İtin araba kölgəsini öz kölgəsi sayması

post-img

Yaxud Ermənistan ordusu barədə rekviyem əvəzi

Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin dekabrında ölkəsi üçün güclü ordunun vacibliyini bildirmiş, həmin ordunun kimə, hansı qüvvələrə qarşı döyüşməli olduğuna dair məsələ qaldırmışdı. Baş nazirin sözlərindən belə çıxmışdı ki, Ermənistan nə qədər güclü hərbi struktura sahib olsa da, qarşısındakı rəqiblər daha güclüdürlər. Heç şübhəsiz, o, Azərbaycanı və Türkiyəni nəzərdə tutmuşdu. Dünən isə Ermənistanda ordu günü qeyd edilirdi. Daha dəqiq desək, ordunun yaradılmasının 33-cü ildönümü. Bu barədə söz açacaq və mövcud müstəvidə ölkədəki, bu gün də dəyişməyən, işğalçı mahiyyətə diqqət yetirəcəyik. 

Məsəl var: it arabanın kölgəsində yatır və həmin kölgəni özününkü sayır. 44 günlük müharibədəki rüsvayçı və acınacaqlı məğlubiyyət bütün erməni miflərini darmadağın etdiyi kimi, ordunun yenilməzliyi ilə bağlı ağız köpüyünün məhsulu olan deyimləri də sıradan çıxardı. Ancaq Ermənistan sırtıq təbiətli insan kimidir. Döyürsən, öləcəyini görüb rəhm edirsən, qurtulan kimi başlayır sərsəmləməyə. Bunu sübuta yetirmək üçün ölkənin şovinist-revanşist kəsiminin ordu günü ilə bağlı bildirdiklərinə nəzər salmaq kifayətdir. Hərçənd, erməni iqtidarının təmsilçilərinin də həmin revanşist kəsimin kluarlarının “bəzəyi” sayılan tezisləri səsləndirdiklərini görmək mümkündür. Əlbəttə, bir qədər fərqli formada.

Məsələn, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryan deyib ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik olmasa da, Bakıdan səslənən bəyanatlar narahatlıq doğurur. Asryan, eyni zamanda, ölkəmizi faktiki olaraq, işğalçı adlandırıb. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri suveren Ermənistanın ərazilərində qalmaqda davam edirlər. Görəsən, o, nəyi nəzərdə tutur? Ermənistanın ərazisi haradır? Harada, hansı sənəddə, hansı ərazinin ölkəyə məxsusluğu qeyd edilib? 

Məlumdur ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası aparılmayıb. Hələ təkcə buna görə Bakını işğalçı kimi qiymətləndirmək, yumşaq desək, doğru deyil. Yaxşı olar ki, Asryan tərkibində yer aldığı hakim komandanın daha yuxarı ranqlı nümayəndələrinin “Ermənistanın ərazilərinin işğalı” ritorikasından artıq imtina etdiklərinin fərqinə varsın, ciddi olsun. Nəzərə alsın ki, sərhəd müəyyənləşməyibsə, işğaldan danışmaq boşboğazlıqdır. 

Digər tərəfdən, iki yüz ilə yaxındır, Azərbaycan və onun torpaqları hesabına formalaşmış Ermənistan arasında sərhəd müəyyənləşdirmək “yaddan çıxıb”. Yəni, torpağı ermənilərə peşkəş edənlər məsələ barədə düşünməyiblər. Bəlkə də düşünüblər və hesab ediblər ki, gün gələcək erməni varlığı nankor çıxacaq. Nankorların isə heç nəyi olmur. Çünki iddiaları yerə-göyə sığmır.

Yeri gəlmişkən, Ermənistanda ordu günü ilə bağlı Asryandan başqa danışanlar da olub və onlar iddiaları yerə-göyə sığmayanlardır. Başlayaq elə Ermənistanın ikinci prezidenti Robert Koçaryandan. Əli minlərlə dinc azərbaycanlının qanına batmış bu məxluq pafosu işə salaraq bildirib ki, erməni ordusu özündə güc və iradəni bərpa edəcək və “biz xalqımız üçün real və layiqli sülhü yaradacaq ordunu görəcəyik”. 

Xatırladaq ki, 33 il əvvəl Ermənistan ordusu işğal amili üzərində yaranmış qəsbkar qruplaşma idi. Bu qruplaşmanın formalaşma prosesi 1988-ci ildən başlamışdı və istər Koçaryan, istərsə də ölkənin üçüncü prezidenti Serj Sarkisyan mövcud istiqamətdəki “xidmətləri” ilə öyünə bilərlər və öyünürlər. Ancaq qəddarlıqları ilə öyünənlər təkcə onlar deyillər. 

Ermənistanda ordu günü ilə bağlı sərsəmləyənlərdən biri də ölkənin sabiq müdafiə naziri, hazırda parlamentin müxalif “Ermənistan” blokundan olan deputatı Seyran Ohanyandır. O  Ohanyan ki, 44 günlük müharibə zamanı Şuşaya gəlmiş, guya şəhəri müdafiə edəcəyini bildirmiş, ancaq sonra canını güc bəla ilə qurtarmış, dovşan kimi qaçmaq məcburiyyətində qalmışdı. Vətən müharibəsi günlərində Azərbaycan Ordusu sabiq müdafiə nazirinin adı ilə bağlı və keçilməzliyi haqqında miflər dolaşan “Ohanyan xətti”ni necə yarmışdısa, erməni katolikosu II Qareginin gözü kəlləsinə çıxmışdı. II Qaregini nə üçün xatırladığımıza aydınlıq gətirəcəyik.

Əlqərəz, S.Ohanyan erməni ordusuna xitabən bildirib ki, “siz erməni xalqı üçün taleyüklü və ağır şəraitdə formalaşdınız və müstəqilliyimiz uğrunda mübarizədə Ermənistan-Qarabağ-Diaspor üçlüyü sayəsində qalib gəldiniz”. Göründüyü kimi, sabiq nazir də işğalçılığın erməni ordusunun yaranmasında başlıca motiv olduğunu vurğulayıb və deyib: “Şübhə etməsinlər ki, düşmən bizim zərbəmizin gücünü bir daha görəcək”.

Bəli, Ohanyanın, belə demək mümkünsə, revanşist idrarçılıqla məşğul olduğu ortadadır. Lakin Ermənistanda eyni davranışı həyat amalı seçənlərin sayı-hesabı yoxdur və bu faşist düşüncəli məxluqların mövcudluqları ölkəni Cənubi Qafqazda potensial təhlükə mənbəyinə çevirir. Ermənistanın region üçün təhdid parametrini müəyyənləşdirən daha bir amil isə erməni kilsəsidir. II Qareginin adını məhz bu səbəbdən çəkdik. Məsələ ondadır ki, II Qaregin də Koçaryan və Ohanyan kimi ucuz pupulizm “qusub”. O, erməni ordusunun güclənməsinin vacibliyindən dəm vurub. “Bu gün ölkəmizin üzləşdiyi ciddi təhlükəsizlik çağırışları kontekstində ordumuzun mümkün qədər gücləndirilməsi son dərəcə vacibdir”, - deyən II Qaregin erməni kilsəsinin Cənubi Qafqazda xalqlar arasında ədavətin qızışdırılması ənənəsinin daşıyıcısı olduğunu yenidən sübuta yetirir.

Əlbəttə, ordu günü ilə bağlı Ermənistanda səslənmiş sərsəm fikirlərin digər aspektlərinə də nəzər salmaq mümkündür. Ancaq buna ehtiyac duymuruq. Sonda əvvəldə diqqətə çatdırdığımız el misalına qayıtmaq istərdik. Hər kəsə yaxşı məlumdur ki, Qarabağın və digər ərazilərimizin işğalı Ermənistan ordusunun şücaətinin məhsulu deyildi. Əvvəla, 1991-1993-cü illərdə ölkəmizdə hərc-mərclik və xaos baş alıb gedirdi, ikincisi isə ermənilərə rus ordusu kömək edirdi. Nəinki kömək edirdi, onların yerinə mübarizə aparırdı. Fikrimizi məşhur rus jurnalist Aleksandr Nevzorovun xatirələri də təsdiqləyir. Nevzorov Birinci Qarabağ müharibəsi zamanı Goranboy taborunun nə üçün məğlubiyyətə uğradıldığı səbəbini ermənilərin tərəfində Pskov xüsusi təyinatlılarının döyüşmələri ilə əsaslandırmışdı. Xocalıda Rusiyanın 366-cı motoatıcı diviziyasının günahsız insanların qanına-qaltan edilmələrindəki “xidmətləri” isə ayrıca mövzudur. Yəni, bu gün erməni ordusu barədə danışan ağzıköpüklülər itin hansı arabanın altında yatdığını, müvafiq surətdə hansı kölgəni öz kölgələri hesab etdiklərini unutmasınlar.

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət