Azərbaycanın Türkiyənin dünyaya mesaj platformasına verdiyi önəm
Azərbaycanda aprelin 9-da keçirilmiş “Yeni dünya nizamına doğru” Beynəlxalq Forumu, Türkiyədə aprelin 11-də işinə başlamış və üç gün davam edəcək “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” mövzusundakı Antalya Diplomatik Forumu (ADF2025). Bu iki tədbir üçün seçilmiş mövzu hazırda beynəlxalq miqyasda cərəyan edən proseslərin mahiyyətinin, ağırlıq yükünün və dinamikasının vurğulanması baxımından son dərəcə əhəmiyyətlidir.
Forumların təkcə ad oxşarlığı Azərbaycanın və Türkiyənin qlobal siyasi mühitə adekvat birgə reaksiya göstərmək əzminin ifadəsidir. Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və ADF2025-də iştirakı da qənaətimizi möhkəmləndirir, tədbirlərin ölkələrimizə faydalılığını sübuta yetirir. Ancaq məsələ yalnız adda yox, həm də müzakirə mövzularının əhatə dairəsinin yaxınlığındadır. Bu barədə söz açacağıq. Hələlik isə...
Bəli, dövlətimizin başçısının nüfuzlu toplantıya qatılması Azərbaycan və Türkiyə arasında strateji münasibətlərin vurğulanması ilə yanaşı, ölkəmizin sülh təşəbbüslərinin təbliği baxımından da əhəmiyyətlidir. Axı diplomatik düzən həm də barışa çağırış, onun şərt və perspektivlərinin, o cümlədən, fayda və mənfəətlərinin bəyan platformasıdır. Deməli, ADF2025-in prinsipial müzakirə meydanı olduğu reallığı da tam ciddiyyəti ilə nəzərə alınmalıdır.
ADF2025-i ölkəmiz üçün əhəmiyyətli edən başlıca məqamlardan biri də bu platformadan Azərbaycan – Türkiyə strateji müttəfiqliyinin, tərəfdaşlığının hədəflərinin açıqlanmasıdır. Bu baxımdan münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi, regional təhlükəsizlik üçün müştərək təminatçılıq, birgə sülh təşəbbüskarlığı, mövcud istiqamətdə fəallıq parametrləri, ümumən Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Qara dənizdən Aralıq dənizinə qədər geniş coğrafiyada sabitliyin qorunmasına töhfə və digər prioritetlər diqqətə çatdırılmalıdır.
Yeri gəlmişkən, bu kimi məsələlərə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Antalyada reallaşmış görüşündə də diqqət yetirilib. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək konturlarına nəzər salınıb. Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətə dair fikir mübadiləsi aparıblar. Onu da bildirək ki, hərbi gücə və iqtisadi potensiala malik Azərbaycanın və Türkiyənin münasibətlərinin unikal xarakteri və nümunəviliyi dünyanın sözügedən bölgələrdə maraqlı qütbləri üçün əməkdaşlıqla bağlı müstəsna qarantiyadır.
ADF2025-i bilavasitə Azərbaycan, bütövlükdə yaşadığımız coğrafiya üçün vacib edən məqam tədbir çərçivəsində “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirənin təşkilidir. Müzakirədə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirakı panelə yüksək diqqəti şərtləndirir. Əlbəttə, ön planda dayanan məsələ Azərbaycan-Ermənistan sülh prosesi, ölkələr arasında münasibətlərin normallaşmasıdır. Münasibətlər normallaşmalıdır ki, regional əməkdaşlıq yolunda həm maneələr aradan qalxsın, həm də perspektivə söykənmiş plan və düşüncələr strateji hədəf halına gəlsin.
Ümumən, ADF2025-də müzakirəyə çıxarılacaq mövzuların siyasi rəngarəngliyi də forumun nüfuz göstəricisi sayıla bilər. Belə ki, tədbirdə iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, bu məqsədlə 50-dən çox sessiya təşkil olunacaq. Sessiyalarda müasir şəraitdə müxtəlif regionlarda münaqişələrin həlli yolları, dialoqun qurulması imkanları ətrafında məruzələr ediləcək, müzakirələr aparılacaq.
Forumun müzakirə mövzularının coğrafiya əhatə arealı da genişdir – Yaxın Şərqdən Asiya-Sakit okean regionuna, Afrikadan Latın Amerikasına qədər. Əlbəttə, tədbirə ev sahibliyini edən Türkiyədirsə, deməli toplantı Ankaranın birbaşa xarici siyasət maraqları sferasına daxil olan məsələlərə xüsusi diqqət yetirilməsi, beynəlxalq ictimaiyyətə mühüm mesajların səslənməsi baxımından da əhəmiyyətli olacaq. Bu amil isə son dərəcə vacibdir. Çünki qardaş ölkə dünyanın lider dövlətləri sırasında xüsusi çəkiyə malikdir. Onun qlobal aktorluq missiyasının yeni forma və məzmun qazanması mütləqdir.
Qeyd edək ki, sayca dördüncü olan Antalya diplomatiya forumu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi, ölkənin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Dörd mindən çox qonağın qatıldığı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak edir. Tədbirdə 50-dən çox ölkə xarici işlər naziri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil olunur. Toplantıya, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri də qatılıblar.
Sonda qeyd edək ki, Antaliyanın sahilə yaxın Bələk kurort qəsəbəsindəki Nest Konqres Mərkəzində keçirilən ADF-2025-i dünyanın əlli ölkəsindən Türkiyəyə təşrif buyurmuş çoxsaylı media ordusu işıqlandırır. Bunun özü də toplantının nüfuzundan və beynəlxalq gündəmin müzakirə olunduğu yüksək səviyyəli toplantı statusundan xəbər verir. Bunu ADF2025-ə dəvətə görə Türkiyə liderinə təşəkkürünü bildirən Prezident İlham Əliyev də vurğuladı. Dövlətimizin başçısı tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu da diqqətə çatdırdı.
Ə.CAHANGİROĞLU
XQ