“Politico” qaranlıq otaqda qara pişik axtarışındadır. Buna uyğun Azərbaycan atalar sözü var: “Yalançını evinə qədər qovmaq lazımdır”.
Bu kəlamı keçən ilin noyabrında ermənipərəst nəşrin diqqətinə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” sosial platformasında çatdırmışdı. O zaman “Politico” Azərbaycanın, guya, Rusiyadan 141,6 milyon kubmetr qaz idxal etdiyi barədə feyk-xəbər dərc etmişdi. Sonra üzə çıxdı ki, qeyd olunan məsələ idxal deyil, mübadilə əməliyyatıdır. Yəni qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normal sayılır.
Özünün anti–Azərbaycan çıxışları ilə tanınan, mübadilə və idxal arasında fərq qoymağı “unudan” “Politico”nun redaksiyasında hazırda ağlaşmadır. Qəzet layiq olduğu sonluğun acısını yaşamaqdadır. Buna səbəb İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin “Politico” və USAID tərəfindən maliyyələşdirilən digər KİV-lərin maliyyələşdirilməsinin dayandırılması ilə bağlı qərarıdır. Bu barədə Ağ evin mətbuat katibi Karolin Levitt açıqlama verib. Bir neçə gün əvvəl Ağ ev rəsmisi “Politico” qəzetinin USAID-dən milyonlarla dollar qrant aldığını jurnalistlərin diqqətinə çatdırmışdı.
Trampın komandası “Politico”nu ona qarşı qərəzli olmaqda və 2020-ci il seçki kampaniyası zamanı ona qarşı irəli sürülən ittihamlara qarşı Hunter Baydeni müdafiə etməkdə ittiham edib. O zaman “Politico” Hunterə qarşı ittihamları “Rusiyanın dezinformasiyası” adlandırmışdı. İndi üzə çıxır ki, bu “cib” mediası Baydenin seçkiqabağı qanunsuzluqlarını ört-basdır etməyə məcbur edilib. Əlbəttə ki, böyük həcmdə “qonorar”ın müqabilində.
* * *
USAID-in çirkli pulları ilə “cib” mediasına çevrilən “Politico”nun anti–Azərbaycan fəaliyyəti barədə yazmışdıq. Bu üzdəniraq nəşrin bu yöndə ən “yaddaqalan” çıxışı BMT-nin iqlim dəyişikliyi ilə bağlı ən mötəbər beynəlxalq tədbiri ərəfəsində başda ermənipərəst kollektiv Qərb olmaqla, bədxahların ölkəmizə qarşı informasiya kampaniyasına verdiyi hərtərəfli “informasiya dəstəyi” idi. Nəşr yazırdı ki, Bakı dünyanın hər tərəfindən gələcək on minlərlə qonağı qəbul etmək iqtidarında deyil. Guya, Bakının mehmanxanalarında o qədər qonağı yerləşdirmək üçün yer yoxdur. Bunun ardınca daha bir ağ yalan üfürürdü ki, əgər BMT mövcud reallıqdan xəbərdar olsaydı, bu halda COP29-un Azərbaycan paytaxtında keçirilməsinə razılıq verməzdi.
“Politico”nun Azərbaycanın ünvanına yağdırdığı uydurma ittihamlardan birini də yada salaq. COP29-a bir neçə gün qalmış Donald Trampın prezident seçiləcəyi təqdirdə Vaşinqtonun Bakıya rəsmi nümayəndə heyətini göndərməyəcəyi versiyasını tirajlayan nəşr bunun səbəbi kimi Trampın iqlim dəyişikliyi mövzusuna maraq göstərmədiyini, hətta ABŞ-ı Fransa Sazişindən çıxarmaq barədə qərar verəcəyi ehtimalını yazmışdı. Axırı necə oldu? Oğurluqla qədim peşə nümayəndələrinin aqibəti necə olursa, “Politico” və onun kimi satqın media subyektlərinin də son aqibəti elə oldu.
“Dezinformasiya ilə Mübarizə Təlimatı”. USAID tərəfindən bu adda hazırlanan təlimat barədə indi ABŞ Dövlət Departamenti bu qeydləri diqqətə çatdırıb: “Bu, mahiyyət etibarilə, dünyanın “müstəqil” və sosial media platformaları arasından saysız-hesabsız qrant yeyənlər üçün ictimai rəyi manipulyasiya etməkdən ötrü hazırlanmış təlimatdır”. Daha sonra qeyd olunur ki, həmin təlimatından “strateji susqunluq” kimi fəal şəkildə tətbiq olunan “saxta reallıq qurma” metodunu mənimsəmək olar.
İndi “yalançını evinə kimi qovmaqda” qətiyyətli görünən Donald Tramp Administrasiyası USAID-in maliyyələşdirdiyi “cib” medialarını – haypərəst nəşrləri layiq olduqları cəzaya məhkum etdi. Bundan sonra “qaranlıq otaqda qara pişiyi tapmaq” onların borcudur...
İ.HƏSƏNQALA
XQ