Türkiyə Ədalət Müdafiəçiləri Assosiasiyasının Strateji Araşdırmalar Mərkəzinin vitse-prezidenti, tanınmış ekspert Ersan Ergür mediaya açıqılamasında Zəngəzur dəhlizinin açılmasının region ölkələri arasında iqtisadi əməkdaşlığa necə təsir edəcəyinə, Orta Dəhliz marşrutunda hansı rolu oynayacağna geniş aydınlıq gətirib:
– Zəngəzur dəhlizinin açılması Orta Dəhliz kontekstində mühüm rol oynayaraq iqtisadiyyata əhəmiyyətli təsir göstərəcək və region ölkələri arasında əməkdaşlığı gücləndirəcək. Çinin qlobal iqtisadiyyatda öz təsirini göstərmək üçün hazırladığı Yeni İpək yolu təkcə Çində deyil, həm də yeni ticarət yollarının keçdiyi ölkələrin iqtisadi inkişafına təkan verəcək.
Bu baxımdan Orta Dəhliz və onun əsas komponenti olan Zəngəzur dəhlizi Türkiyə ilə Avropa ölkələri arasında fasiləsiz əlaqəni təmin edir. Hazırkı mərhələdə Zəngəzur dəhlizinə qoşulan Orta Dəhlizdən D-8-ə üzv ölkələrin, eləcə də regionun müsəlman ölkələrinin, xüsusilə Türk Dövlətləri Təşkilatının iqtisadi fayda əldə edəcəyini proqnozlaşdırmaq olar.
İndi Türkiyə üzərindən Orta və Cənubi Asiya ölkələri ilə tikiləcək ticarət körpüsü həm özümüz üçün qarşılıqlı fayda prinsipinə xidmət edəcək, həm də ötən əsrdə bizi istismar etmək istəyən dövlətlərin qarşısında sədd olacaq. Bu dəhliz boyu yaradılacaq dəmir yolu daşıma marşrutunun iqtisadi töhfəsi qiymətləndirildikdən sonra Zəngəzur dəhlizinin əhəmiyyəti daha aydın görünəcək.
Zəngəzur dəhlizinin iqtisadi potensialının perspektivlərindən söz açan ekspert deyib:
– Zəngəzur dəhlizi, ilk növbədə, Azərbaycan və Türkiyə iqtisadiyyatlarına müsbət töhfə verəcək. Türkiyənin TDT ilə inkişaf etdirmək istədiyi sənayeləşmə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlıq daha aktiv və təhlükəsiz şəkildə həyata keçirilə bilər. Təbii ki, sadəcə Zəngəzur dəhlizinin istifadəyə verilməsi kifayət etməyəcək. Xüsusilə, müvafiq avtomobil və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə də diqqət yetirilməlidir.
Türkiyə SSRİ-nin dağılmasından sonra Orta Asiyanın türk dövlətləri ilə həmişə iqtisadi və siyasi əlaqələri inkişaf etdirməyə çalışıb. Beləliklə, Zəngəzur dəhlizi tarixi fürsəti, məqsədi reallaşdırmağa imkan verəcək. TDT üzvü olan ölkələr, eləcə də D-8 ölkələri ilə əlaqələrin inkişafına strateji imkanlar yaranacaq. Bu dəhliz Türkiyə üçün qlobal iqtisadi və siyasi müstəvidə son dərəcə əlverişli mövqenin formalaşmasına töhfə verəcək.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına istinad edən Ersan Ergür qeyd edib ki, Çindən Avropaya gedən 10 milyon konteynerin 96 faizi dəniz yolu ilə, qalan 4 faizi isə Şimal dəhlizi adlanan Trans-Sibir dəmir yolu ilə daşınır:
– Orta Dəhliz Avropa və Asiya arasında Şimal dəhlizindən daha sürətli və daha iqtisadi səmərəli ticarət yoluna çevrilir. Orta Dəhliz, Türkiyənin liman əlaqələri sayəsində Çin və Mərkəzi Asiyadan Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi regionuna kommersiya daşımaları üçün əhəmiyyətli imkanlar təqdim edir. Zəngəzur dəhlizini Çindən Avropaya kommersiya marşrutu hesab etsək, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın, Azərbaycanın, Gürcüstanın bu layihədən müsbət faydalanacağını görə bilərik. Dənizə çıxışı olmayan Əfqanıstanın Zəngəzur və Orta Dəhlizdən faydalanacağını nəzərə alsaq, bunun daha geniş coğrafiyaya hansı iqtisadi fayda gətirəcəyi aydın olur.
Zəngəzur dəhlizi sosial, iqtisadi, geosiyasi və geostrateji baxımdan Azərbaycan, Çin və Mərkəzi Asiya, eləcə də Avropanın əlaqəsini asanlaşdıra biləcək layihə hesab olunur. Bu, D-8 ölkələrinin bir-biri ilə problemsiz əlaqə yaratmasına da imkan verəcək. Təbii ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin yaradılmasının vacibliyini qeyd etməyə bilmərəm.
Uzunmüddətli perspektivdə həyata keçiriləcək bu dəhliz sayəsində region əhalisinin rifahı və iqtisadiyyatı yaxşılaşacaq, ölkələr arasında iqtisadi əməkdaşlıq sayəsində gərginlik azalacaq, təhlükəsiz bölgədə yaşamaq imkanı yaranacaq. Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı və daha səmərəli olması üçün Zəngəzur dəhlizinin tezliklə həyata keçirilməsi zəruridir.
Hazırladı:
T.RÜSTƏMLİ
XQ