Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti
Bir qrup beynəlxalq hüquq-müdafiə təşkilatı yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasına müraciət edərək, Azərbaycanın bu qurumda səlahiyyətlərini bərpa etməməyə çağırıblar. Müraciət müəllifləri hesab edirlər ki, Assambleyanın 2025-ci il yanvar sessiyası çərçivəsində Azərbaycanın üzvlüyü kontekstində yeni ölçü meyarları hazırlanmalı, ölkəmiz qarşısında əlahiddə şərtlər qoyulmalıdır. Azərbaycan bu şərtləri qəbul etməzsə, üzvlüyün bərpası təxirə salınmalıdır.
Müraciəti “Human Rights Watch”, “Freedom Now”, İnsan Hüquqları Evləri Fondu, Jurnalistləri Müdafiəsi Komitəsi, Beynəlxalq İnsan Hüquqları Federasiyası, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi və İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı imzalayıblar.
Adıçəkilən təşkilatlar Azərbaycan əleyhinə son fəaliyyətlərini AŞPA-ya müraciət ünvanlamaqla bitirməyiblər. İstəklərinə nail olmaq üçün çoxşaxəli kampaniyaya başlayıblar. Prosesə yeni elementlər qatmaqla, onu bütün həftə boyunca davam etdiriblər. Məsələn, “Human Rights Watch” təşkilatı “2024-cü ildə dünyada insan hüquqları sahəsində vəziyyət”lə bağlı illik hesabatını ötən həftə dərc edib. Hesabatın Azərbaycana aid hissəsində ölkəmizə qarşı qondarma ittihamlara yer verib. HRW öz hesabatını bu təşkilatların AŞPA-ya ünvanladığı müraciətə uyğunlaşdırıb. Sinxron hərəkətlər etməklə beynəlxalq ictimai rəyi çaşdırmağa, ölkəmiz haqqında neqativ imic formalaşdırmağa, yekun olaraq Azərbaycanın AŞPA-da üzvlüyü ilə bağlı qərara təsir göstərməyə təşəbbüs edib.
“Human Rights Watch” öz hesabatını “insan haqlarının müdafiəsi” adı ilə pərdələyir. Guya ki, Azərbaycanda insan haqlarının qorunması yönündə töhfələr vermək istəyir. Reallıqda isə bu mövzunu manipulyasiya edir, fərqli məqsədlər güdür. Məsələn, hesabatın başlanğıcında “məhkəmə araşdırmasına cəlb edilmiş QHT və KİV təmsilçiləri” mövzusuna toxunur. Amma bu sırada Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, Azərbaycan əleyhinə fəaliyyətdə şübhəli bilinərək istintaqa cəlb edilmiş şəxslərin də məsələsini qaldırır. “İstintaq prosesinin gedişində onların hüquqlarının pozulduğunu” iddia edir. Azərbaycan əleyhinə təbliğata qoşulmuş, “erməni şəbəkəsi”nin təsirinə düşərək ölkəmizə qarşı təxribatçı əməllər törətmiş şəxslərin əsl günahlarının üzərindən keçir. “İstintaq prosesində hüquq pozuntuları” kontekstində faktlar uydurmaqla, onların fəaliyyətinə haqq qazandırmağa çalışır. “İnsan haqlarının qorunması” adı ilə bu şəxslərin müdafiəsini təşkil edir.
Əslində, HRW-nin fəaliyyəti həmişə belə ziddiyyətli, anlaşılmaz olub. Diqqətli oxucular xatırlayar: təşkilat 2020-ci il üzrə hesabatını açıqlayarkən, orada “II Qarabağ müharibəsinin doğurduğu nəticələr”ə də yer ayırmışdı. II Qarabağ müharibəsi barədə elə təsvir vermişdi ki, sanki Azərbaycan işğal altında olan ərazilərini azad etməyib. Əksinə, Ermənistana hücum edərək onun torpaqlarını ələ keçirib. Hesabatda qeyd olunurdu ki, “müharibənin gedişində Ermənistan tərəfində azı 71, Azərbaycan tərəfində isə 54 məktəb dağıdılıb”.
HRW ekspertləri Ermənistanı haqlı çıxarmaq, Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün hər fürsətdən faydalanıblar. II Qarabağ savaşından sonra hazırladıqları bütün hesabatlarda bu tendensiya xüsusilə qabarıq görünüb. Onlar Azərbaycan Silahlı Qüvvələrini “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyduğu üçün” qınayıblar. Həmçinin “..erməni mülki şəxslərə, hətta yaşlı insanlara, uşaqlara qarşı işgəncə törətdiklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə görə..” ittiham ediblər. Bu kontekstdən yanaşsaq, HRW AŞPA-ya müraciət edib Azərbaycanın üzvlüyünü bərpa etməməyə çağıran təşkilatların sırasında görünməsi təəccüb doğurmaz.
Təkcə “Human Rights Watch” təşkilatı deyil, Azərbaycan əleyhinə AŞPA-ya müraciət ünvanlamış təşkilatların hər birinin fəaliyyəti bu cür nüanslarla doludur. Məsələn, mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən Jurnalistləri Müdafiə Komitəsi adından da göründüyü kimi, jurnalistlərin hüquqlarını qorumalı olan beynəlxalq təşkilatdır. Amma bu təşkilat Azərbaycan jurnalistlərinin hüquqlarının pozulduğunu göstərən real faktların heç birinə ciddi reaksiya verməyib. O, I və II Qarabağ savaşı dövründə Ermənistanın işğalçılıq siyasətinin qurbanına çevrilmiş Azərbaycan jurnalistlərinin problemlərinə heç zaman münasibət bildirməyib. Məlumat üçün qeyd edək ki, 1990-cı illərin əvvəllərindən başlayaraq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Qarabağ regionunda və ona bitişik rayonlarda əvvəlcədən fəaliyyət göstərmiş 9 qəzet, 1 Televiziya redaksiyası tamamilə dağıdılıb. Həmçinin, bu redaksiyalarda çalışmış 85 nəfər jurnalist, 37 nəfər texniki işçi məcburi köçkünə, qaçqına çevrilib, fəaliyyətlərində ciddi problemlər yaranıb. 11 nəfər azərbaycanlı jurnalist şəhid olub, 8 nəfər ağır fiziki xəsarətlər alıb. 2020-ci ilə qədər bu redaksiyaların, jurnalistlərin hüquqları bərpa olunmamış qalıb. KPJ-nin saytına baxsanız, həmin redaksiyalar və jurnalistlər barədə bircə cümlə informasiya görməzsiniz. Onların hüquqlarının bərpası, haqlarının tanınması yönündə KPJ-nin hər hansı bir fəaliyyətinə rast gəlməzsiniz. Bu cinayətləri törətdiyinə görə, Ermənistan tərəfinin qınanması faktına rastlaşmazsınız. Real faktların üzərindən keçən KPJ əvəzində həmişə Azərbaycana qarşı hücumda olub, qondarma faktlara əsaslanaraq, yanlış bəyanatlar verərək, ölkəmizin adını ləkələməyə çalışıb.
Bu cür tendensiyalı davranışların səbəbləri vardır. KPJ kimi təşkilatlar müstəqil qurumlar deyillər. Onlar özlərini “müstəqil beynəlxalq təşkilatlar” adlandırsalar da, Qərb siyasi mərkəzlərinin, böyük dövlətlərin, həmçinin, “erməni şəbəkəsinin” əlində alətə çevriliblər. ABŞ, Avropa İttifaqı hansı ölkəni hədəfə alıb hücum edirlərsə, KPJ və digər dırnaqarası təşkilatlar da müxtəlif formalı bəyanatlar verərək həmin dövlətləri ləkələməyə çalışırlar. KPJ və digər 9 təşkilatın imzası ilə Avropa Şurasına göndərilən bəyanat da bu xarakterdədir. Belə davranış beynəlxalq təşkilata yaraşmayan hərəkətdir.