İrəvan Ankaranı suçlu bilməməli, təqsiri özündə axtarmalıdır

post-img

Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti hər vəchlə Türkiyə ilə əlaqələri normallaşdırmağa çalışır. Rəsmi İrəvanın bu prosesi həyata keçirməkdə məqsədi aydındır. Hökumət üzvləri 30 ildən çoxdur Türkiyə ilə sərhədlərin bağlı qalmasının Ermənistana necə ziyan vurduğunun, baha başa gəldiyinin fərqindədir. Məhz buna görə də çalışırlar ki, sərhədlərin açılması sayəsində daxildə iqtisadi canlanmaya nail olsunlar.

Yanvarın 15-də rəhbərlik etdiyi hökumətin yaxın və uzaq qonşularla münasibətlərinə dair fikirlərini “Facebook” sosial şəbəkəsində etdiyi paylaşımda açıqlayan N.Paşinyan qeyd etmişdi ki, İrəvanın balanslaşdırılmış (?) xarici siyasəti öz praktik nəticəsini verməkdədir. Baş nazir Türkiyə ilə münasibətlər mövzusunda bildirmişdi ki, Ankara ilə aydın görünən qarşılıqlı anlaşma bazası formalaşıb.

Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avropanın təsirini necə genişləndirmək olar?” mövzusunda panel müzakirəsi zamanı çıxışında isə Paşinyan deyib ki, ölkəsi “tarazlaşdırılmış və balanslı xarici siyasət” yürütmək qərarına gəlib: “Bu o deməkdir ki, biz Avropa İttifaqı, Rusiya və regional güclərlə münasibətlərimizi balanslaşdırmağa çalışacağıq. İranla əlaqələrimiz çox önəmlidir. Biz Türkiyə ilə diplomatik əlaqələr qurmağa, Azərbaycanla sülh razılaşmasına nail olmağa çalışırıq. Bu, asan deyil. Amma digər tərəfdən, bunun mümkünsüz olduğunu da düşünmürəm. Ən əsası sülh gündəmindən kənara çıxmamalı, bir məqsəd olaraq buna diqqət yetirməli və məyus olmadan çalışmalıyıq. Amma bunun üçün əlbəttə ki, beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacımız var və ümid edirəm ki, bu dəstək veriləcək”.

Ümumiyyətlə, Ermənistandakı bütün hökumətlər hər zaman, o cümlədən Azərbaycan torpaqlarının hələ işğal altında olduğu dövrlərdə də sırf öz maraqlarını düşünərək, Türkiyə ilə əlaqələri qaydaya salmağa hazır olduqlarını bildiriblər. İşğal dövründə Ermənistanın Qərbdəki havadarları tərəfindən sərhədi açmaq üçün Ankaraya xeyli təzyiqlər də edilib. Onların məqsədi bir tərəfdən sərhədin açılması vasitəsilə Ermənistanın iqtisadi inkişafını təmin etmək idisə, digər məqsəd Azərbaycanı ən yaxın təbii müttəfiqinin dəstəyindən məhrum etmək idi. Ancaq tarixin bütün sınaqlarından üzüağ çıxan Türkiyə–Azərbaycan dostluğu-qardaşlığı hər dəfə bu oyunları poza biləcək qədər dəyanət nümayiş etdirib. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsindən sonra Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasına ölkəmizin münasibəti də, təbii ki, ayrı məzmun kəsb etməyə başlayıb. Yeri gəlmişkən, qeyd edək ki, rəsmi Ankaranın yenə də prosesi ölkəmizin maraqlarını nəzərə almaqla apardığı şəksizdir. Türkiyə hökumətinin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, Ermənistanla münasibətlərinin normallaşdırılması prosesi Azərbaycanla koordinasiya olunmuş şəkildə aparılacaq və İrəvanla Bakı arasında sülhün əldə olunmasından asılı olacaq.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hökuməti Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması istiqamətində daha fəal olmağa başladı. Bu çərçivədə 2021-ci ilin sonlarında parlament sədrinin müavini Ruben Rubinyan münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin olundu. Türkiyə də sivil dövlət kimi buna qarşılıq verdi və peşəkar diplomat Sərdar Kılıç eyni vəzifəyə təyin edildi. Onların ilk görüşü 2022-ci ilin yanvarın 14-də Moskvada keçirildi. Bundan sonra xüsusi nümayəndələrin görüşləri mütəmadi xarakter aldı. Xüsusi nümayəndələr 2024-cü il martın 1-3-də keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində görüşmüşdülər. Onların sonuncu görüşü isə həmin ilin iyulun 30-da iki ölkə sərhədində keçirilmişdi. Sonuncu görüş təkcə Türkiyə və Ermənistanda deyil, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da diqqətlə izlənilirdi. Bu da təsadüfi deyildi. Çünki Türkiyə qeyd etdiyimiz kimi, Azərbaycanın ən yaxın müttəfiqidir. Qardaş ölkə ilə əlaqələrimiz 2021-ci il iyunun 15-də imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə daha üstün səviyyəyə qalxıb. Hazırda dünyada münasibətləri bu dərəcədə sıx olan digər iki ölkə tapmaq mümkün deyil. Azərbaycan–Türkiyə münasibətləri haqlı olaraq “Bir millət, iki dövlət” düsturu ilə ifadə olunur.

Türkiyə ilə münasibətlərin normallaşması üzrə Ermənistan tərəfindən xüsusi nümayəndə, parlamentin vitse-spikeri Ruben Rubinyan dünən İrəvanda jurnalistlərə açıqlama verib. O deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanması prosesi dalana dirənməyib: “Ancaq biz böyük irəliləyiş də müşahidə etmirik və bu, bizim təqsirimiz üzündən deyil. Biz nizamlanmanın baş tutması üçün öz tərəfimizdən əlimizdən gələni etdik. Ermənistan Türkiyə ilə sərhədləri lap elə sabah açmağa, elə sabah diplomatik əlaqələr qurmağa hazırdır və bunun üçün bizim heç bir ilkin şərtimiz yoxdur. Türkiyənin siyasi iradəsi olsa (?), bu, baş verəcək”.

Xüsusi nümayədə ““Marqara” körpüsünün açılmasına nə mane olur?” sualına cavabında da ölkəsini, necə deyərlər, təmizə çıxarmağa çalışıb: “Bizim tərəfimizdən heç bir maneə yoxdur. Türkiyə tərəfindən də nəinki razılaşdırıldığı kimi “Marqara” körpüsünün, ümumiyyətlə, sərhədin açılmasına hansısa əsas olduğunu düşünmürəm. Biz hesab edirik ki, Türkiyə siyasi iradə göstərsə (?), Ermənistan–Türkiyə münasibətləri çox tez normallaşacaq. Sərdar Kılıçla sonuncu görüşümüz yayda baş tutub, ancaq telefonla daim əlaqə sax-
layırıq”.

Ancaq Rubinyanın sərhədlərin açılmasının baş tutmamasına görə Türkiyəni təqsirli bilməkdənsə, dönüb öz ölkəsinin hökumətinin əməllərinə baxması daha yax-
şı olardı. Bu bir faktdır ki, Ermənistan hazırda Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilmiş kimi görünsə də, əvvəlki iddialar qanunvericilik müstəvisində hələ də qalmaqdadır. Söhbət, təbii ki, Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinadın qalmasından gedir. Həmin istinad hələ də işğalçı siyasətə hüquqi əsas yaradır. Türkiyə ərazisində yerləşən, qardaş ölkənin beynəlxalq hüquqla tanınmış sərhədləri çərçivəsindəki Ağrı dağı isə hələ də Ermənistanın dövlət gerbində “Ararat dağı” kimi öz əksini tapmaqdadır. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından ən azı hüquqi müstəvidə əl çəkməyib. Edilən çoxsaylı çağırışlara rəğmən, İrəvan qanunvericilik müstəvisində müvafiq addımlar atmağa tələsmir.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən “World Panorama” Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova bildirdi ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində müzakirələr uzun müddətdir aparılır: “Rəsmi İrəvan hər dəfə eyni fikri təkrarlayır. Bildirir ki, hər hansı qeyd-şərt olmadan münasibətlərinn normallaşmasına razıdır. Guya, əsas məsələ Türkiyə tərəfdədir. Halbuki, bu heç də belə deyil. Ankara və İrəvan arasında münasibətlər Ermənistanın işğalçılıq siyasəti üzündən pozulub. Sərhədlərin bağlanması isə konkret olaraq 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğal edilməsindən sonra baş verib. Yəni burada yeganə müqəssir Ermənistandır. Türkiyənin rəsmi şəxsləri hər zaman bəyan ediblər ki, Ermənistanla əlaqələr yalnız İrəvanla Bakı arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacaq. Türkiyə və Azərbaycanın çağırışlarına bax-
mayaraq, Ermənistan hələ də sülh müqaviləsinin razılaşdırılmamış bəndləri üzrə irəliyə doğru addım atmaq istəmir”.

Politoloq qeyd etdi ki, bu mənada, Rubinyanın “sərhədlərin açılması Türkiyənin siyasi iradəsindən asılıdır” fikri olduqca yanlışdır. Əksinə, Ermənistan siyasi iradə göstərməli və sülh müqaviləsinin imzalanmasına mane olan məsələləri aradan qaldırmalıdır: “Türkiyənin siyasi iradəsi Azərbaycanla birgə hərəkət etməyi tələb edir. Ermənistan hökuməti Azərbaycana qarşı beynəlxalq məhkəmə instansiyalarında iddialarından kənarda durmalı, başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməlidir. Söhbət Avropa müşahidəçiləri adı altında Azərbaycanla sərhəddə NATO tərəfindən infrastruktur yaradılmasından gedir. Ermənistan tərəfi konstitusiyasını dəyişməlidir. Eyni zamanda, Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanla birgə ATƏT katibliyinə müraciət etməlidir. Bütün bunlar bir daha göstərir ki, əslində, siyasi iradə nümayiş etdirməli olan tərəf Ermənistandır”.

R.Məmmədova Ermənistan hökumətinin Qərbi azərbaycanlıların tarixi yurd yerlərinə qayıdışı məsələsində də siyasi iradə göstərməsinə ehtiyac duyulduğunu vurğuladı. Türkiyə isə Azərbaycanla sıx müzakirələr aparır, atılan hər bir addım əlaqələndirilir: “Ermənistan tərəfi bu addımları atdıqdan sonra sülh müqaviləsinin imzalanmasına heç bir əngəl qalmayacaq. Bundan sonra İrəvanla Ankara arasında da diplomatik əlaqələrin qurulması mümkün olacaq. Bir daha qeyd etmək istərdim ki, Rubinyanın haqqında danışdığı siyasi iradə və istək Ermənistandan gəlməlidir. Həm Azərbaycan, həm də Türkiyə vəziyyətin nizamlanması üçün Ermənistana bütün yolları göstəriblər. İrəvan güman edirdi ki, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra regionda hansısa həmlələr edə biləcək. Ancaq Prezident Tramp xarici yardımların ən azı 90 gün müddətinə dayandırılmasına dair qərar verdi. Bu isə o deməkdir ki, Ermənistan da ABŞ-dan yardım ala bilməyəcək. Ona görə də Ararat Mirzoyan yanvarın 21-də Moskvaya getdi və Sergey Lavrovla görüşərək Kremlin ünvanına isti jestlər etdi. Ermənistan bu gün regionda bir dövlət kimi qalıb fəaliyyət göstərə bilməsi, iqtisadi-ticari əlaqələr yaratması üçün Azərbaycanla sülh müqaviləsini imzalamalıdır ki, Türkiyə ilə də əlaqələr qura bilsin. Əks-təqdirdə İrəvan üçün çox çətin olacaq”.

Səxavət HƏMİD 
XQ

 





Siyasət