Ermənistan baş naziri Nikol Paşinyan iki gün əvvəl xalqa ideoloji məzmunda müraciət ünvanlayıb. Onun təqdim etdiyi 14 tezisə diqqət yetirəndə belə təsəvvür yaranır ki, erməni cəmiyyətinin hazırkı durumu adi yaşayış normalarından da uzaqdır.
N.Paşinyanın açıqladığı 14 tezisin əsas məna yükü referendum yolu ilə yeni konstitusiyanın qəbuluna əsaslanır. O, irəli sürdüyü “Real Ermənistan” ideyası naminə ümumxalq səsverməsinə gedilməsinin vacibliyini vurğulayır. Qeyd edək ki, Nikolun “Real Ermənistan”ı 29743 kvadratkilometr ərazisi olan, beynəlxalq ictimaiyyət tərəfindən tanınan Ermənistandır. Paşinyanın fikrincə, bu sistem üçün yeni konstitusiyanın qəbulu ona görə vacibdir ki, əvvəlki konstitusiya referendumlarında ciddi legitimlik olmayıb. Baş nazirin sözlərindən gəlinən qənaət həm də budur ki, yeni konstitusiyanın strateji məqsədi dövlətçilikdən məhrum xalqı dövlət qurucusu olan xalqın fəaliyyət tərzinə uyğunlaşdırmaqdır.Uzun sözün qısası, yəni, indiyədək Ermənistan dövləti olmayıb.
Əslində, Nikol yanaşmasında haqlıdır. O anlamda ki, SSRİ-nin süqutundan sonra yaranmış müasir Ermənistan Respublikası, Paşinyanın qeyd etdiyi 29743 kvadratkilometrlik ərazi ilə kifayətlənməmiş, işğalçılığı hədəf seçmişdi. Bu hədəfin konturları hələ Sovetlər Birliyinin dağılmasından əvvəl cızılmışdır. Əlbəttə ki, söhbət Qarabağdan gedir. Qarabağ köklənişinin isə Ermənistanın dövlət kimi formalaşmasına yol vermədiyi aşkardır.
Onu da nəzərə alaq ki, Ermənistanın hazırkı konstitusiyasının istinad etdiyi İstiqlaliyyət bəyannaməsində Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiası var. Heç şübhəsiz, Qarabağ məsələsi tez bir zamanda və itkisiz reallaşsaydı, erməni avantürizminin növbəti hədəfi Türkiyə olacaqdı. Görəsən, indi Paşinyanın təklif etdiyi konstitusiya dəyişikliyi erməni milli identikliyinin sərsəmliyindən yaxa qurtarmağamı hesablanıb? Əlbəttə yox!
Haşiyə çıxaq ki, hazırda Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki başlıca tələb var. Onlardan birincisi Ermənistan Konstitusiyasının dəyişdirilməsi, yəni ümumən ölkə qanunvericiliyinin işğalı leqallaşdıran mahiyyətindən uzaq durulmasıdır. Paşinyan iqtidarı buna gediləcəyini bildirmir.
O da məlumdur ki, ötən ilin sentyabrında Ermənistan konstitusiya məhkəməsi sözügedən İstiqlaliyyət Bəyannaməsinin ölkə konstitusiyasında yer almayan müddəalarının etibarsızlığına dair qərar çıxardı. Rəsmi İrəvan açıq şəkildə bəyan etməsə də, elə fon yaratdı ki, sanki, bu, Bakının irəli sürdüyü tələbin yerinə yetirilməsidir. Halbuki, məhkəmə qərarı heç bir halda həlledici sayıla bilməz və daim interpretasiyalara açıqdır.
Digər tərəfdən, Ermənistanın qonşularına qarşı ərazi iddiasından daşınmasına dair Azərbaycanın tələbi erməni xalqının və cəmiyyətinin iradəsinin məhsulu olaraq yerinə yetirilməlidir. Yəni, Ermənistan referendum keçirərək bütün dünyaya bəyan etməlidir ki, avantürizmdən uzaqdır. Paşinyan “Real Ermənistan”dan danışırsa, vacib olan məhz budur. Çünki Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə işğalda saxlanılması faktı danılmazdır. Əvvəldə də dedik ki, bu fakt Ermənistanın keçmiş SSRİ-dən miras qalan ərazi ilə kifayətlənmədiyinin təsdiqidir.
Onu da bildirək ki, Paşinyanın dilindən düşməyən “Real Ermənistan”ın özü də mahiyyətcə reallıqdan uzaqdır. Çünki Ermənistan Sovetlər Birliyinə qoşulanda hazırda haqqında söz açılan 29743 kvadratkilometrlik ərazisi yox idi. Bu rəqəm sovet rəhbərliyinin qurduğu müxtəlif oyunların nəticəsində yaranmışdı. Başqa sözlə desək, sovet Azərbaycanının ərazilərindən sovet Ermənistanına torpaq hədiyələri olmuşdu. Özü də bu hədiyyələr düz 1969-cu ilin mayınadək davam etmişdi. Yaxşı olardı ki, Nikol “Real Ermənistan”ın necə formalaşdığına da diqqət yetirsin.
Sözümüz ondadır ki, referendumla yeni konstitusiyanın qəbulu nəticəsində rəsmi İrəvan reallıqla barışılıb işğalçılığa və təcavüzə baş vurmayacağının uca səslə bəyan etməlidir. Yəni, indiki durumda Paşinyanın filosofluğuna, onsuz da bəlli olan həyat normalarını gəlişigözəl ifadələrlə bəzəyib təqdim etməsinə ehtiyac yoxdur. Heç şübhəsiz, onun özü də bunu gözəl anlayır. Ancaq yarımçıq fəlsəfəsindən də qalmır. O zaman sual olunur: Nikol niyə boş-boş danışır? Elə isə keçək onun əsl məqsədinə.
Əlbəttə, Paşinyan konstitusiya dəyişikliyinə getmək istəyir. Çünki 2018-ci ildə hakimiyyətə gəldikdən sonra reallaşdırmadığı tək iş budur. Özünü dünyaya islahatçı demokrat kimi təqdim etmək istəyən Nikol yeni konstitusiyanı start verdiyi prosesin məntiqi yekunu kimi görür və bu, dünyaya tamamilə fərqli Ermənistan modelini sırımaq üçün lazımdır. Ancaq bu modeldə ərazi iddiasından geri durulacağını söyləmək çətindir. Çünki Paşinyan erməni cəmiyyətinin mahiyyətinə hakim kəsilmiş avantürizmi yenmək üçün ya gücsüzdür, ya da buna cəhd göstərmək niyyətində deyil. Axı Ermənistanda revanşizm meyili hələ də güclüdür.
İkincisi, diqqət yetirək, görək, Nikol nə üçün 14 tezislə məhz indi çıxış edib referendumdan danışır? Çünki, necə deyərlər, quyruğu qapı arasında qalıb. ABŞ-da Prezident seçkilərindən sonra hakimiyyət dəyişikliyinin baş verməsi və Donald Tramp Administrasiyasının əvvəlki iqtidar komandasından tamamilə fərqli yöntəm seçməsi rəsmi İrəvanı qeyri-müəyyən duruma və təşvişə salıb. Aydındır ki, Tramp hakimiyyəti Bayden iqtidarının Cənubi Qafqaz müstəvisində də tutduğu xətti davam etdirməyəcək. Paşinyan isə perspektivi öz hakimiyyəti üçün təhlükəli sayır.
Bir halda ki, söhbət Ermənistandakı revanşistlərdən düşdü, nəzərə alaq ki, ABŞ-ın yeni administrasiyasının təmsilçiləri ilə Rusiya nümayəndə heyətinin görüşündən sonra ölkənin Kremlə meyilli qüvvələri fəallaşıblar. Onlar, kifayət qədər, açıq tekstlə Nikolun hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyini vurğulayırlar. Paşinyan buna görə dünyanın diqqətini Ermənistana cəlb etmək istəyir. Əslində, onun verdiyi yeni konstitusiya anonsunda başlıca məqsəd budur.
Nikolun açıqladığı 14 tezis gözlər önündə Ermənistanın dinc, firavan, sakit, öz yolu ilə gedən, ümumbəşəri prinsiplərə, demokratizmə, həmçinin xristian dini dəyərlərinə sadiq məmləkət simasını canlandırır. Ümumiləşdirmə apararaq deyə bilərik ki, həmin tezislər yeni ABŞ Adminstrasiyasından özünün hakimiyyətdə qalması üçün aman diləmək niyyətindən başqa bir şey deyil.
Bu tezislər, həmçinin Trampın hakimiyyətə gəlişi ilə deformasiyaya uğramış Qərbə Ermənistanı Cənubi Qafqaz üzrə alət qismində nümayiş etdirməyə də hesablanıb. Axı Nikol illərdir sığındığı Avropa İttifaqını lazımsız quruma çevrildiyini yaxşı görür. O, eyni zamanda, Ukrayna ilə bağlı vəziyyətdən də xəbərdardır. Volodimir Zelenskini diktator kimi qələmə verən ABŞ Nikol Paşinyana nə deməz, nə etməz ki? Hər şey deyər, lap keçi qiymətinə də satar.
Sonda N.Paşinyanın 14 tezislə əsaslandırmağa çalışdığı yeni konstitusiya məsələsinə bir qədər fərqli nöqteyi-nəzərdən diqqət yetirək. Məlumdur ki, Ermənistan hazırda Azərbaycanla sülhdən yayınmaq yolunu tutur, müxtəlif avantürist niyyətlər gerçəkləşdirmək istəyir. Ancaq dünyadakı hazırkı durum buna imkan vermir və Nikol daxili mühüm məsələlərə kökləndiyi görüntüsünü formalaşdırmağa çalışır ki, vəziyyət stabilləşənədək vaxt udsun. O, ümid edir ki, Qərbin Cənubi Qafqaza əvvəlki yanaşmasına oxşar hansısa baxış yaranacaq və beləliklə güclü manevr imkanları qazanacaq. Hələlik isə obrazlı desək, tısbağa qınına çəkilir. Hərçənd, bir məqam da var ki, dəvəquşunun başını qumluğa salıb gizlənməsi heç nəyi dəyişmir. Çünki əndamı çöldədir.
Ə.CAHANGİROĞLU
XQ