Fransa Qvianada təhsil sistemini tamamilə müstəmləkə siyasətinə uyğun quraraq xalqın assimilyasiyasına nail olmağa çalışır. Məktəblərdə dərslər yalnız fransız dilində keçirilir, uşaqlara yalnız Fransa tarixi və mədəniyyəti öyrədilir.
AZƏRTAC xəbər verir ki, bu fikri “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın “Müstəqillik uğrunda mübarizədə milli kimlik” adlı panel iclasında çıxış edən Fransız Qvianasının Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatının (MDES) fəalı xanım Dominik Monte deyib. O diqqətə çatdırıb ki, Fransa müstəmləkə siyasəti yürütməklə Fransız Qvianasında yaşayan xalqın təkcə təbii sərvətlərini deyil, milli təhsilini, mənəvi dəyərlərini, adət-ənənələrini də məhvə məhkum edib.
“Rəsmi Paris öz müstəmləkə siyasəti ilə bizi dəyərlərimizdən, milli köklərimizdən ayırmağa çalışır. Təhsilimiz yalnız fransız dilindən və Fransa tarixini öyrənməkdən ibarətdir ki, bunlar da yerli xalqın tamamilə assimilyasiyaya uğraması üçün həyata keçirilir”, - deyə xanım Dominik Monte vurğulayıb. Onun sözlərinə görə, milli kimliyin unutdurulması son nəticədə xalqın tarix səhnəsindən silinməsinə gətirib çıxaracaq.
Fransız Qvianasının siyasi fəalı bəyan edib ki, artıq yerli xalq öz hüquqları uğrunda mübarizəyə başlayıb və Fransa hökuməti qarşısında konkret tələblərlə çıxış edir. Fransız Qvianasında milli özünüdərk prosesi sürətlənir və gələcəkdə müstəqillik uğrunda mübarizə daha da güclənəcək. Siyasi fəal bildirib ki, Fransız Qvianasında yaşayanlar milli kökləri üzərində inkişaf etmək arzusundadırlar və müstəqilliyə mütləq nail olacaqlar.
“Biz gerçək kimliyimizi bərpa edəcəyik və mübarizəmizi davam etdirərək müstəqil və milli inkişafa qədəm qoyacağıq. Biz buna inanırıq və inandığımız üçün də mübarizəni davam etdirəcəyik”, - deyə xanım Dominik Monte vurğulayıb.