Azərbaycan ilə Bosniya və Herseqovina arasında əməkdaşlığa dair müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev bu ölkədə iki inzibati vahiddən biri olan Serbska Respublikasının Prezidenti Milorad Dodikin dəvəti ilə Banya-Luka şəhərində səfər edib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü, hazırda sədrlik səlahiyyətlərini yerinə yetirən xanım Jelka Tsviyanoviçin iştirakı ilə Vilayət Quliyevlə geniş tərkibdə görüş keçirilib.
Görüşdə Bosniya və Herseqovina, xüsusən də Serbska Respublikası ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələsi müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyevlə ötən ilin oktyabrında Kazanda keçirilən BRICS Sammiti çərçivəsində görüşdüyünü xatırladan Milorad Dodik ölkəmizin son illərdə qazandığı uğurların, beynəlxalq miqyasda artan nüfuzunun və rolunun, eləcə də böyük uğurla keçirilən COP29 sammitinin Serbska Respublikasında məmnunluqla qarşılandığını vurğulayıb. Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini deyən Milorad Dodik ölkəmizin iş adamlarını və biznes dairələrini daha geniş əməkdaşlığa dəvət edib.
O, Serbska Respublikasının bütün səviyyələrdə müzakirələrə açıq olduğunu və Azərbaycan biznesi üçün sərfəli şərait yaratmaq niyyətini ifadə edib. Nümunə kimi regionda uğurla fəaliyyət göstərən “AzVirt” şirkətinin təcrübəsini misal gətirib. Enerji sektoru ilə bir sırada turizm, tikinti, kənd təsərrüfatı, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar olduğunu bildirərək ölkələrimiz arasındakı qarşılıqlı inam və etimad mühitinin uğur qazanmaq üçün möhkəm zəmin yaratdığını bildirib.
COP29 sammiti günlərində işğaldan azad olunan Qarabağa, eləcə də tarixi Şuşa şəhərinə səfər etdiyini xatırladan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun postsosialist ölkələri, xüsusən də oxşar münaqişələrlə üzləşən Bosniya və Herseqovina üçün ibrətamiz örnək olduğunu bildirib. Xanım Jelka Tsviyanoviç Prezident İlham Əliyevin Qərbi Balkan regionuna diqqətinin, xüsusən də 2023-cü ilin aprelində Sarayevoya səfəri çərçivəsində imzalanmış Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlıq sazişinin bütün sahələrdə əməkdaşlıq üçün mühümlüyünü vurğulayıb.
Gündəliyə çıxarılan məsələlərə münasibət bildirən səfir Vilayət Quliyev onların həqiqətən də mühüm əhəmiyyət daşıdığını, hər iki tərəfin maraqlarına cavab verdiyini qeyd edərək ölkəmizin bütün səviyyələrdə dialoqa açıq olduğunu bildirib. Serbska Respublikasının, bütünlükdə Bosniya və Herseqovina tərəfinin xoş niyyətlərini və təkliflərini rəsmi Bakının diqqətinə çatdıracağını bildirib.
Görüş zamanı Cənubi Qafqaz regionu, eləcə də beynəlxalq miqyasda cərəyan edən proses və hadisələr ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo