Qazpaylayıcı şəbəkə “ağıllı” idarəetməyə keçir

post-img

Bu məqsədlə 480 milyon dollar vəsait xərclənəcək

Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə 480 milyon ABŞ dolları həcmində vəsait yönəldiləcək. Bunu SOCAR prezidentinin müşaviri Elçin Ağakişiyev Bakıda keçirilən “IADC Drilling Caspian 2025” qazma konfransında bildirib. O, COP29 çərçivəsində imzalanmış “ağıllı şəbəkə”nin inkişafı ilə bağlı sazişi xatırladaraq deyib ki, SOCAR-ın ən böyük aktivlərindən biri olan “Azəriqaz” qazpaylayıcı şirkəti qaz sızmalarını azaltmaq üçün süni intellektdən istifadə edəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində SOCAR ilə “Esyasoft” holdinq və “Presight” şirkətinin birgə müəssisəsi olan “IntelliGrid” arasında “Azəriqaz” İstehsalat Birliyinin bütün xidmət zonasında ən müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair saziş imzalanıb. Sənədə əsasən, qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti və real vaxt monitorinqini inteqrasiya etmək üçün “IntelliGrid”in süni intellekt imkanlarından istifadə ediləcək. Bu, qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə və ümumi əməliyyat səmərəliliyini artırmağa imkan verəcək.

İqtisadiyyat