Dünya Azərbaycan həqiqətlərini indi də Ağdərədən eşitdi
Suların qovuşduğu yerdə yurd həsrətlilər də doğma ocağa qovuşurlar
Bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Suqovuşan
sakinləri ilə söhbətindən. Ağdərə rayonu, 18 mart 2025-ci il.
Bu ilin mart ayı da bizim üçün bir neçə cəhətdən əlamətdar oldu. Həm XII Qlobal Bakı orumunda dünyanın müxtəlif ölkələrinin hazırkı və sabiq dövlət – hökumət başçıları bir araya gələrək, növbəti dəfə qlobal məsələlərə dair fikir mübadiləsi aparmaq fürsəti əldə etdilər, həm ABŞ-da 50-dən çox ravvin rezident Donald Trampa müraciət edərək “İbrahim sazişləri”nin genişləndirilməsini və bu prosesə türk dövlətlərinin ilk növbədə Azərbaycan, Qazaxıstan və Özbəkistanın daxil edilməsini istədilər, həm də Azərbaycana qarşı “907-ci düzəliş”in ləğv olunmasının vacibliyi gündəliyə gətirildi. Yəhudi liderlərinin Ağ ev rəhbərinə müraciətində bildirilir ki, ABŞ-ın digər yəhudi təşkilatları, o cümlədən ultra-ortodoks təşkilatlar da Amerika liderinə bu tip müraciətlər etməyi planlaşdırırlar.
Xatırladım ki, “İbrahim sazişləri”nin müəllifi birbaşa Donald Trampdır. O, birinci prezidentliyi dövrün də ərəb ölkələri ilə İsrail arasında münasibətləri yaxşılaşdırmağı hədəfləyən “İbrahim sazişləri” ifadəsini dilə gətirəndə öz arqumentini belə əsaslandırmışdı ki, İslam dininə görə, İbrahim peyğəmbər (ə.) ərəblərlə yəhudilərin ortaq atasıdır. Yəni ərəblər İbrahim peyğəmbərin (ə.) Həcər adlı xanımının dünyaya gətirdiyi oğlu İsmayılın, yəhudilər isə onun digər xanımdan (Sara) doğulan İshaqın törəmələridir: “Hər iki millətin ilk ataları İbrahim peyğəmbərin (ə.) övladlarıdırsa, məntiqlə onlar qardaş sayılırlar. Qardaşlar arasında isə ixtilafa ehtiyac yoxdur”. Yəni Azərbaycanın bu sazişə qoşulması bizim üçün olduqca uğurlu bir siyasi-diplomatik addım olacaq. Üstəlik, ədalətsizcəsinə üzləşdiyimiz “907-ci düzəliş” adlı bədnam sənədin ləğv edilməsi də gündəliyə gətirilir.
Ancaq ekspertlərin fikrincə, ölkəmizin mart ayındakı uğurları təkcə xarici siyasətlə yekunlaşmır. Cənab Prezidentin martın 18-də Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi zamanı sakinlərlə görüşdə səsləndirdiyi fikirlər, sözün həqiqi mənasında, zamanın çağırışlarına, bədxahlarımıza, Ermənistanın himayədarlarına və Avropa Parlamentində oturub Cənubi Qafqazda xaos və anarxiya yaratmaq istəyənlərə, eləcə də sərhədlərimizin o biri tayında hərəsi özü boyda binokl götürərək “müşahidə aparanlara” (“Qoca qitə”nin qoca kəşfiyyatçılarına) cavab verilməsi idi. Bu fakt həm də ona görə önəmlidir ki, cənab Prezident həmin cavabı paytaxt Bakıdan yox, otuz il vəhşi tayfaların barbarcasına viranəyə çevirdiyi, düşmən tapdağından azad ediləndən sonra isə gündən-günə abadlaşan, cənnətmisal görkəm alan torpaqlarımızda dayanaraq verirdi. Bunun isə nə demək olduğunu hamıdan yaxşı İrəvan rəhbərləri bilirlər.
Bu fakt bir də ona görə önəmlidir ki, Ermənistan rəhbərliyi “Biz Bakı ilə sülh müqaviləsinin bütün müddəalarını razılaşdırmışıq və imzalamağa hazırıq” – desə də, işğalçı ölkənin silahlı qüvvələri son günlər atəşkəsi ardıcıl olaraq bir neçə dəfə pozub. Bu isə o deməkdir ki, Ermənistan rəhbərliyi ilə bu ölkənin sınıq-salxaq ordusu eyni fikirdə deyil. Deməli, cənab Prezidentin məhz həmin gün həmin məkanda olması və həmin arqumentləri dilə gətirməsi heç də təsadüfi deyildi. Nəyi, nə zaman, necə etməyi hamıdan yaxşı bilən Azərbaycan Prezidenti martın 18-də Suqovuşanda dedi ki, Ermənistana himayədarlıq edənlərin “kitabı bağlanıb”.
Azərbaycanın 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri haqqında danışan dövlət başçımız xatırlatdı ki, həmin tarixi faktlar bizim Silahlı Qüvvələrimizin gücünü və xalqımızın iradəsini göstərirdi: “Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi – ilk növbədə, guya, bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, o biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq”.
Bəs necə oldu ki, biz dünyanın üç güclü dövlətinin himayə etdiyi (xatırladaq ki, onların heç biri Ermənistanın xoş gələcəyini istəmir, öz maraqlarını təmin etməyə çalışırdılar) işğalçıya diz çökdürdük? Cənab Prezident bu sualın cavabını dəfələrlə vermişdir: “Biz xalq – iqtidar birliyinə nail olduq, güclü iqtisadiyyat yaratdıq, uğurlu xarici siyasət kursu işləyib hazırladıq, güclü ordu formalaşdırdıq, vətənpərvər gənclik yetişdirdik, ən başlıcası isə bütün proseslər eyni mərkəzdən idarə edildi”. Təkcə sadə vətəndaşlar, ekspert və ya jurnalistlər deyil, həm də beynəlxalq aləmdəki hərbi mütəxəssislər də səmimi şəkildə etiraf edirlər ki, Azərbaycan Ordusunun məlum uğurları bilavasitə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün prosesə şəxsən nəzarət etməsi, bütün məsələləri incə detallarına kimi bilməsi, düzgün qərarlar çıxarması nəticəsində mümkün olmuşdur.
İndi kimsə elə bilməsin ki, mən Azərbaycanı Rusiya və ya ABŞ-la müqayisə et mək istəyirəm. Qətiyyən elə fikrim yoxdur və həmin müqayisə mümkün deyil. Ancaq müqayisə edə biləcəyimiz konkret faktlar var. Məsələn, son səksən ildə SSRİ-nin Əfqanıstana, ABŞ-ın Vyetnama, Koreyaya, İraqa, Əfqanıstana müdaxilələri zamanı qətiyyən konkret nəticə əldə edilməmişdi. Çünki proseslər bir mərkəzdən idarə edil mirdi. “Demokratik dəyərlər”i bayraq edən ABŞ-da Ağ ev, Pentaqon və Dövlət Departamentinin hərəsi məsələyə öz prizmasından yanaşırdı. Nəticədə, hərbi müdaxilə etdikləri ölkələrin heç birində tam qələbə əldə edə bilməmiş, “girdikləri” ölkələrdən çıxmağa məcbur olmuşdular.
SSRİ rəhbərliyindəki Kremldaxili intriqalar (Kommunist Partiyasının süqutundan sonra həmin intriqaların miqyası barədə yüzlərlə analitik material ortaya çıxmışdı) isə bu güclü dövlətin nəinki hansısa hərbi müdaxilə zamanı uğur qazanmasını təmin edə bilmədi, əksinə həmin ziddiyyət və qarşıdurmalar sovet dövlətinin çökməsinin əsas səbəblərindən biri oldu. Ona görə də konfliktoloq və politoloqlar deyirlər ki, Azərbaycan İkinci Dünya müharibəsindən sonra müharibəni tam qələbə ilə başa vuran yeganə dövlətdir. Biz məmnunuq ki, bunu artıq hamı etiraf edir.
Bu zaman başqa bir faktı da xüsusilə vurğulamaq zərurəti var. Belə ki, cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, həm 44 günlük İkinci Qarabağ müharibəsi ərəfəsində, həm müharibənin getdiyi günlərdə, həm də birgünlük antiterror əməliyyatı zamanı beynəlxalq hüquq birmənalı şəkildə Azərbaycanın tərəfində idi. Bu isə göydəndüşmə uğur deyildi, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev on illər boyu bu zəminin yaradılmasına çalışmış, nail olmuşdular. Ona görə də Azərbaycanın başladığı (hərçənd, biz müharibənin ilk günlərində döyüş meydanına Ermənistanın təxribatlarına cavab vermək məqsədilə atılmışıq) İkinci Qarabağ müharibəsi ƏDALƏTLİ MÜHARİBƏ idi. Biz öz torpaqlarımızı işğalçılardan azad etməliydik. Etdik də...
Ancaq fikrimizcə, 3 ildir davam edən Rusiya – Ukrayna müharibəsinin bu qədər uzanmasının əsas səbəbi bu məsələyə beynəlxalq hüququn birmənalı münasibət bildirməməsidir. Yəni həmin münaqişəyə münasibət bildirən beynəlxalq hüquq mütəxəssislərinin biri “elə” deyirsə, digəri “belə” deyir. Ona görə də tərəflərin heç biri ciddi nəticə əldə edə bilmir. Bu isə həmin ölkələrdə öz maraqlarını təmin etmək istəyən “üçüncü dövlətlərin” fəallaşmasına səbəb olur.
Xüsusilə vurğulanmalıdır ki, Rusiya, Ukrayna və İsrail uzun illərdən bəri mükəmməl silahlanma mərhələləri keçmiş ölkələrdir. Yəni onların hərbi potensialının cəmi otuz il dövlət müstəqilliyi olan Azərbaycanla müqayisə edilməsi mümkün deyil. Üstəlik, İsrailin apardığı müharibə hansısa nizami orduya deyil, özlərinin də elan etdikləri kimi, terrorçu qruplaşmalara qarşı davam etdirilir. Ancaq Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etmək üçün müharibəni bütün müasir texnika ilə təchiz edilmiş, 30 il müddətində oturuşmuş və güclü müdafiə xətti yaratmış orduya qarşı apardı və qalib gəldi.
Bu məqamda tarixi miflər uydurmaqda peşəkar olan ermənilərin yaratdığı başqa bir mifi xatırlatmaq istərdim. Belə ki, 44 günlük müharibənin qəhrəmanlarından olan bir zabitimiz mətbuata verdiyi müsahibədə demişdi: “Vətən müharibəsində düşmənin qüvvələrini yarmaq üçün ilk əməliyyat Füzuli istiqamətində olub. Ermənistanın uydurduğu “Ohanyan səddi”ni Azərbaycan Ordusu cəmi bir saata yarıb. Həm siyasətdə, həm də döyüşdə göstərdik ki, güclü olan tərəf bizik. Prezident, Ali Baş Komandan İlham Əliyevin vaxtında və düzgün qəbul etdiyi qərarlar mühüm rol oynadı”.
Yeri gəlmişkən, “Ohanyan səddi” 19942020-ci illərdə, Ermənistanın sabiq müdafiə naziri olmuş Seyran Ohanyanın birbaşa rəhbərliyi altında qurulan və sonrakı dövrlərdə belə gücləndirilən müdafiə qurğuları sistemi idi. Azərbaycanla Ermənistan arasındakı (Qarabağdakı) təmas xətti eynilə Ohanyan xətti ilə üst-üstə düşürdü. O səddin uzunluğu 180 kilometrdən 200 kilometrə qədər idi. Hərbçilərin fikrincə, Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəd rolunu oynayırdı. Şərq istiqamət isə Ohanyan xəttinin əsas seqmentini təşkil edirdi. Bu istiqamətin möhkəmləndirilməsininə yaranan ehtiyac isə təbii sərhədlərin olmaması, şərqə doğru yüksəkliklərin alçalması idi.
Onu da əlavə edim ki, mən “Ohanyan səddi”nin özünü görməsəm də, Bakıdakı Hərbi Qənimətlər Parkında həmin səddin bir hissəsinin orijinala tam əsaslanaraq yaradılmış variant ilə tanış olmuş, “Allah səni qorusun, Azərbaycan əsgəri, bu səddi necə keçmisən?” – deyə heyrətlənmişdim.
Onu da xatırladım ki, 44 günlük müharibə günlərində ermənilər Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəndə – istənilən addımda uşaqlı – böyüklü bütün mülkü insanların öldürülməsinə, qətlinə çalışırdılar. Eynilə Xocalıda olduğu kimi. Azərbaycan Ordusu isə istər 44 günlük müharibədə, istərsə də birgünlük antiterror əməliyyatları zamanı əsl “centlmensayağı müharibə”si apardı. Mülki əhaliyə zərər vurulmadı, mülki infrastruktur dağıdılmadı. Bütün dünyanın gözü qabağında olan faktdır ki, birgünlük antiterror tədbirlərin də mülki əhaliyə çıxmaq üçün xüsusi şərait yaradılmışdı, onların təhlükəsiz hərəkəti təmin olunmuşdu.
Ermənilər özləri də etiraf edirlər ki, əhali qabaqcadan radio, TV və xüsusi yayımlanan vərəqələr vasitəsilə xəbərdar edilirdi. Ermənilər raket qurğularını mülki obyektlərdə yerləşdirsələr belə, həmin obyektlərə heç bir zərər verilmədi. Ancaq İkinci Dünya müharibəsindən sonra həyata keçirilən bütün savaşlarda mülki əhalinin qırılması, mülki infrastrukturun dağıdılması, minlərlə mülki şəxsin öldürülməsi, şəhər, kənd və qəsəbələrin yer üzündən silinməsi milyonlarla insanın gözünün qabağında baş verir. Dövlət başçımızın Ağdərədə dediyi kimi, indi internet əsridir və kimin harada, nə ilə məşğul olduğunu hamı görür.
Elə mən də çox faktları görmüşəm. Yadımdadır, Bakıdakı Hərbi Qənimətlər Parkında Ermənistan ordusundan hərbi qənimət kimi götürülmüş avtomobillərin dövlət fərqlənmə nişanlarının (nömrələ rinin) sayını öyrənmək istəsəm də sayıb qurtara bilmədim. Ancaq beynəlxalq aləmdəki hərbi təhsil müəssisələri bizim Zəfər tariximizdəki çox faktları və hadisələri sayıb qurtarıblar. Ona görə də Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatların unikallığı və qısa müddətdə böyük nəticələr vermək təcrübəsi indi artıq uzaq xaricdə də öyrənilir. Şuşa və Hadrut əməliyyatlarının unikallığı isə yazıçı və kinossenaristlərin, rejissorların maraq dünyasını zəbt etmişdir.
Bəli, dünya Azərbaycan reallıqlarını Ağdərədən də eşitdi. Bu reallıqlar güclü dövlət – güclü lider düsturunun bütün qələbələrin əsasında dayandığının göstəricisi kimi qəbul edilir. Cənab Prezident ağ günlərini yaşayan Ağdərədə yeni yaşayış evlərinin açılışında da iştirak etdi, Novruz tonqalı da yandırdı. Bütün soydaşlarımızın, türk dünyasının və beynəlxalq aləmdəki dostlarımızın sevinərək alqışladığı həmin faktlar Parisdə, İrəvanda və anti-Azərbaycan zehniyyətli insanların olduğu hər yerdə çoxlarının yuxusunu qaçırdı. Qoy olsun! Biz də torpaqlarımız barbar qonşunun tapdağında olanda çox gecələri yuxusuz qalmışdıq.
Evin mübarək, Ağdərə sakini! Suyun bulanmasın, Suqovuşan! Yolun aydın olsun, sabiq məcburi köçkün! Daha böyük uğurlarına şahidlik edək, cənab Prezident!
İttifaq MİRZƏBƏYLİ
Əməkdar jurnalist