May ayından reyslərin bərpa edilməsi müzakirə olunub
Gürcüstanla Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında həyata keçirilən enerji və nəqliyyat layihələri həm regional, həm də qlobal əhəmiyyət daşıyır. Eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və turizmin inkişafı üçün də böyük potensial var. Tam əminliklə deyə bilərik ki, Azərbaycanla Gürcüstan arasında regional əməkdaşlığın əsl nümunəsi ola biləcək qarşılıqlı faydalı fəaliyyət həyata keçirilir. Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin Tbilisidə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü də bu məqsədə xidmət edib.
Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həmçinin həyata keçirilən layihələri müzakirə ediblər. Bildirilib ki, bu, ölkələrə daha çox əlavə dəyər yaratmağa imkan verəcək.
Həmçinin bu il mayın 1-dən Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin bərpası məsələsi də diqqət mərkəzində olub: “Bu dəmir yolu əlaqəsi bizim turizm sektorumuz üçün çox vacibdir. Azərbaycanlı həmkarımla görüşdə biz, həmçinin bu ilin yükdaşımaları ilə bağlı proqnozları müzakirə etdik. Əsas məqsədimiz maksimum koordinasiya ilə regional və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli olmaqdır”, – deyə L.Davitaşvili vurğulayıb.
Qeyd edək ki, Azərbaycan quru sərhədlərini 2020-ci ilin martından etibarən COVID-19 virusunun yayılmasının, pandemiyanın qarşısının alınması məqsədilə bağlayıb. İki ölkə arasında sərnişinlərin gediş-gəlişi hava nəqliyyatı vasitəsilə həyata keçirilir.
Pandemiya bitdikdən sonra da quru sərhədlər açılmadı. Bu, müəyyən təhlükəsizlik məsələləri ilə əlaqəli idi. Azərbaycan 19–20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror tədbirləri ilə bütün ərazilərində suverenliyini və konstitusiya quruluşunu bərpa etsə də, sərhədlərə təhdidlər hələ də mövcuddur. Ermənistanla sərhəd tam müəyyənləşdirilməyib. Hayastan hələ də normal, sivil, beynəlxalq hüquq normaları ilə qonşu dövlətlərlə münasibət qura biləcək bir səviyyədə deyil. İndinin özündə də İrəvan qonşu dövlətlər üçün ciddi bir təhlükə mənbəyidir. Onun silahlanması heç də xoş niyyətlərdən xəbər vermir. Üstəlik, Rusiya–Ukrayna münaqişəsi davam edir, İran ətrafında gərginlik artır. Belə bir vəziyyətdə sərhədlərin tam açılması təhlükəsizlik baxımından səmərəli deyil.
Ermənistanla yanaşı, şimal və cənub qonşularımızdan belə bir təhlükə gözlənilə bilər. Ona görə də faktiki olaraq, Azərbaycan tərəfi, Rusiya və İranla sərhədlərini bağlı saxlamağa çalışır. Digərləri ilə müqayisədə Gürcüstan sərhədindən elə bir ciddi təhlükə yoxdur. Bu səbəbdən onu qismən, müəyyən şərtlər daxilində açmaq olar. Görünür, mayın 1-dən Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin bərpası bu çərçivədə həyata keçiriləcək.
O da maraqlıdır ki, sərnişin daşımalarının dəqiq nə vaxt açılacağı cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biridir. Son günlər bu məsələnin yenidən gündəmə gəlməsi də vətəndaşlar arasında marağa səbəb olub.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir: “Bakı–Tbilisi–Qars dəmir yolu ilə yüklər daşınır. Amma sərnişinlər hələ ki bundan istifadə etmirlər. Sərhədlər də bağlıdır. Mən hesab edirəm ki, bu xəttin tam gücü ilə işə başlaması, ondan sərnişinlərin də istifadə etməsi, həm Gürcüstanın, həm də Azərbaycanın xeyrinədir. İnanıram ki, bölgə üçün faydalı olacaq. Bu, bir çox sahələrdə Gürcüstanla Azərbaycan arasında əlaqələri daha da intensivləşdirəcək. Çünki Azərbaycan vətəndaşları da bu marşrutdan istifadə edərək Gürcüstana və Türkiyəyə getmək istəyirlər. Hesab edirəm ki, bu, doğru yanaşmadır.
Onu da nəzərə almaq lazımdır ki, Gürcüstanla quru sərhəd bağlı olduğundan vətəndaşlar üçün çətinlik yaranmışdır. Bu ölkədə xeyli soydaşımız yaşayır. Onların Azərbaycana gediş-gəlişi problemdir. Hesab edirəm ki, indiki mərhələdə Bakı–Tbilisi–Qars dəmir yolu sərnişinlər üçün də açıq olarsa, Azərbaycan və Gürcüstan vətəndaşları bundan faydalanacaqlar. Məncə, marşrutun işə düşməsi Azərbaycanda turizmin inkişafına da faydalı olacaq. Xaricdən gələnlərin sayəsində bölgələrimizdə olan bütün istirahət mərkəzləri, hotellər, iaşə müəssisələri də tam gücü ilə fəaliyyət göstərəcək. Bu da yeni iş yerlərinin açılması deməkdir. Təbii ki, bu da iqtisadiyyatımıza mühüm töhfə verər”.
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov isə bildirdi ki, Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edir: “Azərbaycan və Gürcüstan qonşu və strateji tərəfdaş dövlətdir. İki ölkə arasında tarixən və bu gün çox sıx və inteqrativ əlaqələr var. Turizmdən tutmuş, digər mədəni mübadilələrə qədər müxtəlif sahələrdə əlaqələr sistemi də mövcuddur. Həm beynəlxalq, həm də regional təşkilatlarda həmişə bir-birinə arxa dururlar. İki ölkə arasında siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. Əlbəttə, Azərbaycan ilə münasibətlərin inkişafı və gücləndirilməsi Gürcüstan üçün də həyati əhəmiyyət daşıyır. Mayın 1-dən Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin bərpası ilə bağlı danışıqlar məhz bu münasibətlərə uyğun atmosferdə keçir. İnanıram ki, tezliklə vətəndaşlarımız hər iki istiqamətdə dəmir yolu ilə sərbəst gedib-gələcəklər. Bu, hər iki dövlətin milli maraqlarına xidmət edir”.
Novruzov daha sonra bildirdi ki, Gürcüstanda və Azərbaycanda yaşayan xalqları biri-biri ilə ailə münasibətləri, qohumluq bağları birləşdirir: “İnanmaq istərdim ki, may ayının 1-dən bu proses yekunlaşacaq. Bu, həm də hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir, əhalinin dolanışığı, rifahını özündə ehtiva edən məsələdir. Amma ciddi nəzarət mexanizmi də həyata keçirməlidir ki, sonradan problem yaşanmasın. Tezliklə rəsmi açıqlama veriləcəyinə ümid edirəm”.
Pünhan ƏFƏNDİYEV
XQ