Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) 2025-ci il 25 mart tarixli hesabatında ölkəmizlə bağlı irəli sürülən qərəzli və əsassız iddialarla bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda hesabatın qərəzli və birtərəfli xarakter daşıdığı xüsusi vurğulanıb, Azərbaycanda dini tolerantlıq mühitinin tarixən təşəkkül tapdığı və bu gün də bütün dini icmalara bərabər şərait yaradıldığı qeyd olunub. Bildirilib ki, ölkədə 900-dən çox dini icma fəaliyyət göstərir, onların təxminən 30 faizi qeyri-müsəlman icmalardır. Bakıdakı pravoslav kilsəsi, katolik kilsəsi, sinaqoqlar və digər dini məbədlər ölkədə dini müxtəlifliyin və azadlığın göstəricisidir.
Bəyanatda bildirilib ki, hesabatda guya Azərbaycanın dini azadlıqları məhdudlaşdırdığı, qeyri-müsəlman icmalara qeydiyyat verilmədiyi və Qarabağda erməni dini irsinə təhdid olduğu barədə əsassız iddialar reallıqla üst-üstə düşmür. 2023-cü ildə BMT missiyasının Xankəndidə dini və mədəni obyektlərə heç bir zərər dəymədiyini rəsmən bəyan etdiyi xüsusilə diqqətə çatdırılıb.
Qeyd olunub ki, USCIRF 30 il ərzində Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində məscidləri dağıtmasını və dini abidələri təhqir etməsini tamamilə nəzərə almır. Azərbaycanda dini radikalizmlə mübarizə qanun çərçivəsində aparılır və dövlətin təhlükəsizliyinə yönəlmiş fəaliyyətlər hüquqi qaydada cavablandırılır.
Həmçinin vurğulanıb ki, Azərbaycan dövləti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə dinlərarası dialoqu və dini tolerantlığı təşviq edir. “Bakı Prosesi” çərçivəsində keçirilən beynəlxalq forumlar, dinlərarası zirvə toplantıları və mədəniyyətlərarası dialoqun dəstəklənməsi bu siyasətin konkret təzahürüdür.
Qərəzli və birtərəfli təqdim edilən bu cür hesabatlar regionda sülh, sabitlik və qarşılıqlı anlaşmaya deyil, gərginliyə və nifrət ritorikasına xidmət edir. Biz bu cür yanaşmanı qətiyyətlə rədd edirik və dünya ictimaiyyətini Azərbaycanın reallıqlarını obyektiv şəkildə qiymətləndirməyə çağırırıq”, - deyə Avropa Azərbaycan Mərkəzinin bəyanatında xüsusi vurğulanıb.