Kədərsiz ayrılıq

post-img

Dekabrın əvvəlində hayların baş diplomatı Ararat Mirzoyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı olan Dövlətlər Assambleyasının 23-cü sessiyasında “maraqlı” çıxış edib. “Biz hesab edirik ki, Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq hüququn mühüm elementidir. O, həmçinin beynəlxalq hüququn inkişafına töhfə verir və onu müasir çağırışlara daha da uyğunlaşdırır”.

Bəli, Mirzoyan çıxışının preambulasında tam haqlıdır. Amma o, nədənsə sözündə məntiqi ardıcıllığı gözləmir və Azərbaycan ərazisinin otuz ilə yaxın erməni işğalı altında olmasına görə məsuliyyət daşıyanların, hərbi cinayətlər törədənlərin hələ də azadlıqda gəzdiyini beynəlxalq Femidanın nəzərinə çatdırmır.

Ararat Mirzoyanın “hücum ən yaxşı müdafiədir” taktikası aydındır. Amma bu diplomatik gediş onun təmsil etdiyi hakimiyyətin “siyasi menyusuna” daxil edilə bilməz. Çünki işğalçı ölkənin nümayəndəsinin beynəlxalq hüquqa istinad etməsi, onun “vəhşiliklərin qurbanlarına ədalətli yanaşmadan” danışması acı gülüşdən başqa heç bir hiss doğurmur.

Bundan daha ləzzətli ironik gülüşü Amerika Erməniləri Milli Komitəsinin (ANCA) saytında dərc olunmuş bəyanatdakı tezis yaradır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən 30-dan çox insan hüquqları, siyasi və dini təşkilatların çağırışında oxuyuruq: “Beynəlxalq mandat altında beynəlxalq hüququn həyata keçirilməsi məqsədilə danışıqlar üçün beynəlxalq platforma yaradılmalı, məcburi köçkünlər Dağlıq Qarabağa qayıtmalıdırlar”.

Doğrudan da, “beynəlxalq mandat” qüdrətli və sanballı sözdür. İntəhası, onun haylara tətbiqi zamanı tamamilə yararsız söz birləşməsinə çevrilir. Təbii ki, okeanın o tayındakı ermənilər nəyəsə çağıra bilərlər. Bir məsələ var ki, Azərbaycan hansısa “Dağlıq Qarabağa” hansısa “qayıdış” mövzusunda hansısa danışıqları aparmaq niyyətində deyil. Bu mövzu bağlanıb. Vaxtilə Azərbaycan ərazisində yaşayan ermənilər ərazimizi tamamilə könüllü şəkildə tərk etdilər.

Bu proses təkcə Laçın keçid məntəqəsindəki müşahidə kameraları ilə qeydə alınmayıb. Həm də 2023-cü ilin oktyabrında separatçılardan azad edilmiş Qarabağa gəlmiş BMT-nin faktaraşdırma missiyasının hesabatında da öz əksini tapıb. Mötəbər beynəlxalq qurumun hesabatında yazılıb: “Missiya Xankəndi şəhərində oldu, burada əhali və ictimaiyyət nümayəndələri ilə görüşdü, səhiyyə və təhsil sahəsində vəziyyətlə şəxsən tanış ola bildi. Missiya mülki və ictimai infrastruktura, o cümlədən xəstəxanalar, məktəblər və yaşayış binaları, mədəni və dini infrastruktura hər hansı ziyanın dəydiyini görmədi. Həmkarlarımıza nə yerli əhalidən, nə də başqalarından mülki şəxslərə qarşı zorakılıq barədə məlumat daxil olmadı. BMT komandasının üzvləri, həmçinin kənd təsərrüfatı infrastrukturunun məhv edilməsini və ya ölmüş heyvanları müşahidə etmədi”.

Bununla münaqişəyə son nöqtə qoyuldu, Qarabağ məsələsi də həll olundu. Yox, əgər Qarabağ erməniləri XIX əsrdən etibarən sığınacaq tapdıqları bu dilbər güşə üçün çox darıxırlarsa, buyursunlar fərdi qaydada müraciət etsinlər. Onların geriyə dönüşü Azərbaycan qanunlarına uyğun şəkildə həyata keçiriləcək. Amma bu proses qarşılıqlı surətdə, Ermənistandan deportasiya edilmiş azərbaycanlı əhalinin geri qayıtmaq hüququnun tanınması ilə paralel gedəcək.

Sonda daha bir gülməli məqam: Bəzi “məcburi köçkünlər” bəyan etmişdilər ki, onlar “Dağlıq Qarabağa” dönməyə ümid edirlər, amma Ermənistan vətəndaşlığını qəbul etsələr qayıtmaq hüququnu itirməkdən qorxurlar. Noyabr ayının məlumatına görə, Azərbaycanı könüllü tərk edən Qarabağ ermənilərinin yalnız üç faizi Ermənistan vətəndaşlığını qəbul edib. Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan onlara bildirib ki, “Dağlıq Qarabağdan” Ermənistan vətəndaşlığını qəbul etmiş “məcburi mühacirlər” statuslarında nəzərdə tutulmuş bütün imtiyazlarını, o cümlədən ölkəyə yenidən qayıtmaq hüququnu özlərində saxlayırlar.

Hayların daxili işlər nazirinin o boyda müavinini məyus etmək istəməzdik, amma ermənilərin Azərbaycan ərazisinə bu cür qayıdışı nəzərdə tutulmur. Burada nə onları gözləyən var, nə də geri qayıtmalarına ehtiyac duyulur. Vaxtilə aramızda “qarşılıqlı sevgi”nin olmadığı kimi, indi ayrılığımız da kədərsiz baş tutdu...

İ.HƏSƏNQALA
XQ

Siyasət