İrəvan süni sülh maneələrini aşacaqmı?

post-img

Paşinyan onu uğurlu finişə aparan başqa yolun qalmadığını anlamağa başlayıb

Bakı öz gücü ilə həll etdiyi münaqişəyə 30 ilə yaxın uğursuz və tərəfkeş vasitəçiliyi indi göydən asılı qalmış ATƏT-in Minsk qrupunun ləğv edilməsi təklifini çoxdan irəli sürüb. Azərbaycan XİN keçən ilin dekabrında Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci toplantısında bunu rəsmi şəkildə bəyan edib. Qrupun amerikalı, fransalı və rusiyalı həmsədrlərinin bölgəyə “turist səfərləri”nə ehtiyac qalmadığını hamı yaxşı anlayır. Bakının irəli sürdüyü əsas tələbləri Minsk qrupunun fəaliyyətinə xitam verilməsi, bu qrupa büdcə ayrılmalarının dayandırılmasıdır. Çünki onun otuz ilə yaxın “məşğul olması” imitasiyasını yaratdığı Qarabağ münaqişəsi adlı münaqişə artıq mövcud deyil. Dediyimiz kimi, bu problemi Azərbaycan öz gücü ilə həll edib. 2023-cü ilin sentyabrından sonra Azərbaycan rəhbərliyi bu təklifi dəfələrlə İrəvanın diqqətinə çatdırıb. Amma oradan ikibaşlı açıqlamalardan başqa heç nə eşidilmədi. Ermənistanın bu “ölü” təsisatı “diriltdikdən” sonra hansı məqamda və necə bəhrələnmək istədiyi bizə məlum idi. Axı, bu “üçlük”də Fransa, ABŞ kimi onu dəstəkləyən, başını sığallayan ölkələr yer alır. 

Deyəsən, rəsmi İrəvan belə faydasız və ümidsiz gözləmələrdən bezib və baş nazir Paşinyan bu məsələ barədə mövqeyini konkretləşdirmək qərarına gəlib.  

* * *

“Ermənistan Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun buraxılması üçün müzakirələr başlamaq niyyətindədir”. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib. “Biz deyirdik ki, müzakirə edilə bilən məsələlər var, bir də müzakirə edilməyən məsələlər var. Müzakirə edilə bilənlərdən biri ATƏT-in Minsk qrupunun buraxılması imkanıdır. Mən bir daha təkrar edirəm: Minsk qrupunun buraxılması məsələsi müzakirəyə açıqdır. Biz yaxın zamanda bu barədə müzakirələr başlatmaq niyyətindəyik”, – hökumət başçısı deyib. 

Bir müddət bundan əvvəl Ermənistan XİN-in “ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər” açıqlamasından bu qənaətə gəlmək olardı ki, rəsmi İrəvan bu məsələdə israr etmir, sadəcə, birtərəfli güzəşt kimi görünməsin deyə, mövzunu sülh danışıqlarında rəsmi Bakı ilə alver predmetinə çevirmək barədə düşünür. Yəni, demək istəyirlər ki, biz sizin istəyinizə uyğun olaraq Minsk qrupundan əlimizi üzsək, siz də bunun qarşılığında bizim istəklərimizdən hansınısa yerinə yetirməlisiniz.

Mövzu ilə bağlı XQ-yə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu ATƏT-in fəaliyyət göstərdiyi uzun dövr ərzində keçirdiyi toplantıların, görüşlərin heç birinin Qarabağ münaqişəsinin həlli yönündə zərrə qədər də faydası olmadığını dedi: “Açıq görünürdü ki, bu xristian “üçlüy”ün qəbul etdiyi müxtəlif qərar və qətnamələr problemin həllini sürətləndirməyib, əksinə, irəliyə yeriməsinin qarşısına sədlər çəkib. Elə 1996-cı ildə Lissabon Sammitində qəbul olunmuş bəyanatda Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsi tələbi qoyulmuşdu. Amma o bəyanatın rəsmi İrəvana heç bir təsiri olmadı. Minsk qrupuna təyin olunmuş üç həmsədr bölgəyə turist səfərləri ilə yadda qaldı. Üstəlik, onlar ATƏT-dən kifayət qədər yüksək maaş alırdılar. Misal üçün, 23 il ərzində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik problemin ölü nöqtədən tərpənməsinə qətiyyən səy göstərmədi. Gəlirdi, yeyib-içib geri qayıdırdı. Hətta onun fəaliyyətindən narazı olan Polşa Xarici İşlər Nazirliyi Kaspşiki “Cənubi Qafqaza ezamiyyətdən” geri çağıra bilmirdi. Çünki, o, ATƏT-in kadrı idi, oradan maaş alırdı. İkinci Qarabağ müharibəsindən sonra da həmsədrlər və sədrin şəxsi nümayəndəsi bölgəyə səfərlərini davam etdimək niyyətində idilər. Doğrudur, onların Bakıya gəlmələrinin bir səmərəsi yox idi. Həm də Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə həmsədrlərə layiq olduqları yeri göstərmişdi. Ona görə onlar İrəvana tez-tez baş çəkirdilər. Orada nəyi müzakirə etdikləri anlaşılmırdı.

İndi vəziyyət yüz səksən dərəcə dəyişib. Bu reallığı Ermənistan baş naziri də anlamağa başlayıb. Yəni, başa düşüb ki, ATƏT-in Minsk qrupunu nə “diriltmək mümkündür, nə də ondan sülh danışıqlarında “kart-blanş” kimi istifadə etmək”.  

Hayların baş naziri gec də olsa ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalaması üçün üçüncü tərəfin zəmanətinə ehtiyac olmadığını etiraf edib. Bu o deməkdir ki, İrəvan sülhə aparan yolda süni şəkildə yaradılan maneələrin mütləq aradan qaldırılmalı olduğunu anlayıb. Hökumət başçısının İctimai Televiziyaya müsahibəsində dediyi sözlər bununla bağlı pozitiv irəliləyişə işarə sayıla bilər: “2022-ci il sentyabr ayında baş verən hadisədən (Ermənistan–Azərbaycan sərhədində toqquşma - red.) sonra biz hələ də zəmanətçilər institutuna ciddi yanaşmalıyıq? Mən deyirəm ki, Ermənistanın təhlükəsizliyinin tək zəmanətçisi var – bu, Ermənistanın özüdür. O Ermənistan ki, regionda qonşuları arasında xarici kömək və xarici müdaxilə olmadan yaşamaq qabiliyyətinə malikdir”. 

Bəli, Ermənistan baş naziri, çoxdan bildiyi bu həqiqəti, nəhayət, qəbul etmək məcbiriyyətində qaldı. Çünki, o, Hayastanı uğurlu finişə aparan başqa bir yolun qalmadığını anlamış oldu.  

İ.HƏSƏNQALA, 

XQ

 

Siyasət