Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-da yerli erməni icmasının təmsilçiləri ilə görüşündə bir müddət əvvəl İsveçrədəki erməni diasporunun nümayəndələri ilə təması zamanı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Qeyd edək ki, Nikolun İsveçrədə dilə gətirdiklərindən belə çıxmışdı ki, “erməni soyqırımı” gerçək mahiyyət daşımayan “oyun”dur.
Baş nazir Vaşinqtonda da, demək olar ki, eyni düşüncəni bölüşdü. Bundan təəccüblənənlərdən biri isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadır. Zaxarova nə deyib, bu barədə söz açacağıq. Ancaq əvvəlcə onu bildirək ki, XİN rəsmisinin reaksiyası Rusiya Prezidenti Vladimir Putinin vaxtilə ifadə etdiyi təəccübü xatırlatdı.
***
Məlum olduğu kimi, N.Paşinyan 2022-ci ilin oktyabrında Praqada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etmişdi. O, 2023-cü ilin mayında bunu bir qədər də əhatəli formada dilə gətirdi və dedi ki, rəsmi İrəvan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Nikolun fikirləri manipulyativ mahiyyət daşıyırdı və sonra yaşanan proseslər də bunu göstərdi.
Məsələn, Paşinyan 2023-cü ilin sentyabrında bildirdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Yəni Ermənistanın bölgədəki separatçı quruluşla hansısa əlaqəsi yoxdur. Nikol bu fikri elə-belədən dilə gətirməmişdi. O, prinsipcə, Qarabağdakı rejimi müdafiə etməli tərəfin Ermənistan olmadığını vurğulamışdı. Paşinyanın düşüncəsinə görə, müdafiə missiyası Rusiyaya məxsusdur.
Təkcə Paşinyan deyil, ümumiyyətlə, Ermənistan, hətta, dünya erməniliyi də hesab edirdi ki, Qarabağı məhz Rusiya qorumalı, bölgədə Azərbaycanın yurisdiksiyasının qərarlaşmasına imkan verməməli idi. Qarabağın erməni varlığına sahiblənməli tərəf kimi də Rusiya ön planda dayanırdı.
Ancaq Paşinyan iqtidarının məsələ ilə bağlı mövqeyi ikincilərdən fərqli təsir bağışlayırdı. Anti-Rusiya ovqatına köklənmiş Nikol təxminən onu deyirdi ki, Moskva Qarabağı Ermənistanda saxlaya bilirsə, saxlasın, ölkəsi bu işdə ona hansısa kömək göstərməyəcək.
Bəli, Ermənistansız Qarabağı siyasi oyun predmetinə çevirmək mümkün deyildi. Cənab Putin məhz bu səbəbdən Paşinyanın Praqada səsləndirdiyi və yuxarıda haqqında söz açdığımız bəyanatdan təəccübləndiyini vurğulamışdı. Özü də Kreml rəhbərinin təəccübünü nə vaxt ifadə etdiyinə diqqət yetirək. Putin lokal xarakterli anti-terror tədbirlərindən və Qarabağda Azərbaycanın suverenliyi tam bərpa olunandan sonra dilə gəlmişdi. Bəs necə oldu ki, o, Paşinyanın vaxtilə verdiyi bəyanata həmin bəyanatın səslənməsinin üzərindən aylar keçdikdən sonra toxundu? Cavab sadədir – 2022-ci ilin oktyabrından sonrakı bir ilədək müddətdə Qarabağda erməni separatizmi saxlanılırdı və belə bir şəraitdə Putin deməzdi ki, erməni baş nazir Praqada səhvə yol verdi.
Məsələyə başqa rakursdan da baxaraq vurğulayaq ki, Ermənistanda Qarabağ itkisinə görə Rusiyanı qınayanlar olmasaydı, çox güman, Kreml rəhbəri, necə deyərlər, “sandığı açıb pambığı tökməyəcəkdi”. Ancaq erməni tərəfin Moskvanı günahlandırmaması mümkünsüz idi. Ən azı ona görə ki, Paşinyan iqtidarı özünü buna kökləmişdi və yenə eyni ampluadadır.
V.Putinin ittihamlara cavab olaraq dəfələrlə səsləndirdiyi fikirlərdən, apardığı izahatlardan hasil olan qənaət budur ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan mahiyyət daşıyıb. Deməli, Paşinyan 2022-ci və 2023-cü illərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqla, Qarabağ uğrundakı davadan geri çəkilib. Hər halda, rəsmi Moskvanın mövqeyinin məhz bu tezisə söykəndiyi şübhəsizdir.
Əlbəttə, Rusiyanın Qarabağ ilə bağlı qurduğu oyuna sahib çıxması üçün Ermənistana ehtiyac duyulurdu. Rəsmi İrəvanın baxışı isə tam başqa idi. Paşinyan Qarabağ avantürasının davamı üçün fərqli “ssenari” müəyyənləşdirmişdi ki, istəkləri gerçəkləşmədi. Görünür, Putin əvvəlcədən durumun belə hala gələcəyini düşünübmüş. Ona görə onun təəccüblənmədiyini, daha çox qəzəb və hiddət hissi keçirdiyini söyləmək yerinə düşər. M.Zaxarovanın fikirləri də, əslində, təəccübdən yox, məhz qəzəb və hiddətdən qaynaqlanırdı.
***
N.Paşinyan Vaşinqtonda bildirib ki, “soyqırımı” illərində dəqiq nəyin baş verdiyini, ümumən, “genosid” təsəvvürünün niyə və kimlər vasitəsilə formalaşdığını anlamaq lazımdır. “Bizi idarə etmək istəyən, idarə edilən olmağımız üçün əsas aləti müstəqil şəkildə yaşaya bilməyəcəyimiz şəraiti yaratmaq olan qüvvələrin mövcud olub-olmadığını müəyyənləşdirməliyik”, – deyən baş nazirin subliminal şəkildə Rusiyanı günahlandırdığı aydındır. Qənaətimizin doğruluğunu sübut etmək üçün növbəti məqama diqqət yetirək.
Paşinyan İsveçrədə “erməni soyqırımı” məsələsinin ötən əsrin 30-cu illərində gündəmdən çıxdığını, yalnız 50-ci illərdən başlayaraq, dövriyyəyə daxil edildiyini vurğulamışdı. Səbəb çox sadədir. Türkiyə 1952-ci ildə NATO ölkəsinə çevrilmişdi. Sabiq SSRİ rəhbərliyi özünün sərhədləri yaxınlığında Alyans ölkəsinin mövcudluğuna qarşı ideoloji sipər formalaşdırmaq istəmişdi. Sovetlər İttifaqının Türkiyə ilə sərhədyanı bölgəsi Sovet Ermənistanı idi və “erməni soyqırımı” məsələsi Ankaraya qəzəb formalaşdırmaq, yaxud rəğbəti əngəlləmək naminə qaldırılmışdı. Nikolun aydınlaşdırmaq istədiyi də elə bu idi.
M.Zaxarova isə deyib: “Bilirsiniz, düzünü desəm, mən həyatımda heç vaxt gözləmirdim ki, bu məsələyə həm Ermənistan dövlətinin, həm Ermənistan xalqının, həm də bir etnik qrup kimi ermənilərin tarixən formalaşmış, tamamilə konsensus mövqeyindən fərqli yanaşılacaq. Mən heç vaxt düşünməmişdim ki, bir daha deyirəm, illər boyu formalaşmış bu möhkəm mövqe erməni icmasının daxilindən hansısa dəyişikliyə məruz qalacaq. Görürsünüz, son vaxtlar nə cür ifadələr eşidirik. Mən indi Davosdakı bəyanatlardan (Paşinyanın İsveçrədə erməni diasporunun təmsilçiləri ilə görüşü nəzərdə tutulur – red.) danışıram. Amma bu bizim üçün sual deyil. Ölkəmizin mövqeyi Dövlət Dumasının müvafiq bəyanatında (1995-ci il erməni “soyqırımının” tanınması ilə bağlı bəyanatda - red.) formalaşdırılıb ki, biz bundan mütəmadi olaraq sitat gətiririk”.
Təsəvvür edin, Ermənistanın baş naziri “erməni soyqırımı”nın qondarma mahiyyət daşıdığını bildirir, Rusiya XİN-in rəsmi nümayəndəsi isə ölkəsinin məsələ ilə bağlı mövqeyinin dəyişməyəcəyini vurğulayır. Gözlərimiz önündə hələlik Zaxarovanın baş rolda oynadığı Rusiyanın “absurd teatrı” canlanır. Məqsədimiz isə absurdizmi diqqətə çatdırmaq deyil. Durumu, müəyyən mənada, təbii qarşılayırıq. Rusiyanın erməni varlığı üçün uydurduğu Qarabağ milli identikliyi, indi isə “erməni soyqırımı” puça çıxırsa, Zaxarova başqa nə etməli, nə deməlidir? Zamanında V.Putin də Paşinyanın haqqında söz açdığımız Praqa tezislərini beləcə qarşılamışdı.
Əlbəttə, yüz fikir bir borcu ödəmədiyi kimi, indiki durumda təəccüblənmək də bir işə yaramır. Yaxşı olar ki, Rusiya yanaşmasını dəyişsin. Anlasın ki, Ermənistansız Qarabağ avantürası mövcud olmadığı kimi, “erməni soyqırımı” da mümkünsüzdür. Daha yaxşı olar ki, rəsmi Moskva Paşinyan administrasiyasının erməni varlığı üçün ortaya atdığı bütün məsələlərdən imtina yolu tutduğunu dərk etsin və erməni sevdasına son qoysun. Axı hazırda zaman da fərqlidir. Normal münasibətlərin saxlanılması üçün hansısa təfriqəçiliyə ehtiyac yoxdur.
Digər tərəfdən, həm Zaxarovanın, həm də Rusiya rəhbərliyində təmsil olunan digərlərinin, belə demək mümkünsə, rahatlıq tapmaları üçün onu da vurğulayaq ki, əslində, Paşinyan iqtidarı erməni avantürizmi baxımından aktual sayılan məsələlərdən imtina yolunu tutmur. Sadəcə, Nikol və tərəfdarları avantürizmin davamının Qərb trayektoriyasını müəyyənləşdirirlər. Kremldə bu trayektoriyanın daha həyasız mahiyyət daşıdığına da əmin ola bilərlər. Rusiyasız erməni həyasızlığı nə qədər uğur qazanacaq, ümumən uğur qazanacaqmı, hesab edirik ki, bu, tamam başqa söhbətin mövzusudur. Rusiyasız Ermənistan adlı qurama dövlətin mövcud olub-olmayacağı da həmçinin. Söhbət həm də avantürasız mövcudluqdan gedir.
Ə.CAHANGİROĞLU
XQ