Zatulin, Valuyev və Rusiya düşüncə sistemindəki çatlar

post-img

Yaxud ictimai ajiotajın “Zatulin zirvəsinə” baxış

“Bəzən mənə elə gəlir ki, Rusiya yalnız bütün dünyaya necə yaşamamalı və nə edilməməli olduğunu göstərmək üçün var”. Bu fikri dilə gətirən, yazıya köçürən də rusdur, dövrünün tanınmış yazıçısı, filosofu və publisisti Pyotr Yakovleviç Çaadayevdir. O Çaadayev ki, 1794-1856-cı illərdə yaşamışdı. Əlbəttə, onun sürdüyü ömrə yaşamaq yox, daha çox çürümək demək daha düzgündür. Çünki yazıçı çar Rusiyası hakimiyyəti tərəfindən dəli elan edilmişdi. Çaadayevə qayıdacağıq. Hələlik isə...

Rusiya–Azərbaycan münasibətlərində hansısa gərginliyin yaşanması anındaca ölkənin ermənipərəst dairələrinin dərhal işə düşmələrinə şərait yaradır. Onları, obrazlı desək, şikarını gözləyən yırtıcılar kimi dəyərləndirmək daha münasibdir. Vəziyyət həmişə eyni olub. Özü də məsələ bir-iki naqqalın ağzına gələni danışmasında deyil. Başlıca məqam ölkənin ictimai rəyində belələrinin səslərinin daha ucadan eşidilməsindədir. Elə bil, ulaşırlar.

Bəli, əminliklə deyə bilərik ki, problem fərdlərdə yox, bütövlükdə Rusiyanın özündədir. Bu gün ölkənin rəsmiləri sərnişin təyyarəmizin vurulmasına görə məsuliyyəti öz üzərlərinə götürüb üzr istəyəcək qədər mərd davrana bilmirlərsə, bunu özlərinə yaraşdırmırlarsa, hava gəmimizin, guya, quşlarla toqquşduğuna, onun içərisində qaz balonunun partlamasına dair cəfəngiyyatları tirajlayırlarsa, Rusiya Dövlət Dumasında deputat qismində oturmuş Nikolay Valuyev kimi parabeyinlərdən nə gözləyəsən?

Ağızlarına gələni danışan valuyevlər, zatulinlər və digərləri rus şovinizminin əsrlərdir dəyişməyən sifətini təmsil edirlər. O sifəti ki, dövlət siyasətinə də təsirini göstərir. Buna görə də Rusiya üçün xarici siyasət müstəvisində yalnız iki baxış var. Ya hansısa dövləti və ya xalqı düşmən kimi görmək, ya da kölə olaraq təsəvvürə gətirmək. Üçüncü normal baxış yoxdur və görünür, heç zaman olmayacaq da.

Bugünkü Rusiya çarizmin və ondan sonra mövcud olmuş sovet imperializminin qalığı, daha doğrusu, artığıdır. Bu fikirlərimiz heç də Rusiyanı özünə vətən seçmiş xalqların və millətlərin, o cümlədən azərbaycanlıların xətrinə dəyməsin. Çünki onlarlıq heç nə yoxdur. Onlarlıq nə isə olsaydı, bu gün Rusiya dünyada tolerantlıq nümunəsi kimi tanınardı. Problem ölkənin düşüncə sisteminin hələ də “valuyevçilikdən”, “zatulinçilikdən” asılı hala düşməsində, mütərəqqi nə isə düşünməyəcək qədər qüsurlu mahiyyətindədir.

Bunun nəticəsidir ki, Rusiyanın dost bildiyi ölkə, demək olar ki, yoxdur. Çünki onun düşüncə sistemi başqa xalqlara yuxarıdan aşağı baxmaq üzərində qurulub. Halbuki, həmin başqaları olmasa, Rusiya da olmazdı. Biz hələ tarixə gedib nə üçün başqalarından ibarət Rusiyanın olmasını şübhələndirmirik. Məsələn, ölkənin işğalçı mahiyyətindən danışmırıq. Halbuki, danışmalı və sual verməliyik ki, Rusiyanın Azərbaycanda nə işi var idi? Soruşmuruq ki, hansı haqla Sovet Rusiyası Azərbaycana qoşun yeritmiş, Xalq Cümhuriyyətimizin, dövlətimizin varlığına son qoymuşdu? Çünki aqressiyanın haqq və ədalətlə heç bir əlaqəsi yoxdur. Ancaq təhlükə indi də var, çünki təcavüzkarlığı və zoru haqq işi bilənlərin, özlərinə haqq qazandıran mütriflərin əksər hissəsi Dövlət Dumasında əyləşib və onların çirkli ağızları yumulmur.

Bəli, Qərb Rusiyaya qarşı haqsızdır və ölkəni parçalamaq istəyir. Bu da Qərb imperializminin mərəzidir. Əvvəl hədəfdə SSRİ idi, indi Rusiya. SSRİ dağıldı, Rusiya qaldı. Ancaq durum rus düşüncə mərkəzlərinə dərs olmadı. Onlar SSRİ boyda nəhəngin əllərindən çıxmasının səbəblərini özləri üçün götür-qoy etmədilər. Anlamadılar ki, xalqların birliyi adı ilə irəli sürdükləri beynəlmiləlçilik saxta mahiyyət daşıdığı üçün belə bir duruma düşdülər. Səmimi davranmadıqlarının fərqinə varmadılar. Bu gün də eyni havadadırlar.

Baxın, valuyevlər ölkədən azərbaycanlıları qovmaq məsələsini qaldırır, ayrı-seçkilik edirlər. Guya ki, Azərbaycana qarşı mübarizə aparırlar. O boyda ölkənin başqa mexanizmi, problemləri həll etmək üçün irəli sürdüyü mütərəqqi yol yoxdur. Doğrudan da faciədir, haqqında söz açdığımız problemlər də elə bundan qidalanır. Bunun nəticəsidir ki, Qərb də Rusiyanın üzərinə ayaq aça bilir. İkincinin birinci ilə mübarizə baxımından tapındığı dəyərlər yoxdur. Deməli, qarşıda daha böyük məğlubiyyətlər var.

Bu gün valuyevlər azərbaycanlılara nifrəti təlqin edirlər. Öz aləmlərində ölkəmizə təzyiq göstərəcəklərini düşünür, hesab edirlər ki, geri addım atacağıq. Nə etməli imişik? Rusiyanın quldur başlı rəzillərinin təyyarəmizi vurmalarının üstündən sükutla keçməliymişik! Niyə? Hansı səbəbə? Ona görə ki, həmin quldurlar ölkə üçün əhəmiyyətlidirlər, vazkeçilməzdirlər? Bu, nə yanaşmadır?!

Valuyevlərin, zatulinlərin püsgürdükləri nifrət Rusiyanın birliyinə və bütövlüyünə böyük təhdiddir. Çünki bugünkü Rusiya təkcə azərbaycanlıların deyil, eləcə də digər xalqların birgə məhsuludur. Rusiya həmin xalqların törəmələrinin məmləkətidir. Bu reallığı dərk etməyib hələ də ayrı-seçkilik toxumlarını səpənlər anlamalıdırlar ki, danışdıqları hər kəlmə, işlətdikləri hər sərsəm ifadə ölkəyə son dərəcə böyük zərbədir. Amma onların hər şeyin fərqində olduğu qənaətindəyik. Sadəcə, belələri öz ölkələrinə də düşmən kəsilmiş satqınlardır. Bu satqınlar yaxşı anlayırlar ki, Rusiyanı parçalamağın ən yaxşı yolu milli ayrı-seçkiliyi qızışdırmaqdır. Təəssüf ki, ölkədə satqınlara qarşı ictimai müqavimət hissi yoxdur. Olsaydı, yaramaz məxluqlar Dövlət Dumasının kreslolarında rahat əyləşməzdilər.

Əlbəttə, Rusiyanın şovinist kəsiminin anti-Azərbaycan köklənişi ilə bağlı ən müxtəlif detallardan söz açmaq mümkündür. Ancaq hesab etmirik ki, onların hər birinə diqqət yetirmək lazımdır. Çünki prinsipcə, hər şey məlumdur. Sonda bir daha əvvəldə vurğuladığımız fikrə qayıtmaq istərdik. Söhbət Çaadayevin bildirdiklərindən gedir. Bəli, valuyevlərin, zatulinlərin, milonovların və digərlərinin hərəkətlərinə, eləcə də Rusiya dövlətinin dolayısı ilə belələrinin üslubuna xas davranış tərzinə nəzər salanda, zamanında dəli kimi qələmə verilmiş yazıçının nə qədər haqlı olduğunu söyləmək mümkündür. Doğrudan da Rusiya hazırda dünyaya nəyin edilməli olmadığını göstərməyin nümunəsidir. Bütün olmazlar ölkədə böyük “müvəffəqiyyətlə sınaqdan çıxır”.

“Dəli” Çaadayevin isə daha bir fikri də var və həmin fikri şərhsiz təqdim edərək yazımıza son nöqtəni qoyuruq: “Gözlərim, dodaqlarım bağlı, başımı əyərək vətəni sevməyi öyrənməmişəm. İnsan ancaq ölkəsini aydın görsə, ona faydalı ola bilər. Düşünürəm ki, kor-koranə sevginin vaxtı keçib. İndi vətənimizə, ilk növbədə, həqiqət borcluyuq”.

Əvəz RÜSTƏMOV
XQ



Siyasət