Finlandiyanın parlament sədri İrəvanda nə sərsəmləyib?
Bəzi dövlətlərin erməni təəssübündəki motivlər anlaşılandır. Məsələn, Fransanı götürək. Məlumdur ki, ölkədə böyük erməni lobbisi var və həmin lobbi bəlli təsir qüvvəsinə malikdir. Tamam, buna bir sözümüz yoxdur. Ona görə də hazırkı Fransa hakimiyyətinin ermənipərəst hədsizliyində müəyyən qanunauyğunluq və məntiq tapmağa çalışırıq. Heç nə tapmasaq, “Makron xarablayır” deyib keçirik.
Amma biz necə deyək ki, Yussi Xalla-axo ağını çıxarır? Deyəsən, ad oxucularımıza tanış gəlmədi. Qadın da deyil ki, adamı “Yusi xala” adlandıraq. Məşədi İbadın sözü olmasın, bu kişidir və Finlandiya parlamentinin spikeridir. Finlandiyada parlamentə Eduskunt deyilir. Y.Xalla-axoya spikerdən başqa nə deyildiyini də ehtimal etmək mümkündür. Bu ehtimalın ardınca gedərək arayış verək ki, cənab Xalla-axo “Təmiz finlər” Partiyasını təmsil edir və qurumun sədridir. O, ölkəsində imiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı kimi tanınır. Hesab edir ki, əcnəbilərə Finlandiya vətəndaşlığının verilməsində ciddi əngəllər olmalı, hətta vətəndaşlığı olan əcnəbilərin bundan məhrum edilməsi üçün ayrıca mexanizm işləməlidir. Bir sözlə, dəhşət. Amma, belə demək mümkünsə, axoik dəhşətizm bununla məhdudlaşmır.
Göründüyü kimi, “Təmiz finlər”in şefi anarxist baxışlıdır. Bu anarxizm özünün ən pik həddinə 2008-ci ildə çatmışdı. Həmin il Xalla-axo iddia etmişdi ki, “İslam pedofil dinidir”, “quldurluq və vergi ödəyicilərinin pulları hesabına yaşamaq” somalililərin milli və genetik xüsusiyyətidir. Siyasətçi, belə yaramaz fikirlərinə görə, ölkəsində birinci və ikinci instansiya məhkəmələri tərəfindən Cinayət Məcəlləsinin “dini asayişi pozma” maddəsi ilə təqsirli bilinmiş, cərimə cəzasına məhkum olunmuşdu. Sonradan Xalla-axo barədəki hökmə “milli ədavətin qızışdırılması” maddəsi əlavə edilmiş və cərimə məbləği artırılmışdı. Finlandiyanın Ali Məhkəməsi isə qərar vermişdi ki, siyasətçi sosial şəbəkə hesabından bəzi ifadələri silməlidir.
Onu da xatırladaq ki, Yussi Xalla-axo 2011-ci ildə partiyasının parlament fraksiyasından müvəqqəti çıxarılmışdı. Səbəb onun Yunanıstan böhranı ilə bağlı “Facebook” sosial şəbəkəsindəki paylaşımı olmuşdu ki, sonradan siyasətçi loru dildə desək, sözünü yemək məcburiyyətində qalmışdı. O, belə yazmışdı: “Yunanıstanın tətil edən işçilərini tanklarla əzmək üçün hərbi xuntaya ehtiyacı var”.
Deməli, beynəlxalq aləmdə heç kəsin yeni Hitler yetişdiyindən xəbəri olmayıbmış. Problem ondadır ki, hazırda bu faşist düşüncəli anarxist Finlandiya parlamentinin sədridir. Mənzərəyə bir qədər geniş yanaşsaq, bu Skandinaviya ölkəsinin timsalında Avropanın hansı acınacaqlı duruma düşdüyü göz önündədir. Bir halda ki, avantürist mahiyyətli psixopat dünyada insan hüquqları ilə bağlı reytinq cədvəllərinin önündə gələn bir ölkədə yüksək taleyüklü vəzifə tutur, başqa nə düşünəsən? Belə qənaətə gəlirsən ki, nəinki Finlandiyanı, bütövlükdə qitəni son dərəcə böyük fəlakət gözləyir. Fəlakətdən söz düşmüşkən, Yussi Xalla-axonun İrəvanda səsləndirdiyinə də mövcud prizmadan yanaşmaq mümkündür. Heç şübhəsiz, vaxtilə İslam dinini təhqir edən bu şəxsin dilə gətirdikləri, eyni zamanda, dini təəssübkeşlik zəminində qiymətləndirilməli olan sərsəmlikdir. Ermənistana önəm verilməsi naminə adamın dediklərinə xristian təəssübkeşliyinin, dini ayrı-seçkilik təmayülünün məhsulu kimi yanaşmaq üçün ciddi əsaslar var.
Beləliklə, Finlandiyanın anar- xist baxışlı, siyasi avantürist təbiətli parlament sədri “Sülh və demokratiya naminə birlikdə” formatı çərçivəsində İrəvanda keçirilmiş toplantıda Azərbaycana təzyiq baxımından daha fəal hərəkət etməyin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib ki, Ermənistanın istənilən növ təcavüzdən qorunmasının ən yaxşı yolu ölkənin gücləndirilməsidir. Nəinki Finlandiya, ümumən, Avropa adına rüsvayçılıq olan bu şəxsin sırf sülh və demokratiya ilə bağlı tədbirdə sərsəmləməsi təəccüblü qarşılanmamalıdır. Çünki zamanında Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə reallığını doğurmuş axmaq bəyanatlarını səsləndirərkən, “demokratiyanın qladiatoru” obrazına güvənmişdi. Elə bilmişdi ki, ağzına və ağlına gələn hər şeyi danışacaq, Qərb aləmi onun Azərbaycanı əzməsinə dəstək göstərəcək. Qərbin isə yekun nəticədə Paşinyana göstərdiyi yalnız dirsək olmuşdu. Görünür, Yussi Xalla-axo da ölkəni yeni dirsək üçün həvəsləndirməyə girişib.
Əlbəttə, Qərb və erməni havadarlarının Ermənistanı gücləndirmək naminə ölkəni silahlandırdığını bilirik. Yəni Y.Xalla-axo heç də yenilik etmir. Onu da bilirik ki, rəsmi İrəvan silahlanmanı ümumən ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətindəki tədbir kimi qələmə verir. İndi fin parlament sədri, faktiki olaraq, məsələnin Azərbaycana qarşı yönəldiyini açıqlayır. Yəni həqiqəti dilə gətirir.
Digər tərəfdən, Y.Xalla-axo Azərbaycanı təcavüzkar kimi təqdim edir. Belə təqdimat İrəvanda, yəni Ermənistanın paytaxtında baş verirsə, deməli, ölkə hakimiyyətinin sülhdən danışması boş və mənasızdır. Fin parlament sədrinin fikrini əsaslandırmaq üçün səsləndirdiyi digər tezislər də həmçinin. Nəzərə alaq ki, bu şəxs Azərbaycanla yanaşı, Türkiyənin də adını çəkir. O deyir ki, Azərbaycanda və Türkiyədə Ermənistanın qonşu dövlətlərlə normal münasibət saxlamasını arzulayan insanların olmasından əmindir. Əlbəttə, ümumən, ölkələrimiz sülh tərəfdarıdırlar və ona prinsipial yanaşırlar. Y.Xalla-axonun fikrincə isə Ankarada və Bakıda normallaşmanı istəyənlər prosesin, eyni zamanda, özlərinin uzunmüddətli maraqlarının təminatı baxımından vacibliyini anlayırlar.
Y.Xalla-axonun dediklərində Azərbaycana və Türkiyəyə ünvanlanmış müəyyən şantaj elementləri duyulur. Onun əvvəldən “Ermənistana təcavüz” məntiqini işə salması belə düşünməyə əsas verir. Bir halda ki, fin parlament sədri haqqında söz açdığı təcavüzün gerçəkləşməməsi üçün Ermənistanın dildə iqtisadi baxımdan gücləndirilməsinin, Avropaya inteqrasiya xəttinin möhkəmləndirilməsinin vacibliyinə dair çağırış səsləndirir, üstəlik, normallaşma xəttindən danışır və bu xəttin Ankaranın və Bakının maraqlarının təminatı baxımından vacibliyindən söz açır, deməli belə nəticəyə gəlmək mümkündür ki, ortada incə subliminal mesaj var: ya İrəvanla yola gedin, ya da qarşınızda güclü Ermənistan görəcəksiniz.
Faşist düşüncəli birindən ancaq belə mesaj gözləmək mümkündür. Deyəsən, Y.Xalla-axo özünü çox böyük adam sayır. Amma onun vurğuladığı bir doğru məqam var. Fin parlament sədrinin sözlərinə görə, bu konfliktdə, (Bakı ilə İrəvan arasında - red.) nə qədər çox tərəf tutulsa, bir o qədər Azərbaycana az təsir imkanı olacaq. “Əgər siz kiminsə qərarına təsir göstərmək istəyirsinizsə, o zaman ona, layiq olub-olmamasından asılı olmayaraq, hörmətlə yanaşmalısınız. Buna görə biz Ermənistanın qonşuları ilə normallaşması və tutarlı qərar çıxarılması üçün danışıqları davam etdirməliyik”.
Məsəl var ki, it qorxutmaq üçün hürür, qorxduğuna görə quyruğunu bulayır. Fin parlament sədri də təxminən bu durumdadır. Sonda isə onu deyək ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında hansısa xəyali layiqli tərəf varsa belə, həmin tərəf Finlandiya deyil. Məsələ barədə söz açmağa haqqı çatanlar mövcuddursa da, Y.Xalla-axo bu sırada heç ən sonuncu yeri də tutmur. Yaxşı olar ki, o, boyunu aşan məsələlərdən danışmasın. Y.Xalla-axo kimi faşist düşüncəli birinə soyuq Finlandiyada marallara qoşulmuş arabaya rəhbərliyi də həvalə etmək olmaz. Ancaq adam gəlib siyasi səhnədə təmsil olunur, üstəlik, partiyaya başçılıq edib ölkə parlamentinin sədri postunu tutursa, bundan böyük biabırçılıq yoxdur.
Ə.CAHANGİROĞLU
XQ