Makronun qulaqları və Parisin anti-Azərbaycan xətti

post-img

Yaxud Fransa prezidentinin Ermənistan üçün iflas anonsu

Prezident İlham Əliyev ötən il dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Gürüstanda yaşanan prosesləri şərh edərkən, Fransanın ölkəyə təsiri barədə söz açmış və belə bir fikir səsləndirmişdi: “Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür, adam öz ölkəsində otura bilmir”.

Bəli, Fransa Prezidenti Emmanuel Makron ölkəsində otura bilmir. Yazımızda onun ənənəvi anti-Azərbaycan tonunun növbəti təzahür formasına – bu il yanvarın 6-da səfirlər konfransında çıxışı zamanı bildirdiklərinə iki aspektdən nəzər salacağıq. Birincisi, Makronun bilavasitə nə dediyinin üzərində dayanacaq, ikincisi isə Fransa liderinin ölkəmizə yönəlik ritorikasına ümumi şəkildə, bir qədər fərqli tərzdə qiymət verəcəyik. 
Beləliklə, E.Makron bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O, həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.

Ümumən, E.Makronun Azərbaycana ittiham məntiqinə Rusiyanı daxil etməsi yenilik deyil. Yada salaq ki, o, 2022-ci ilin oktyabrında da eyni mövqeni sərgiləmişdi. O vaxt Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşü olmuşdu. Həmin görüşdə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Fransa prezidentinin özü də iştirak etmişdilər. 
Toplantıdan sonra baş nazir Nikol Paşinyan ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Praqada belə qərara gəlinmişdi ki, tərəflər arasında növbəti görüş 2022-ci ilin dekabrında Brüsseldə gerçəkləşsin. Lakin E.Makron yerli televiziyaya müsahibəsində Azərbaycanı işğalçı adlandırmış, Rusiyanı isə müttəfiqi Ermənistanın maraq və mənafelərini satmaqda günahlandırmışdı. Yeri gəlmişkən, o zamandan bəri rəsmi Moskva məhz Praqa görüşündə Ermənistanın maraq və mənafelərinə zidd addımın atıldığını vurğulamaqdadır. 
Rusiyada belə əsaslandırırlar ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Qarabağın Ermənistan üçün vaciblik parametrini sıradan çıxardı. Bu məqamı dəfələrlə Rusiya Prezidenti Vladimir Putin də qabardıb. Onun sözlərindən belə qənaət formalaşıb ki, Qarabağ üzrə danışıqlarda başlıca motiv bölgənin Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınmaması olub. 
Əslində, V.Putin və digər Rusiya rəsmilərinin mövqeyi məsələyə birbaşa yanaşmadır. O anlamda ki, danışıqlar Qarabağ üzrə kompromis variantların tapılmasına yönəlmişdisə də, Azərbaycan heç bir halda bölgəni öz yurisdiksiyasından kənarda tutmurdu. Güzəşt yalnız o ola bilərdi ki, Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət verilsin. Ancaq Ermənistan tərəfi nə bölgəni, nə də işğal etdiyi digər əraziləri qaytarmaq niyyətində idi. Qaytarmırdısa, deməli, ərazi bütövlüyümüzü də tanımırdı və bu mənada Putin haqlıdır. 
Ancaq Rusiya lideri, eyni zamanda, haqsızdır. Ona görə ki, Azərbaycan 2020-ci ildən sonra köhnə dəftərləri qapatdı. Çünki müharibə aparıb qan tökdü, şəhid verdi. Yəni, əvvəlki məsələlər müharibədən sonra gündəmdə qala bilməzdi və qalmadı da. 2023-cü ildə isə Qarabağ kartı tamamilə ömrünü başa vurdu. 
Əlqərəz, Makronun bir qədər əvvəl diqqətə çatdırdığımız ittihamından sonra vəziyyət gərginləşdi. Fransa tam açıq oynamağa, yəni aşkar ermənipərəstliyə keçdi, daha doğrusu, erməni təəssübünü pik nöqtəyə doğru qaldırmağa başladı. Azərbaycan və Ermənistan liderlərinin dekabrda nəzərdə tutulan görüşü də məhz Yelisey sarayı şefinin inadına görə baş tutmadı. N.Paşinyan bildirdi ki, görüşə yalnız Makronla birgə qatılmağa razıdır. Prezident İlham Əliyev isə belə bir tələbin qəbulolunmazlığını açıqladı. Beləliklə, Azərbaycan dövləti ilk dəfə Makrona tərs şapalaq endirmiş oldu ki, 2022-ci ildən ötən müddətdə bu şapalaqların sayı-hesabı yoxdur. Ancaq Fransa Prezidenti nəticə  çıxarmaq istəmir, özünü buynuzu qaşınan keçi kimi aparır... 
Qeyd edək ki, dövlətimizin başçısı D.Kiselyova müsahibədə, həmçinin, rəsmi Parisin Azərbaycana qarşı feyk-xəbər hücumları təşkil etdiyini, beynəlxalq miqysada aparılan bir çox anti-Azərbaycan kampaniyaların himayədarı olduğunu vurğulamışdı. Müstəqillik dövründə Azərbaycan və Fransa arasındakı münasibətlərin tarixindən söz açan Prezdent ­Əliyev Makronun hakimiyyətə gəlişinədək əlaqələrdə müsbət dinamikanı mövcudluğundan söz açmış, bunları da demişdi: “Amma bu əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Çünki İkinci Qarabağ müharibəsi başlananda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər yetirsinlər. Bu yaxınlarda baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi”. 
Dövlət başçımız bildirdi ki, 2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına çıxarmağa cəhd etdilər və hər dəfə uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, – biz başqa yolla Avropa İttifaqına gedirik, deməklə, – Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər.
Bəli, Prezident İlham Əliyevin təbirincə desək, Makron qulaqlarını göstərməyə davam edir. Bu yerdə dövlətimizin başçısının sözügedən müsahibədə səsləndirdiyi bir fikri də diqqətə çatdırmağı vacib bilirik: “Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”.
Fransa, Makronun sayəsində, həqiqətən də uğursuz dövlətə çevrilib. Təəccüblənməyə bilmirsən. Avropanın mərkəzində yerləşəsən, dünyanın əsas nöqtəsi hesab ediləsən, böyük kimi sayılasan, ancaq özündə böyüklükdən əsər-əlamət saxlamayasan. Görəsən, Fransa Prezidenti bunları düşünmürmü? Düşünmürmü ki, Azərbaycana qarşı hər mənasız iddia ölkəsinin onsuz da yerlə bir olan nüfuzunu bir qədər də bərbad hala salır? Məgər, o, Azərbaycanın Cənubi Qafqaz regionu, bütövlükdə dünya üçün əhəmiyyətini anlamır? Bilmir ki, Bakıdakı fransız şirkətlərinin gəlirləri Ermənistandan götürülən xeyirdən qat-qat yüksəkdir? 
Sonda bu suallar fonunda Makronun anti-Azərbaycan ritorikasına, çılğın ermənipərəstliyinə bir qədər fərqli tərzdə münasibət bildirmək istərdik. Düşünürük ki, Fransa prezidenti nə etdiyinin fərqindədir. Məsələn, o yaxşı bilir ki, dediyi sözlər Ermənistanda illüziya yaradır və bu hal ziyanlıdır. Makron gözəl anlayır ki, İrəvanı silahlandırmaqla heç nəyə nail ola bilməyəcək. Sadəcə, qəsdən Ermənistanı, obrazlı desək, əjdahanın ağzına doğru itələyir. Axı bu adam avantüristdir. Siyasətə də avantürizm pəncərəsindən baxır. Onun üçün dövlət mənafeləri deyilən bir şey yoxdur. Əsas olan şəxsi ambisiyasıdır. 
Digər tərəfdən, Makron yaxşı fərqindədir ki, erməni amili Fransanı, eləcə də onun özünü boğaza yığıb. Görünür, erməni lobbi və diaspor təşkilatlarından əldə etdiyi mənfəət də o qədər yüksəkdir ki, geri dönüşü olmayan yola düşüb və bu yolda həm öz borcundan çıxmaq istəyi var, həm də bütövlükdə Fransanı boynundan erməni kəndirini açmaq əzmi. Yuxarıda qeyd etdiyimiz suallara ən optimal cavabları hələlik məhz bu formada verməklə kifayətlənək. Ancaq görünən budur ki, Fransa Ermənistanı tam iflasa aparmaq, bir dövlət kimi yer üzündən silmək yönümlü fəaliyyətində israrlıdır. Makron 2025-ci ildə bununla bağlı ilk anonsu verdi. Görünür, bu anonsun təsiridir ki, il Azərbaycan – Ermənistan şərti sərhədində atəş səslərinin eşidilməsi ilə başlayıb. Atəşin cavabsız qalmayacağı isə gün kimi aydındır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət