Konstitusiya Məhkəməsinin hesabat iclası

post-img

Dünən Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Aparatının 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Fərhad Abdullayev bildirib ki, Azərbaycan Prezidentinin 2024-cü il tarixli 28 dekabr sərəncamı ilə ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Qeyd edilib ki, bu sərəncamı rəhbər tutaraq Konstitusiya Məhkəməsi bu il bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur. 

Bildirilib ki, ötən il daxil olmuş Ali Məhkəmənin, Baş Prokurorluğun və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların konstitusiya şikayətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir sıra mühüm qərarlar qəbul edib.   

Hesabat ili ərzində Konstitusiya Məhkəməsinə, ümumilikdə, 2 min 49 ərizə və konstitusiya şikayəti (859 ərizə və konstitusiya şikayəti onlayn qaydada) daxil olub. Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Digər məsələlər üzrə konstitusiya şikayətləri müvafiq açıqlamalarla aidiyyəti orqanlara göndərilib və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə imtina edilib.

Vurğulanıb ki, 2024-cü ilin mühüm hadisələrindən biri fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi olub. Bununla bağlı fevralın 13-də Konstitusiya Məhkəməsində növbədənkənar Prezident seçkilərinin nəticələrinin rəsmən elan olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

Sədr qeyd edib ki, Konstitusiya Məhkəməsinin Plenumu ötən il iyunun 27-də Azərbaycan Prezidentinin Milli Məclisin 2024-cü il 21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxıb. Sonra sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələri Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən təsdiqlənib.  

Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin nümayəndələri COP29 çərçivəsində keçirilmiş konfrans və seminarlarda da iştirak ediblər. Ötən il sentyabrın 18-20-də Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent İnstitutlar Assosiasiyasının 6-cı Konqresində Konstitusiya Məhkəməsinin nümayəndə heyəti iştirak edib. 

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.

Sədr yekunda diqqətə çatdırıb ki, Konstitusiya Məhkəməsi müəllifi Ulu öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.

Hesabat iclasının sonunda Fərhad Abdullayev 2024-cü ildə görülmüş işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, bu il Konstitusiyanın qəbul olunmasının 30 illik yubileyi ilə bağlı beynəlxalq konfransın və digər tədbirlərin keçirilməsi ilə əlaqədar təşkilati işlərin başlanması üçün müvafiq tapşırıqlar verib. 

XQ

 

Son xəbərlər