Qarşılıqlı hörmət və dürüstlük

post-img

Bunlar mübahisələrin ədalətli həllində əsas şərtlər olmalıdır

Təkcə qonşular arasında deyil, ailə daxilində də hərdən incikliyə gətirib çıxaran söz-söhbət yaranır. Bu zaman baş verənləri soyuq başla qəbul eləmək, səbəbləri üzə çıxarmaq, amma şişirtməmək, qarışqanı filə çevirməmək və ən önəmlisi, körpüləri yandırmamaq üçün anlayış göstərmək, güzəştə getmək lazım gəlir.

Söhbət iki qonşu ölkə arasındakı münasibətlərin soyumasından gedəndə isə bu müstəvidə şəffaf, ədalətli, qarşılıqlı hörmətə və səmimiyyətə söykənən yanaşma ön plana çıxmalıdır. İstər insani, istərsə də diplomatik baxımdan axıra qədər dürüst və səmimi olmaq münasibətlərin sınaqdan uğurla çıxmasını, bundan sonrakı əməkdaşlığın zərər görməməsini şərtləndirən amildir.

Son vaxtlar Rusiya–Azərbaycan münasibətlərində müəyyən soyumaların müşahidə edildiyi danılmaz faktdır.

Azərbaycan hər zaman səmimi olub

Rus pravoslav kilsəsinin fəaliyyəti ölkəmizdə həmişə dəstəklənib və dəstəklənir. Bu, dini mənsubiyyətindən asılı olmayaraq, əhalinin müxtəlif qruplarına olan qayğımızı bir daha nümayiş etdirir. Məsələn, 2025-ci il yanvarın 15-də Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam çərçivəsində Rus pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasına üç yüz əlli min manat vəsait ayrılıb. Eləcə də ölkəmizdə rus dilinin qorunub saxlanılması və inkişafı üçün hər cür şərait yaradılıb. Yəni Azərbaycan hakimiyyəti irqindən, dilindən və dinindən asılı olmayaraq, ərazimizdə yaşayan bütün insanlara öz vətəndaşı kimi daim qayğı ilə yanaşıb və bu zaman tolerantlığı əsas götürüb.

Bəs, bunun qarşılığında Şimal qonşumuz bizimlə necə davranıb? Bu barədə deməyə sözümüz çoxdur, amma qısa xatırlatmalarla kifayətlənəcəyik. Birinci Qarabağ müharibəsində Ermənistana bağışlanan milyard dollarlıq silahları, düşmən tərəfdən döyüşən pskovlu desantları, eləcə də İkinci Qarabağ savaşından sonra ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının separatçılara dəstəyini necə unuda bilərik? İndi isə Qroznı üzərində sərnişin təyyarəmizin vurulması və Bakıda şübhəli fəaliyyətlə məşğul olan “Rus evi” ətrafında baş verənlər məyyən qənaətlərə gəlməyimizə əsaslar verir. 38 sərnişinin həlak olması ilə nəticələnən məlum təyyarə qəzasının başvermə səbəblərinə, bu faciədə günahkarların məsuliyyət dərəcəsinə, eləcə də digər nüanslara hələ tam aydınlıq gətirilmədiyindən oxucuların diqqətini ikinci məsələyə yönəltməyi doğru saydıq.

Maksim Qorkidən Yevgeni Primakova qədər

Əvvəlcə “Rus evləri”nin maraqlı tarixçəsinə nəzər yetirməyimiz yerinə düşər. “Rus evi” “Rossotrudnichestvo”nun xarici ölkələrdəki nümayəndəliklərinin qeyri-rəsmi adıdır. Qurumun rəsmi səhifəsində yazılanlara görə, onun əsas missiyası dünyada Rusiya elm və mədəniyyətini yaymaq və onun humanitar təsirini gücləndirməkdir. Hazırda bu təşkilat 87 xarici nümayəndəliklə dünyanın 71 ölkəsində təmsil olunur. “Rossotrudniçestvo”nun sələfi 1925-ci ildə yaradılmış Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Ümumittifaq Cəmiyyəti (XÖMƏÜC) sayılır. Sonralar onun varislərinin əsas vəzifəsi xaricdə Sovet İttifaqının maraqlarına xidmət etmək olub. Təşkilatın birinci lideri proletar yazıçısı Maksim Qorkidir. 1958-ci ildə XÖMƏÜC-nin əsasında Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqı (XÖDMSCİ) yaradılıb. SSRİ dağılana qədər onun rəhbəri kosmonavt Valentina Tereşkova idi.

Postsovet dövründə “Rossotrudniçestvo” beynəlxalq humanitar əməkdaşlıq sahəsində Rusiyanın dövlət siyasətinin həyata keçirilməsi ilə yanaşı, “xaricdə müasir Rusiyanın obyektiv ideyası”nı formalaşdırılmasına yardım edib. Bununla belə, təşkilatın faktiki fəaliyyəti bəzən bəyan etdiyi məqsədlərdən kəskin şəkildə fərqlənib. Bəzi ekspertlərin fikrincə, “Rus evləri” humanitar təşkilat adı altında Rusiya xüsusi xidmət orqanları ilə bağlı fəaliyyətlər həyata keçirirlər. Yəqin elə bu səbəbdən son 10 ildə Avropanın 6 ölkəsində – Rumıniya, Sloveniya, Slovakiya, Xorvatiya, Makedoniya və Monteneqroda “Rus ev”lərinin fəaliyyətinə qadağa qoyuldu. Bu faktı 2023-cü ildə təşkilatın rəhbəri Yevgeni Primakov özü etiraf edib.

Konkret misal: Danimarkanın “İnformasiya” qəzeti “Rossotrudniçestvo” adı altında bu ölkədə DTK zabitlərinin adlarını açıqlayıb: “Danimarkada elm və mədəniyyət mərkəzi kimi tanınan “Rus evi” uzun illər Rusiya kəşfiyyatının pərdəsi olub. Jurnalistlər orada keçirilən tədbirlərdə çəkilmiş foto və video materialları araşdırarkən qovulmuş casusların bəzilərini aşkar ediblər”.

Necə deyərlər: Görünən dağa nə bələdçi?

“Ev”in altından boylanan gizlinlər

İndi də gələk “Bakıdakı “Rus evi”nin üzərinə. Daha doğrusu, Yevgeni Primakovun bu “evi”nin anti-Azərbaycan fəaliyyəti ilə məşğul olmasına. Bunu, sadəcə, bir neçə nümunə əsasında diqqətə çatdıracağıq. 2021-ci il noyabrın 11-də “Rossotrudniçestvo”nun Moskva ofisində “Donbas uşaqları Qarabağ uşaqlarına” adlı sərgi keçirilib. Tədbirin press-relizindən bir parça: “Sərgidə döyüşlər zamanı həlak olan uşaqların ruhunu yad etdilər və sağ qalanlara necə kömək etmək barədə danışdılar. Sərginin məqsədi Donbas və Dağlıq Qarabağdan olan uşaqları dəstəkləmək, dünya ictimaiyyətinin diqqətini döyüş zonalarında uşaqların təhlükəsizliyinin təmin edilməsi probleminə cəlb etməkdir. Sərgi daha çox böyüklərin məsuliyyətindən bəhs edir”.

Yəni tədbir dövlət səviyyəsində təşkil olunub və bundan məqsəd coğrafi və etnik baxımdan uzaq iki münaqişə bölgəsini “birləşdirmək” olub. O zaman “Rossotrudniçestvo”nun Donbas siyasətini Azərbaycanda tətbiq etmək cəhdini Bakı məharətlə dəf etdi. 2022-ci il martın 1-də Ermənistan Elmlər Akademiyasında İrəvandakı “Rus evi” tərəfindən hazırlanmış və üzərində Rusiya–İran və Rusiya–Türkiyə müharibələrinin tarixi irsinin abidələrinin qeyd olunduğu multimedia interaktiv xəritəsinin təqdimatı keçirilib. Yenə həmin Primakovun təşəbbüsü və iştirakı ilə.

İndi bütün bunlara əsaslanaraq desək ki, Rusiya XİN-in struktur bölməsinə çevrilmiş “Rossotrudniçestvo”nun aşkar görünən anti–Azərbaycan fəaliyyəti Yevgeni Aleksandroviçin ölkəmizə şəxsi münasibətinin təzahür formasıdır, orada yəqin, bizi qınayarlar. Axı, bu münasibəti “şərtləndirən” amillər göz qabağındadır. Yevgeninin babası Primakovun 1990-cı il Qara Yanvar faciəsinə görə Qorbaçov və Yazovla eyni məsuliyyəti daşıdığını Azərbaycanda unutmayıblar. Yeri gəlmişkən, baba Primakovun SSRİ-nin kəşfiyyat xidməti ilə sıx əlaqədə olması, İttifaq dağılana yaxın isə DTK-nın 1-ci Baş İdarəsinin rəisi, sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru postlarında çalışması təsadüf deyildi.

Münasibətləri korlamaq istəyənlər

“Rossotrudniçestvo”nun Bakı bölməsi burada özünü rahat hiss edirdi. Niyə etməsin ki? Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda təhsilin rus bölməsi olan üç yüzdən çox orta məktəb var. Biz buna etiraz etmirik. Əksinə, bunun multikulturalizmin və tolerantlığın bir təzahürü olduğunu hər zaman vurğulamışıq. Amma... 2001-ci ildə ulu öndər Heydər Əliyevin birbaşa dəstəyi ilə Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) yaradıldı. Fəqət, 2017-ci ildə Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ali Məhkəməsinin qərarı ilə onun fəaliyyətinə xitam verildi. Rəsmi səbəb kimi təşkilatın nizamnaməsinin, guya, Rusiya qanunvericiliyinə uyğunsuzluğu göstərildi. Yenidən qeydiyyatdan keçmək üçün çoxsaylı müraciətlərə və cəhdlərə baxmayaraq, ÜAK-ın fəaliyyəti hələ də bərpa olunmayıb. Yəni, ortada Rusiya–Azərbaycan münasibətlərini pozmaq, bu əlaqələri süni şəkildə korlamaq istəyən qüvvələr var. Burada Rusiyanın yazılı və elektron mediasına güclü təsir rıçaqlarına malik erməni oliqarxların adları tez-tez vurğulanır. Bu isə Rusiyanın daxili işidir.

Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycan da, qarşı tərəf də hər şey barədə məlumatlıdır: “Sadəcə, Moskvanın şəraitə adekvat davranmaq əvəzinə, Azərbaycana yuxarıdan-aşağı baxmaq, faktları ört-basdır eləmək, etirafdan boyun qaçırmaq cəhdləri, təbii ki, ikitərəfli münasibətlərə mənfi təsir göstərməyə bilməzdi. Doğrudur, “Rus evi” ətrafında baş verənlər təyyarə qəzası ilə bilavasitə bağlı deyil. Bir müddət əvvəl oxşar problemlə bizim Moskvadakı Ümumrusiya Azərbaycanlıları Konqresi üzləşmişdi. O zaman müxtəlif bəhanələrlə konqresin qeydiyyatı ləğv edilmiş, Bakının rəsmi müraciətlərinə müsbət cavab verilməmişdi. Bunun müqabilində Azərbaycan da həmin “Rus evi”ni qeydiyyata almadı. İntəhası, onun fəaliyyətinə maneçilik törədilmir, göz yumulurdu.

Müqayisə üçün onu da deyim ki, Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzinin cəmi iki əməkdaşı var. Amma “Rus evi”ndə 20-dən çox insan çalışır və onlar müxtəlif fəaliyyətlə məşğul olurlar. Bu isə Azərbaycanın xüsusi xidmət orqanlarında müəyyən şübhələrin yaranmasına rəvac verdi. Azərbaycanda Rus Dram Teatrı, rusdilli media, telekanal var, 300-dən çox orta məktəbdə rus dili tədris olunur. O cümlədən Rusiyanın bir çox universitetlərinin filialları, özümüzün Slavyan Universitetmiz fəaliyyət göstərir. Yəni, burada rus mədəniyyətini təmsil edəcək hansısa evə, mərkəzə ehtiyac duyulmur. Ona görə Azərbaycan hökumətinin “Rus evi”nin fəaliyyətini dayandırması barədə qərarı tamamilə doğrudur. Əgər rəsmi Bakı milyardlarla büdcəyə malik USAID-in fəaliyyətini qapadırsa, “Rus evi” də bu qəbildəndir.

Amma onu da deməliyəm ki, Azərbaycan Rusiya ilə münasibətlərini süni şəkildə korlamaqda maraqlı deyil. Əksinə, Rusiyada ölkəmizlə münasibətlərin normal məcrada davam etməsinə marağı olan dairələr mövcuddur. Onlar Azərbaycanla enerji daşıyıcıları sahəsində əməkdaşlığa ciddi əhəmiyyət verirlər. Bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ümid edirəm ki, Kreml rəsmiləri baş verən son olayları götür-qoy edəcək və Azərbaycanla ikitərəfli münasibətlərə dürüst, obyektiv yanaşacaqlar”.

Bu, “emosional” qərar deyil

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota göndərərək onu Bakıda “Rus evi”nin hüquqi qeydiyyatı olmadığına görə fəaliyyətini dayandırmağa çağırıb. “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov baş verənləri AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması və bu faciə ilə bağlı yaranmış “emosiya” ilə əlaqələndirib. O, “Rossiya 24” telekanalının efirində bildirib ki, Azərbaycan tərəfi Rusiya Xarici İşlər Nazirliyinə “Rus evi”nin yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyata alınmasının zəruriliyini bildirib: “Rusiyanın Azərbaycandakı səfirliyi, nümayəndəliyimiz və Xarici İşlər Nazirliyi bütün bu illər ərzində dəfələrlə Azərbaycan Ədliyyə Nazirliyinə və Xarici İşlər Nazirliyinə qeydiyyatdan keçməyə kömək xahişi ilə müraciət edib. Biz hər zaman buna hazır idik, amma zənglərimiz cavabsız qaldı”.

Yuxarıda Y.Primakovun “emosiyaya” bağlamağa çalışdğı Azərbaycan XİN-in notasını əsaslandıran kifayət qədər fakt və arqument sadaladıq.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin “RTVI” telekanalına müsahibəsində Azərbaycanın diplomatik davranışını “indi, bu, onlar üçün çox faydalıdır” şəklində izah edib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində Rusiya informasiya və mədəniyyət mərkəzi olan “Rus evi”nin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi üçün normativ baza yoxdur: “Azərbaycan hakimiyyətinin real siyasəti tamam başqadır. Onlar Türkiyənin müttəfiqidir və Xəzər dənizi, Mərkəzi Asiya və Qafqazda öz maraqları ilə yanaşı, Türkiyənin maraqlarını da irəli sürürlər”.

Növbəti dəfə özünün zəhərli və avantürist anti-Azərbaycan ritorikasını işə salan Zatulin iki ölkə arasında münasibətləri korlamağa çalışan həmin qüvvələrin başında duranlardandır. Cidanı çuvalda gizlətməyə çalışan zatulinlər Rusiya–Azərbaycan münasibətlərinə xələl gətirməyə qadir deyillər. Hazırda başının üzərini seyrək duman bürümüş münasibətlərin bu sınaqdan da üzüağ çıxacağına, keçmişdə baş verənləri elə keçmişdə buraxaraq, yola birgə davam edəcəklərinə inam böyükdür.

İmran BƏDİRXANLI
XQ

 







Siyasət