Lukaşenko Paşinyanı Qarabağa görə danlayırsa…

post-img

…Ermənistan nəticə çıxarmalıdır

Yenidən ölkəsində dövlət başçısı seçilmiş Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistan əleyhinə tezislərinə bir neçə aspektdən yanaşmaq mümkündür. Bizim üçün ən vacib olan məqamı sonda diqqətə çatdıracağıq. Hələlik isə Belarus liderinin rəsmi İrəvana ittiham üslubunda ünvanlanmış, belə demək mümkünsə, flört məntiqinin bəzi detallarına və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bildirdiklərinə nəzər salaq. 

Beləliklə, A.Lukaşenko, ilk növbədə, Ermənistan iqtidarının təmsilçilərinin Avropa İttifaqı ilə hazırkı əlaqələrinə toxunub. Bunu “flört” adlandıran və təhlükəli oyun kimi qələmə verən Belarus Prezidenti haqlıdır. O anlamda ki, Aİ Rusiyanın sərhədlərinə yaxın lövbər salmaq, ikincinin ənənəvi və tarixi təsir zonalarında üstünlüyə yiyələnmək niyyətindədir. Ermənistan isə bu oyunda yalnız peşkadır. Lukaşenko yaxşı bilir ki, oyunda qurban verilən da məhz peşkalardır. Ona görə də o baş nazir Nikol Paşinyanı nəzərdə tutaraq deyir: “Onu orada sakitləşdirin. Ermənistanı məhv edəcək. O, həm də Rusiyanı özünə qarşı qoyur”. 

Bəli, Rusiyanı “özünə qarşı qoymaq”. Növbəti məqam Lukaşenkonun dili ilə desək, Ermənistanın “düşmənlərlə əhatə olunması”dır. Birinci məqamı anladıq. Çünki rəsmi İrəvan, həqiqətən, anti-Rusiya siyasəti gerçəkləşdirir. Ancaq Lukaşenkonun haqqında söz açdığı ikinci məsələ təəccüblüdür. Çünki Ermənistanla heç bir qonşusu düşmənçilik etməyib. Əgər düşmən obrazında təqdim olunan Azərbaycan və Türkiyədirsə, Ermənistan konstitusiyasının istinad etdiyi İstiqlaliyyət Bəyannaməsi hər şeyi deyir. Yəni ölkənin hər iki qonşusuna ərazi iddiası irəli sürdüyünü və bu iddianın hələ də qüvvədə qalmasını. 

Gürcüstana gəlincə, erməni avantürizminin oradakı Axalkələk adlı separatçı təmayülünün mövcudluğu sirr deyil. Yerdə qalır İran. Nəzərə alaq ki, tipik erməni baxışında ermənilərin yaşadıqları bütün ərazilərə iddia sərsəmliyi var. Tam mümkündür ki, bu “baxışın” sahibləri nə zamansa özlərinin İrandan köçürüldüyünü bildirib oranı da tarixi vətən saysınlar. Nə desən mümkündür... 

Ancaq hesab etmirik ki, cənab Lukaşenko bunları bilmir. Bilir, sadəcə, o, duruma klassik erməni baxışı müstəvisindən yanaşır. Yəni, demək istəyir ki, Ermənistanın qonşularına qarşı düşmənçiliyi aradan qalxmayıb. Ola bilər, o, iddianı aktual saxlamağın yolunun Aİ yox, Rusiya olduğunu vurğulayır. Ermənistanın kiçik ərazi, əhalisinin az olduğunu xatırladan Belarus lideri ölkənin hazırkı potensialının düşmən saydığı qüvvələrə qarşı mübarizəsini mümkünsüzə çevirdiyi mesajını verir. Eyni zamanda, demək istəyir ki, Aİ, ümumilikdə Qərb erməni avantürizmini dəstəkləmək gücündə deyil. 

Məsələ ondadır ki, rəsmi İrəvan yalnız Belarus Prezidentinin deyil, ümumən heç bir kənar oyunçunun fərqli tərzdə, yəni pozitiv düşünməsi üçün hansısa əsas formalaşdırmayıb. Sadəcə, Paşinyan erməni avantürizminin Qərb seqmentini işə salıb, vəssalam. Mövcud səbəbdən də Lukaşenkonun “Biz Qafqazda müharibəyə icazə verə bilmərik” şəklində fikir bildirməsi daha çox, Rusiya-Belarus ittifaqının Qafqazda Qərbyönümlü erməni avantürizminə imkan tanımayacağı kimi səslənməkdədir. Başqa sözlə desək, onun fikrincə, Kremlsiz erməni avantürizminə yol yoxdur və bu perspektivi düşünənlər Ermənistan dövlətini məhvə sürükləyirlər. Deməli, Rusiya Prezidenti Vladimir Putin düşüncələrində səmimi imiş. Nə mənada səmimi imiş, məsələyə aydınlıq gətirəcəyik. Hələlik, Qarabağ avantürasının müasir Ermənistan dövlətinin ideoloji xəttini, mövcudluq parametrini müəyyənləşdirməsi amilini bir kənara yazaq ki, diqqətdə qalsın. 

***

A.Lukaşenko erməni iqtidarının özünə qarşı “küskünlüyündən” də söz açıb. Məlumdur ki, xüsusən 44 günlük müharibədən sonra Ermənistanın baş naziri N.Paşinyanla Belarus liderinin, necə deyərlər, ulduzları qovuşmur. İkincinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 2022-ci ilin noyabrında İrəvanda keçirilmiş iclası zamanı birincini danladığı hər kəsin yaxşı xatirindədir. 

Həmin vaxt Paşinyan çalışmışdı ki, KTMT ölkəsinin Azərbaycanla sentyabrda yaşanmış sərhəd eskalasiyasına siyasi qiymət versin, daha doğrusu, ölkəmizi işğalçı qismində tanısın. Nikol V.Putinin də qatıldığı sammit zamanı bir neçə dəfə məsələnin üzərinə gəlmişdi. Vəziyyətin isterik hal aldığını görən Lukaşenko isə bildirmişdi ki, Paşinyan KTMT-yə üzv dövlətlərin rəhbərlərini uşaq yerinə qoymamalıdır. O, erməni baş nazirə, son dərəcə amiranə tərzdə, problemi Azərbaycanla danışıqlar yolu ilə həll etməyin vacibliyini məsləhət görmüşdü. 

N.Paşinyan iqtidarının A.Lukaşenkoya qarşı hiddəti özünün pik həddinə 2024-cü ilin mayında çatmışdı. Həmin vaxt Azərbaycana səfər gerçəkləşdirmiş Belarus lideri Şuşada olarkən, Azərbaycanın 44 günlük müharibədəki Zəfərini yüksək qiymətləndirmişdi. Bu, Ermənistanda, xüsusən ölkənin şovinist və revanşist kəsimində qəzəb doğurmuşdu. Paşinyan isə həmin qəzəbə adekvat davranmış və bəyan etmişdi ki, A.Lukaşenko Belarusda Prezident olduğu müddətdə ölkəyə səfərə getməyəcək, heç bir erməni rəsmisinin bunu etməsinə icazə verməyəcək. 

Paşinyan anti-Lukaşenko mövqeyini növbəti dəfə Avrasiya İqtisadi İttifaqının ötən ilin sonunda Sankt-Peterburqda reallaşmış yüksək səviyyəli toplantısı zamanı nümayiş etdirmişdi. Məsələ bundadır ki, quruma Ermənistandan sonra rotasiya qaydasındakı sədrlik Belarusa keçirdi. Təşkilatın isə ildə iki toplantısı olur. Lukaşenko may tədbirinin Minskdə təşkilini təklif etdi. Paşinyan isə Ermənistanın yığıncaqda yalnız onlayn formatda iştirakının mümkünlüyünü açıqladı. Bundan sonra Luşakenko ilə Paşinyan arasında kiçik söz davası oldu. 

Birinci atmacalı şəkildə bildirdi ki, əgər çətinlik varsa, yol uzaqdırsa, erməni nümayəndə heyətini Belarusa gətirmək imkanındadır. Nikol iclasdakı mövqeyini əvvəllər də səsləndirdiyini deyəndə, Lukaşenko İrəvanın onlayn formada iştirak ərizəsinə baxılacağını bildirdi. Paşinyan isə dedi ki, ölkəsinin ərizəsi yoxdur, buna görə də baxılacaq heç nə ola bilməz. Belarus lideri yenidən məsxərəyə keçərək, onlayn formatla qoşulma zamanı televizorda problemlərin çıxa bilmə ehtimalı üzərində dayandı. Paşinyan bunu da cavabsız qoymayaraq bildirdi ki, Belarusda televizorla bağlı da problemlərin olduğunu bilmirdi. Təxminən belə: ölkədə çətinliklər çoxdursa, televizorların işləməməsi onlardan daha biridirsə, ediləcək heç nə yoxdur. Yəni erməni nümayəndə heyəti Aİİ-nin Belarusdakı iclasında heç onlayn formatda da iştirak etməyəcək.  

***

Ancaq hazırda Lukaşenko atmaca ritorikasını kənara qoyub ciddi şəkildə bildirib ki, Ermənistanda ondan Azərbaycanı dəstəklədiyi üçün inciyirlər. “Mən həmişə sağlam düşüncəni dəstəkləmişəm. İstəməmişəm ki, müharibə olsun. Bir-birimizlə vuruşmayaq”, - deyən Belarus lideri, eyni zamanda, vaxtilə Azərbaycan və Ermənistan liderləri arasında, faktiki olaraq, vasitəçilik funksiyasını yerinə yetirdiyini diqqətə çatdırıb və əlavə edib ki, “ərazi mübahisəsinin sülh yolu ilə həllini asanlaşdırmağa çalışıb”. 

Lukaşenkonun Azərbaycan Prezidentinin “iqtisadi əməkdaşlıq və investisiya” yolu ilə problemin aradan qaldırılması niyyətinə dair bildirdiklərinə, o cümlədən, “Əliyevin Ermənistanla döyüşmək məqsədi belə yox idi” söyləməsinə gəlincə, məlumdur ki, dövlətimizin başçısı artıq tarixdə qalmış Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını hər zaman vurğulayıb. Amma, eyni zamanda, qətiyyətlə bildirib ki, Azərbaycan haqqı olanı əldə etmək üçün istənilən vasitəyə, o cümlədən güc yoluna üstünlük verəcək. 

Bəli, Lukaşenko fikrini ölkəmizin rəhbərliyinin sağlam düşüncəyə üstünlük verməsi fonunda səsləndirir və bunu təqdir edir. Ona görə də Belarus liderinin açıq danışmasındakı hansısa məqam ümumi kontekstdən çıxarılmamalıdır. Nəzərə alınmalıdır ki, o, erməni iqtidarının incikliyinin doğru olmadığını əsaslandırmaq istəyib və belə qənaətə gəlib ki, Azərbaycanın təkliflərini qəbul etməyən Ermənistanın uğursuzluqla üzləşməsi ölkənin öz günahı idi, başqa günahkarlar axtarmağa ehtiyac yoxdur: “Baş verənlər Ermənistan rəhbərliyinin günahıdır. Bu, yalnız onların günahıdır”.

***

İndi isə əvvəldə anons etdiyimiz bizim üçün ən vacib məqama və Prezident Vladimir Putini nəyə görə səmimi saydığımıza aydınlıq gətirək. Söhbət özünəxas səmimiyyətdən gedir. Məlumdur ki, Rusiya lideri bir neçə dəfə bildirib ki, Ermənistanın baş naziri 2022-ci ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağdan imtina edib. O da məlumdur ki, Nikol 2023-cü ilin yayında Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlüyünü tanıdığını deyib. Düşünmək olardı ki, V.Putin bu fikri Ermənistanın Moskvanın İrəvanı köməksiz qoyması ilə bağlı iddialarının əsassızlığını göstərmək üçün ortaya atıb, başqa hansısa məqsəd güdməyib. Axı o, özü dəfələrlə Qarabağın beynəlxalq hüquq nöqteyi-nəzərdən ölkəmizə məxsusluğunu vurğulayıb. 

İndi Belarus lideri 2022-ci ildə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra Rusiya Prezidenti ilə telefon söhbətini yada salır. Sən demə, Putin və Lukaşenko Nikolun mövqeyindən, həqiqətən, təəccübləniblərmiş. Deməli, onların düşüncələrinə görə, Paşinyan belə bir addımı atmamalı idi. Atıbsa, “özü Dağlıq Qarabağdan imtina edib”. Belarus liderinin təəccüblü fikri isə Azərbaycanın Qarabağın Ermənistanın ciddi təsir göstərəcəyi ərazi olması ilə razılaşdığını dilə gətirməsidir. Görəsən, rəsmi Bakı nəyə razılaşıb?

Hesab edirik ki, Lukaşenkonun bu yanaşması qəribədir. Deməli, Moskva ikili oyun oynayırmış, Qarabağ probleminin aktual qalmasının tərəfdarı olubmuş. Görünür, bu, Belarus liderinə də yaxşı məlumdur. Ona görə də Paşinyanın Praqa tezisləri Rusiya və Belarus rəhbərlərini təəccübləndiribmiş. Həm də o səbəbdən ki, Nikol Kremlin Cənubi Qafqaz müstəvisində oynadığı böyük oyunu pozub. A.Lukaşenkonun söylədikləri bu cür düşünməyə əsas verir.

Əlbəttə, Ermənistanda bütün bəlalara görə Rusiyanı günahlandırmaq ritorikası var. Bu ritorika indi də aktuallığını qoruyur. Həm Rusiya, həm də Belarus liderinin qəbul etmədiyi bir məqam var ki, bu, Qarabağ avantürasının nə üçün Kremlin egidasından çıxarılaraq Qərbə verilməsidir. Paşinyanın həm Putinin, həm də Lukaşenkonun nəzərindəki ən bağışlanılmaz səhvi budur. Hər ikisi ona görə haqlıdır ki, belə bir səhvdən sonra rəsmi İrəvan Moskvanı nədəsə ittiham etməməlidir. Mövcud trayektoriyadakı yolverilməzliyə gəlincə, Qarabağın hansısa şəkildə Ermənistan bağının olmasına siyasi sərmayə yatırmağın adı qeyri-səmimilikdir. 

***

Sonda bildirək ki, Azərbaycan rəhbərliyi heç vaxt Qarabağ üzərində ölkəmizin yurisdiksiyanı şübhələndirən hansısa addım atmayıb. Digər tərəfdən, Praqada və Brüsseldə Azərbaycanın Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyan erməni ordu birləşmələrini ərazidən çıxarmaq istəmirdi.  Nikol 2023-cü ilin sentyabrında “Qarabağın özünün seçkili hakimiyyəti var” fikrini səsləndirmişdi. Başqa bir yandan, rəsmi İrəvan istər 44 günlük müharibədən, istərsə də lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ erməniləri üçün beynəlxalq təminat məsələsini gündəmdə saxlamışdı. Hər halda, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq belə olmur. 

Cənab Lukaşenko çox güman onu da bilir ki, hazırda rəsmi İrəvan Azərbaycanın tələbini yerinə yetirib Ermənistan Konstitusiyasında dəyişiklik etmək, əsas qanunla qonşulara ərazi iddiası məntiqinə söykənmiş İstiqlaliyyət Bəyannaməsi arasındakı bağı aradan qaldırmaq istəmir. Əvvəldə də bildirdiyimiz kimi, erməni avantürizminin Qərb seqmenti aktualdır. Bəli, Belarus lideri ona görə haqlıdır ki, bu seqmentin və təhlükəli oyununun Ermənistanı bir dövlət kimi yox etmək təmayülü var. Elə bir təmayül ki, Kreml bunun qarşısında nə isə edə bilməz. Elə indiyədək də heç nə edə bilməyib. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət