XİN başçısı: Ukrayna və Trans-Atlantikanın təhlükəsizliyi bölünməzdir

post-img

Ukrayna xarici işlər naziri Andrey Sibiqa ABŞ Prezidentinin ölkə üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb. Tərəflər sülhün əldə olunması yollarını müzakirə ediblər.

Bu barədə AZƏRTAC Sibiqanın X sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir.

“Kit Kelloqla görüşüb, hərtərəfli, ədalətli və davamlı sülhə nail olmağın yollarını müzakirə etdik”, - deyə XİN rəhbəri bildirib.

Nazirin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşündə Ukraynanın güc yolu ilə sülhə nail olmağa hazır olduğunu təsdiq edib. O, həmçinin bu yolda hansı zəruri addımların atıla biləcəyini müzakirə edib.

“Mən bir daha bildirdim ki, Ukrayna və Trans-Atlantikanın təhlükəsizliyi bölünməzdir”, - deyə Sibiqa əlavə edib.

Qeyd edək ki, fevralın 19-da ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə rəsmi səfər edib. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev



Siyasət