USAID-in Ermənistanı

post-img

Faktlar və rəqəmlər ölkənin gələcək fəlakətinin ayaq səsləridir

Prezident Donald Tramp Administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə son qoymaq qərarı Vaşinqtonun xarici siyasət strategiyası üzrə əsaslı dəyişikliyin yaranacağını göstərir. Nəzərə alaq ki, “soyuq müharibə”nin ən qızğın çağında yaradılmış USAID Amerika demokratiyasının nümayiş xarakterli layihəsi idi. Agentliyin illik 40 milyard dollarlıq büdcəsi bütün dünyada irimiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaratmışdı. Trampın komandası isə qurumun fəaliyyətini “solçu radikal” gündəmi və əsassız vəsait israfının təşviqi aləti qismində gördü ki, bu, onun Dövlət Departamentinin tərkibinə daxil edilməsinə gətirdi.

Onu da nəzərə alaq ki, Con Kennedinin dövlət başçılığı dönəmində Birləşmiş Ştatların “yumşaq güc” aləti kimi yaradılmış agentlik 60 il ərzində ölkənin dünyadakı təsirinin əsas mexanizmlərindən birinə çevrilmişdi. Bu mexanizm Ermənistanda da işləyib. Nəinki işləyib, hətta çox böyük layihələr reallaşdırıb, müstəqillik illərində ölkəyə 3,3 milyard dollardan çox sərmayə yatırıb. Buna görə deyə bilərik ki, qurumun ləğvi ilə bağlı qərar ölkədə ictimai sektora mənfi təsir göstərəcək. Deməli, Ermənistanda vətəndaş cəmiyyətinin əhəmiyyətli dərəcədə yenidən formatlaşdırılması zərurəti yaranacaq.

Bəli, USAID Ermənistanda 1992-ci ildən fəaliyyət göstərir və vətəndaş cəmiyyətinin ən böyük donorlarından birinə çevrilib, kibertəhlükəsizlikdən tutmuş, demokratik institutların inkişafına qədər geniş sahələrdə maliyyələşmə aparıb. 2024-cü ilin sentyabrında verilən qərara görə, onun Ermənistan üzrə illik büdcəsi 120 milyon dollardan 250 milyon dollara qədər artırılmalı idi. Bu artım özündə Amerikapərəst yanaşmaların formalaşmasına sistemli yanaşmanı gücləndirməyi hədəf seçirdi.

***

USAID-in Ermənistanın siyasi arenasındakı əsas tərəfdaşı Seçkilər və Siyasi Proseslərin Gücləndirilməsi üzrə Konsorsium olub. O, 20,7 milyon dollar məbləğində ən böyük maliyyəni alıb. Təşkilat ölkədə seçkilərin şəffaflığının artırılmasına çalışmaqla yanaşı, faktiki olaraq, Qərb modelinə əsaslanan yeni siyasi mədəniyyət formalaşdırıb.

USAID-in xətti ilə Ermənistanda iqtisadiyyat sektoruna müxtəlif təşkilatlar nəzarət ediblər. Bunlardan biri büdcəsi 10,4 milyon dollar olan Aqrobiznes və Kənd İnkişaf Mərkəzi Amerika texnologiyalarının və standartlarının tətbiqi ilə kənd təsərrüfatını modernləşdirməyə çalışıb. 7,1 milyon dollarla ikinci yerdə dayanan “Enterprise Incubator Foundation” adlı qurum isə “Silikon vadisi” modeli əsasında startaplar üçün ekosistem yaradaraq texnologiya sektorunun inkişafının Qərb modelinin dirijoruna çevrilib.

***

USAID-in Ermənistanda xüsusi diqqət yetirdiyi sahələrdən biri media idi. Bu istiqamətdə başlıca tərəfdaş 7,5 milyon dollar qrantla “Internews Network” olub. Təşkilat 819 min dollarla maliyyələşdirilən Araşdırmaçı Jurnalistlər qeyri-hökumət təşkilatı və 175 min dollar qrantla İctimai Jurnalistika Klubu kimi kiçik qrant alanlar da daxil olmaqla, media orqanları və təşkilatları şəbəkəsi yaradıb. “Internews Network”dan “E-V-N” xəbərlər fondu və “Faktor TV” də dəstək alıb. Habelə, USAID 2023-cü ildə Ermənistanda 15 milyon dollar dəyərində ayrıca beşillik mediaya dəstək proqramı da işə salıb ki, bu, qurumun ölkədə mövcud sahəyə yatırdığı ən böyük investisiyası sayılır.

Yerli idarəetməyə gəldikdə, burada USAID-ə partnyor təşkilat olaraq İcmaların Maliyyə Məmurları Assosiasiyası fəaliyyət göstərib. Qurum vətəndaşları idarəetməyə cəlb etmək proqramı üçün 4,8 milyon dollar vəsait alıb. İkinci yerdə 3,6 milyon büdcə ilə “Project Harmony” təşkilatı dayanıb ki, onun vəzifəsi Qərb təhsil standartlarının tətbiqinin təşviqinə əsaslanıb, həmçinin təhsil proqramlarına və kibertəhlükəsizliyə diqqət yetirib.

Ermənistanda beynəlxalq təşkilatların USAID proqramlarında iştirakı hallarında da rast gəlinib. Belə ki, UNICEF uşaqların müdafiəsi sahəsində layihələr üçün 3,5 milyon ayırıb. Şərq-Qərb İdarəetmə İnstitutu isə 3 milyon qrantla Amerika modelinə uyğun məhkəmə islahatlarının təşviqi ilə məşğul olub. Hər il 3,2 milyon dollar vəsait alan Ermənistan Amerika Universiteti isə ölkədə ABŞ ali təhsilinin forpostu olub.

***

USAID-in fəaliyyətinin təhlili təsir sahələri üzrə maraqlı faktları ortaya qoyur. Deməli, əsas podratçı “CH2M HILL” adlı təşkilat 49,2 milyon dollar dəyərində müqavilələrlə infrastrukturun modernləşdirilməsi adı altında ənənəvi Rusiya təsir zonasında yerləşən su təchizatı sistemləri və nəqliyyat qovşaqları da daxil olmaqla, strateji əhəmiyyətli obyektlərə çıxış əldə edib.

14,2 milyon dollar vəsait yatırımı ilə fərqlənən digər qurum “MANAGEMENT SYSTEMS INTERNATIONAL” məqsədyönlü şəkildə dövlət idarəçiliyinin transformasiyası üzərində işləyib, Qərb idarəetmə modellərini tətbiqini həyata keçirib ki, bu da Rusiya idarəetmə təcrübəsindən və standartlarından uzaqlaşmağı asanlaşdırıb. Mövcud mənada “TETRA TECH ES”-in fəaliyyəti xüsusi diqqətə layiqdir. Təşkilat 17,9 milyon dollarla enerji sektorunda enerji bazarının liberallaşdırılması konsepsiyasını irəli sürüb. Onun strategiyası Rusiyanın enerji şirkətlərinin rolunun əhəmiyyətli dərəcədə azalmasına hesablanıb. Ən əsası isə qurum Qərb texnologiyalarından istifadə ilə yeni modul tipli atom elektrik stansiyası layihəsinin lobbiçiliyini həyata keçirib. Məqsəd nüvə enerjisi sahəsində uzun illər davam edən Rusiya–Ermənistanın əməkdaşlığını aradan qaldırmaq olub.

Bundan başqa, 9,4 milyon dollar büdcəyə malik “DEXIS INTERACTIVE LLC” və 10,8 milyon dollarlıq büdcə ilə “CHEMONICS INTERNATIONAL” Ermənistanda hökumət strukturlarının rəqəmsallaşdırılması və özəl sektora dəstək vasitəsilə erməni biznesinin Qərb standartlarına və texnologiyalarına istiqamətlənməsinə töhfə verib. “DELOITTE CONSULTING” özünün 6,8 milyon dollarlıq büdcəsi ilə maliyyə sistemində Amerika modelinə uyğun islahatların aparılması üzərində işləyib.

Belə nəticətə gəlmək mümkündür ki, USAID-in iqtisadi yardımının arxasında da çoxsəviyyəli təsir sistemi qurmaq vəzifəsi dayanıb ki, bu, əsas sektorların modernləşdirilməsi yolu ilə Rusiyanın Ermənistandakı mövcudluğunu ardıcıl olaraq azaltmağa köklənmiş strategiyadır.

***

Bəli, son illərdə USAID əsas sektorlar sayılan infrastruktur, dövlət idarəçiliyi, enerji və demokratik institutlar üzrə irimiqyaslı proqramlar vasitəsilə Ermənistandakı mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirmişdi. Rəsmi bəyan edilmiş məqsədlərə iqtisadi inkişaf və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması daxil olsa da, agentliyin faktiki strategiyası Amerikanın regionda təsirini sistemli şəkildə gücləndirməyə yönəlmişdi. Qrant alanların geniş şəbəkəsi USAID-ə Ermənistan cəmiyyətinə hərtərəfli təsir göstərməyə, Amerika dəyərlərini və bütün əsas sahələrdə Birləşmiş Ştatlar gündəmini irəli sürməyə imkan vermişdi. İndi agentliyin bağlanması bu təşkilatların bir çoxunun mövcudluğunu şübhə altına alıb.

Bir daha bildirək ki, USAID-in yoxluğu Ermənistanda vətəndaş cəmiyyətinin mənzərəsini əhəmiyyətli dərəcədə dəyişəcək. Şübhəsiz, qurumdan qidalanan bir çox təşkilatlar alternativ maliyyə mənbələri tapmaq zərurəti ilə üzləşəcəklər. Bu, həm də Amerikanın regionda təsirinin azalması və başqa geosiyasi oyunçuların potensialının güclənməsi deməkdir.

Digər tərəfdən, USAID-in bağlanması ABŞ-ın xarici siyasət strategiyasında daha dərin dəyişikliyi simvollaşdırır. Vətəndaş cəmiyyəti vasitəsilə demokratik dəyərlərin təbliğinə əsaslanan “yumşaq güc” dövrü öz yerini daha praqmatik yanaşmaya verirsə, mövcud durum Ermənistan üçün problemdir. Əlbəttə, ölkədə kənar maliyyədən daha az asılı müstəqil və davamlı vətəndaş cəmiyyəti institutları da inkişaf edə bilər. Ancaq bu, yalnız nəzəri baxışdır. Çünki Ermənistanın özünün hansısa potensialı yoxdur.

Sonda bu qənaətə gəlirik ki, USAID Ermənistanı özündən asılı hala salmaqla, ölkəni rəzil günə qoyub. Özü də bu rəzillik yalnız Qərbpərəst Nikol Paşinyan administrasiyasının ayağına yazılacaq hal deyil. Belə nəticəyə gəlirik ki, ölkədə hakim mövqe tutan heç bir siyasi qüvvə ölkənin, sözün əsl mənasında, müstəqilliyi barədə düşünməyib. Nəticə göz önündədir. USAID-li Ermənistan nə qədər rəzil idisə, bu təşkilatsız Ermənistan daha fəlakətlidir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət