Erməni vandalizmi bəşəri dəyərləri də tanımır

post-img

İrəvandakı Azərbaycan məscidində turistlərə spirtli içkilər təklif olunur

Bu barədə Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə “X” sosial şəbəkəsində paylaşım edib: “İşğal illərində Ermənistan Qarabağda bütün məscidlərimizi təhqir edib və tamamilə dağıdıb. İndi də İrəvandakı Azərbaycan məscidini təhqir edir. Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edilir. Beynəlxalq ictimaiyyət və təşkilatlar tədbirlər görməli, bu vandalizmin qarşısı alınmalıdır”.

Səfirin paylaşımından aydın olur ki, Ermənistan hələ də məkrli niyyətlərindən əl çəkmək istəmir. İrəvanda azərbaycanlıların izini itirmək, ümumiyyətlə, bizə məxsus nə varsa, yox etməyə çalışır. Amma yanılır, bu ərazilərin bizə məxsus oluğunu sübut edən tarixi qaynaqlar var. Bu məscid də onlardan biridir. Nə qədər izini itirməyə çalışsalar da, alınan deyil. Çünki Təpəbaşı məscidinin qədim və bəlli tarixi var.

Oxuculara xatırladaq ki, Təpəbaşı keçmişdə İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub. Hazırkı İrəvanın mərkəzini təşkil edir. Ermənilər tərəfindən aparılan, 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü işlərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadıqları bu məhəllənin yerində ermənilər yeni yaşayış məhəlləsi salmağa çalışır. Bu sahədə onların “təcrübəsi” var. Azərbaycanlıların qəbiristanlığının yerində yeni yaşayış məhəlləsi salıblar. Məhəllədə yerləşən Təpəbaşı minarəsi 1960-cı illərdə uçub. Sonralar məscidin həyətində və ətrafında gecəqondular inşa edilib. Hazırda dağılmış vəziyyətdə olan məsciddə, eləcə də imam otağında erməni ailələri məskunlaşıb. Abbasqulu xanın evini ermənilər “Xanın evi” adlandırırlar.

Təpəbaşı məhəlləsində daha bir məscid var – Göy məscid. Bu gün İrəvanda salamat qalan yeganə məsciddir. Bu məscid də hayların nifrətindən qurtula bilməyib. Orada erməni ailələri yerləşməsə də, ciddi müdaxilələrə məruz qalıb. Bu barədə XQ-yə tədqiqatçı, tarixçi alim Səbuhi Hüseynov danışır: “Göy məscid Hüseynəli xan tərəfindən inşa edilib. Son araşdırmalarda Hüseynəli xanın məhz Göy məsciddə dəfn olunduğu barədə məlumatlara rast gəlinir. Bir məqamı da vurğulayım ki, məscidin həyətindəki 1790-cı ilə aid daş kitabə xanın ailəsindən olan qadınlardan birinə aiddir. Abidə ilə bağlı bütün sənədlər Azərbaycan arxivindədir. İran tərəfindən bu məscidin “Fars məscidi” adlandırılması qəbuledilməzdir.

Şeyxülislamlıq arxivində bununla bağlı kifayət qədər sənəd var. Artıq Göy məscid dünyada Azərbaycan məscidi kimi tanınmalıdır. Məlum olduğu kimi, 1917-ci ildə İrəvanda cəmi 100 nəfər fars yaşayıb. 1831–1920-ci ilə qədər İrəvanda yaşayanların əksəriyyəti azərbaycanlılar olub. Əlbəttə, 100 nəfərə məscid tikilməzdi, artıq Göy məscidin adının dəyişdirilməsinə son qoyulmalıdır, Təpəbaşı məscidi isə əvvəlki vəziyyətinə qaytarılmalıdır”.

S.Hüseynovun sözlərinə görə, Təpəbaşı məscidində turistlərə spirtli içkilərin satılması hayların dini, mədəni və tarixi dəyərlərimizə olan nifrətindən irəli gəlir: “Heç kimə sirr deyil ki, Ermənistan hər zaman Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb”.

Qərbi Azərbaycan İcmasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar da tarixi Azərbaycan şəhərindəki maddi irs abidəmiz olan Təpəbaşı məscidində spirtli içki verilməsini bütünlükdə İslam aləminə hörmətsizlik kimi qiymətləndirib: “Ermənistanda Təpəbaşı məscidi də daxil olmaqla, Qərbi azərbaycanlılara məxsus 300-dən çox məscid dağıdılmış vəziyyətdədir. 600-ə yaxın qəbiristanlıq isə yerlə-yeksan edilib. Hələ dağıdılmamış Göy məscid isə başqa millətə məxsus kimi təqdim edilir”.

Bu açıqlama ilə yanaşı, Qərbi Azərbaycan İcması sərt bəyanatla çıxış edib: “Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir.

Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq”.

QMİ-nin əməkdaşı, ilahiyyatçı Samid Quliyev isə bildirdi ki, Ermənistanın Qarabağda işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib: “Bu vandalizm hərəkətləri tarixi İrəvanın ərazisində davam etdirilir. Son günlər sosial şəbəkədə yayılmış kadrlarda tarixi Azərbaycan məscidi ərazisində spirtli içkilərin verilməsi müşahidə edilir. Bu, inanclı insanlara qarşı hörmətsizlik, monoteist dinlərdə bəyənilməyən əməldir”.

İlahiyyatçı daha sonra qeyd edib: “Ümumiyyətlə, İslamda bütün dinlərə hörmətlə yanaşma tövsiyə olunur. Azərbaycan müxtəlif dinin nümayəndələrinin mehriban şəraitdə yaşadığı yerlərdən biridir. Ölkəmizdə miltikultural dəyərlər gözlənilir. Məsələn, mən müsəlman din xadimiyəm, pravoslav kilsəsinin, həmçinin katolik dini icmasının nümayəndələri ilə şəxsi münasibətlərim var. Bunun özü multikulturalizmin bariz nümunəsidir. Amma, təəssüf ki, bunu Ermənistanda görə bilmirik”.

Onu da qeyd edək ki, haylar yalnız Təpəbaşı məscidində deyil, digər məscidlərimizdə də dağıntılar və vandalizm aktları törədiblər. 30 il davam edən işğal dönəmində Şuşa məscidini də “Fars məscidi” adlandırıb, İran şirkətlərinə təmir etdiriblər. Özü də fars memarlığı üslubunda. Lakin 44 günlük müharibədəki qələbəmiz ermənilərin və farsların Qarabağdakı bu cür “oyun”larına son qoydu.

Ağdam məscidi də eyni taleyi yaşayıb. Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilən Ağdam Cümə məscidi işğal dövründə erməni vandalizminə məruz qalan yüzlərlə tarixi-dini abidələrimizdən biridir. Məbədin minarələri daxildən qismən sökülmüş, məscidin tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız vəziyyətə salınıb. Məsciddə İslamı əks etdirən nə varsa məhv edilib. Eyni zamanda, işğal dövründə ermənilər məsciddə mal-qara, donuz saxlayıb, həmçinin ondan müşahidə məntəqəsi kimi istifadə ediblər.

Haylar İrəvanın tarixi Azərbaycan şəhəri olduğunu həzm edə bilmir və bu səbəbdən vandalizmə yol verirlər. Bəzi Qərb siyasətçiləri və ziyalıları bu cür saxtakarlıqları görməzdən gəlirlər. Sanki İrəvanda azərbaycanlılara məxsus məscid yoxdur. Bunun əvəzində isə işğaldan azad etdiyimiz ərazilərdəki xristian abidələrinin gələcək taleyindən “narahatlıq” keçirirlər. Bu cür hay-küy salanların məqsədi xristianlığın deyil, Ermənistanın təəssübünü çəkməkdir.

Ermənistanın dövlət səviyyəsində müsəlman abidələrinə qarşı törətdiyi vəhşiliklərə gözünü, ağzını və qulağını bağlamaq yapon pritçasındakı “üç meymun”u yada salır. Ermənistanın Qərbi azərbaycanlılara məxsus abidələrə qarşı bu kimi davranışlarına beynəlxalq qurumlar, UNESCO, Roma papası, İslam Əməkdaşlıq Təşkilatı... həssaslıq göstərməlidirlər.

P.S. Rəsmi məlumata görə, işğal dövründə Qarabağ və ətraf rayonların ərazilərində rəsmən fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınmışdır.

Pünhan ƏFƏNDİYEV
XQ





Siyasət