə etməmək çətindir. Üzrlü hesab edin, lakin bunu edəcəyəm. Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər Cənubu və Şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar görürük”.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, klassik dünya birlikləri modellərindəki narazılıq doğuran motivlər TDT-də yoxdur və bu, təşkilatın unikallıq obrazını canlandırır. Əlbəttə, dövlətimizin başçısı forumdakı çıxışında başqa müqayisə və paralelləri də apardı. Türkiyənin və Azərbaycanın malik olduğu hərbi potensial kontekstində dünyada güc amilinin həllediciliyi üzərində dayanan Prezident İlham Əliyev TDT üçün qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilmə vəzifəsini müəyyənləşdirdi.

Əslində, ölkəmizin liderinin “Yeni dünya nizamına doğru” mövzusundakı beynəlxalq forumda çıxışı zamanı dilə gətirdiyi fikirlər hazırda dünyada söz sahibi olan beynəlxalq təşkilatların struktur böhranlarının ifadə olunmasıdır. Şübhəsiz, dövlətimizin başçısı bununla bağlı konkret faktları xeyli genişləndirə bilərdi. Amma buna ehtiyac yoxdur. Çünki əsas məsələ TDT üçün özünütəsdiq şansının yarandığının vurğulanmasıdır.

Prezident İlham Əliyev TDT-nin beynəlxalq fəaliyyətin mərkəzinə çevrilmə vəzifəsinin icrasına nüfuzlu təşkilatların böhranı ilə yaranmış boşluğu doldurmaq ehtiyacı kimi baxsa da, bu ehtiyacda dünyada türk qlobal təmçilçiliyi ilə bağlı dərin arzu və istək motivi var. Elə bir motiv ki, sözügedən boşluğu doldurmaqla yanaşı, “ən azı Avrasiyanın nəhəng sahəsində qərarların qəbul edilməsi mərkəzinə” çevrilməyə stimul versin.

Ə.RÜSTƏMOV
XQ



Siyasət