İzimiz, tariximiz...
II məqalə
Yüz ilə yaxın bir dövrdə yaşayan Uyğur Xaqanlığı süqut etdikdən sonra uyğurların bir hissəsi 843-cü ildə Türküstanın Turfan bölgəsində Göytürk Xaqanlığının və Uyğur Xaqanlığının varisləri Qaraxoca (Koço) Uyğur Dövləti yaradıblar. Beş yüz ildən artıq – XIII əsrədək hökm sürən bu dövlətin qurucusu Pan Təkin, paytaxtları Beşbalıq, Qaraxoca (Koço), Turfan, dini manilik, buddizm, İslam, xristianlıq, dili qədim uyğur dili olub. Dövlətin böyük şəhərləri Kuçar, Qaraşar, Komul, Canbalıq, Piçan, Çiktin, Soim, Konsir, Limçin, Sinin, Nijun, Yumşi, Napçik, Tiyok, Lukçun, Tiksin, Yar və sairdir. Ümumiyyətlə, Koço Uyğur Dövlətinin 22 böyük şəhəri olub. Hətta bu məmləkəti 22 şəhərli Koço Dövləti də adlandırıblar.
Dövlətin başçısı “müqəddəs səadət” mənasını verən idikut titulu götürən xaqan olub. O, dövlətin bütün siyasi, hərbi, iqtisadi və hüquqi işlərini idarə edib.
İdikutun müharibə elan etmək, rüsum və vergilərin miqdarını müəyyənləşdirmək, şəxsləri müvafiq vəzifələrə təyin etmək, torpaqla bağlı şikayətlərə baxmaq, hökmlər vermək: ölüm cəzası və ya əfv, xarici ölkələrlə əlaqə yaratmaq və s. səlahiyyətləri var idi.
İdikutdan sonra xaqanın Xatın adlanan xanımı və Tegin qəbul edilən oğlanları gəlib. Xatın və teginlərin kiçik dövlət rəhbərləri, məhəllə və şəhər hökmdarları, katiblər, səfirlər, qoşun komandanları və xəzinədarlar kimi kiçik dövlət vəzifələrini müəyyənləşdirmək səlahiyyətləri olub. Xatınların və teginlərin ayrı-ayrılıqda torpaqları, otlaqları, mal-qarası var idi. Onlar öz varidatlarını istədikləri şəxsə miras vermək hüququna malik idilər.
Üçüncü yerdə doqquz vəzir, sonra vilayət hakimləri gəlib.
Dövlətin ərazisinə Qumul bölgəsi və Çinin Şimal-Qərbindəki Dunxuan ərazisinin bir hissəsi də daxil edilmişdi. Dövlət 857-ci ildə Çinin nüfuzlu Tan sülaləsi tərəfindən tanınıb, hətta bu ölkəyə Vanq Yen De adlı səfir göndərilib.
Uyğurlar ərazilərini genişləndirmək üçün müharibələr aparmayıb, ölkələrində sülhü və əmin-amanlığı qorumaq, başqa xalqların işlərinə qarışmamaq siyasəti yeridiblər. Bununla belə hücum edən qonşu dövlətlərlə də vuruşmağı bacarıblar.
Məlum olduğu kimi, uyğurların bir hissəsi buddizmə sitayiş edib. Buddist uyğurlar müsəlman qonşuları, xüsusən də Qaraxanlılar dövləti ilə münaqişədə olublar. Qaraxanlıların hökmdarı Satuk Boqra xan Koçonun buddist məbədlərini dağıtdıqdan sonra bu münaqişə daha da güclənib.
Qaraxanlılar tərəfindən Tarim hövzəsinin islamlaşdırılması zamanı uyğur buddistlərinə və Xotan buddist dövlətinə qarşı döyüşlərdə həlak olmuş imamlar və döyüşçülər müqəddəs sayılıb.
1207-ci ildə uyğurlar Monqol imperiyasının, daha sonra isə Çağatay ulusunun vassalı olub. 1209-cu ildə Qara Xoca hökmdarı Baurçuk Art Təkin Çingiz xanın dövründə monqollara tabe olduğunu bəyan edib və 1335-ci ilə qədər vassal dövlət kimi yaşayıb. Monqollar uyğurlara Çindən Avropaya qədər fəth edilmiş geniş ərazilərdə hökumət işlərində iştirak etməyə icazə verib. Monqollar Koço dövlətinin inkişaf etmiş idarəçilik sistemini də qəbul ediblər.
Mədəniyyət və ədəbiyyat
X əsrin sonlarında təkcə Koço şəhərində 50 buddist məbədi var idi və orada olan buddist kitabları (nomalar) qorunub. Koço, Kuçar və Qaşqar musiqi sənətinin nadir şah əsərlərini – 12 uyğur muğamının formalaşması və inkişafı üçün güclü zəmin yaradıb. Uyğur musiqisinin Çin incəsənətinə böyük təsiri də danılmazdır.
Qədim uyğur yazısı 22 hərfdən ibarət olan soqd əlifbasına əsaslanıb. Bu əlifba sağdan sola və yuxarıdan aşağıya yazılıb və oxunub. Bu uyğur yazısı sonralar monqollar tərəfindən qəbul edilib və onu monqol yazısına uyğunlaşdırıblar. Şaquli uyğur yazısı həm də o dövrdə Avrasiyada geniş istifadə olunan yazıya çevrilib. İran tarixçisi Ata Məlik Cuvainiyə (XIV əsr) görə, monqol xalqları uyğur yazısını və dilini öyrənməyi öz mədəniyyətlərinin zirvəsi kimi qəbul ediblər. Uyğur yazısı ilə çoxsaylı ədəbi əsərlər – şeirlər, mahnılar, atalar sözləri, nağıllar, məsəllər, dini əfsanələr, dramlar yaradılıb.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Qərb arxeoloqları Turfan vadisində çox sayda yazılı abidənin fraqmentlərini aşkar ediblər. Bu abidələrin 4000-dən çoxu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq filialında və Dövlət Ermitajındakı əlyazmalar fondunda saxlanılır.
Almaniyanın muzeylərində təxminən 8000 fraqment var. Əsərlərin bir qismi Paris, London, Urumçi, Pekin, İstanbul və Tokio muzeylərində qorunur.
Koço dövlətində ədəbiyyat-poeziya və nəsr böyük inkişaf yolu keçib. Uyğur şairlərindən Apirinçur Tegin, Kiki, Prithya Yaşri, Çisuya Tutunq, Kalim Kayşi və s. şeirləri bu günədək qorunub saxlanır.
Uyğur Şinko Şeli Tutunq o dövrün ən məşhur yazıçısı və tərcüməçisi olub. O, “Buddist adları” və “Altun Yaruq” (Qızıl parıltı) və digər əsərləri uyğur dilinə tərcümə edib.
500 il oturaq həyat sürən dövlətdə manilik, buddizm, İslam, xristianlıq, Çin, tohar və qədim türk mədəniyyətlərinin qaynayıb-qarışması nəticəsində bu məkanda böyük mədəniyyət, incəsənət və ədəbiyyat yaranıb. Əsrlərlə Çin tacirləri və qonşu dövlətlərdən olan qaçqınlar Koço Uyğur Dövlətinə pənah gətirib, buranı özlərinə vətən seçiblər. Belə ki, Çin, Soqd, Türküstan və Hindistandan gələn tacirlər bu dövlətin inkişafında mühüm rol oynayıblar. Qədim mağaraların divar yaddaşına çəkilən təsvirlərdə yerli türk və toharlarla bərabər, Çin, Soqd, Türküstan və Hindistandan olan insanlar da təsvir olunub.
Dövlətin iqtisadiyyatı
Koço Uyğur Dövləti Çindən Avropaya uzanan ticarət yolunun mərkəzi hissəsinə 500 ildən artıq nəzarət edib. Uyğurlar Çin və Hind–Avropa mədəniyyətləri arasında çoxşaxəli münasibətlərdə vasitəçilik rolunu oynayıblar. Koço Uyğur Dövlətində ipəkçilik və pambıqçılığın inkişafına xüsusi diqqət yetirilib. Əhalinin böyük bir hissəsi isə üzümçülük, meyvəçilik, taxılçılıqla məşğul olub. Yaxın və uzaq dövlətlərə ipək və pambıq satışından xeyli gəlir əldə olunub. Tarlalarda beş növ taxıl, (digər dənli bitkilər, düyü, darı) becərilib. Bir yanda labnor gölü, Konçi çayı, o biri yandan Tanrı dağlarının havası əhaliyə kənd təsərrüfatı, o cümlədən meyvəçiliyi inkişaf etdirmək üçün hər cür şərait yaradıb. Sahələrdə hər cür meyvələr yetişdirilib və qonşu ölkələrə satılıb.
Koço Uyğur Dövlətinin zəifləməsi və süqutu
Koço və Turfan buddist uyğurları müsəlman hökmdarı Xızr Xoca tərəfindən Qəzavat (müqəddəs müharibə) zamanı İslamı qəbul ediblər. Bezeklikdəki "Min Buddanın Mağarası" adlı buddist freskaları yerli müsəlman əhalisi tərəfindən hücumlara məruz qalıb.
Buddist uyğurların müsəlman türklər tərəfindən hücuma məruz qalması Mahmud Kaşqarinin əsərlərində təsvir edilib. Kaşqarinin əsərlərində uyğur buddistləri ilə Qaraxanlı müsəlmanları arasındakı döyüşü təsvir edən poetik misralar var. Onu da deyək ki, məşhur “Kutatqu bilik” əsəri bu dövlətdə yazılıb.
Beləliklə, 525 il yaşayan Koço Uyğur Dövləti 1368-ci ildə monqollar tərəfindən dağıdılıb.
Koço Uyğur Dövlətinin hökmdarlarının tam olmayan siyahısını belə səciyyələndirmək olar:
• Pan Təkin (843–866)
• Boko Təkin (866–871/876)
• İduk Tenqri Xaqan (təxminən 933)
• Alp Kutluq Uluq Bilgə Uyğur Tenqri Uyğur Xan (...933)
• Al Bilgə Tenqri (təxminən 954)
• Boquluk Uluq (X əsrin II yarısı)
• Arslan Bilgə Tenqri Sunuluq xaqan (təxminən 981–984)
• Büge Bilgə Tenqri (996–1003)
• Kül Bilgə Tenqri (1007–1024)
• Alp Arslan Kutluq Kul Bilgə Tenqri Xan (1017–1031)
• Alp Kutluq Uluq Bilgə Uyğur Tenqri Uyğur Xan (XI əsrin birinci yarısı)
• Tengri Bugə Al Bilgə Arslan Tenqri Uyğur Tarkan (təxminən 1067)
• Ay Tenqri Kut Bolmış Külyuq Kül Bilgə Tenqri Xaqan
• Arslan Bilgə Xan (XI əsrin sonu, XII əsrin əvvəli)
• Karı Bilgə Xaqan (1127–1130)
• Asan Timur
• Bilgə Təkin (1126–?)
• Baurçuk Art Təkin (1208-1235)
• Kusmayin (1235–1245)
• Salun Təkin (1246–1255)
• Oğrunc Təkin (1255–1265)
• Mamurak Tekin (1265–1266)
• Qoşgar Təkin (1266–1276)
• Nolen Təkin (1276–1318)
• Tomur Buka (1318–1327)
• Sunggi Təkin (1327–1331)
• Taipan Təkin (1331–1335)
• Yuelu Tomur (1335–1353)
• Sanqqe (1353–?)
Qansu Uyğur Dövləti
Uyğur Xaqanlığının süqutundan sonra uyğurların digər hissəsi isə Çinin şimal-qərbindəki Qansu vilayətinə köç edib və burada yaşayan sarı uyğurlarla birgə 848-ci (yeni təqvimlə 890) ildə Qansu Uyğur Dövlətini qurub.
Dövlətin yaradıcısı Yağlakar sülaləsinin nümayəndəsi Hörmüzd xaqan, çincə taxt adı Xuaycian xaqan paytaxtı Çanqye olmaqla bu dövlətin yaradıldığını elan edib.
Dövlətin paytaxtı Qansu şəhəri, dili qədim uyğur dili, dini buddizm, manilik olub.
Qansu Uyğur Dövlətinə Qansu şəhərindən əlavə Dunxuan, Çjanye, Uvey, Ansi, Szyuan, Lançjou və İrsin (müasir adı Nensiya) şəhərləri və ətraf rayonlar daxil idi.
Hörmüzd xaqan 924-cü ilədək hakimiyyətdə olub.
Hörmüzd xaqandan sonra onun oğlu, çincə adı Ren Mey, hakimiyyət adı əvvəl Yinqyi xaqan, sonra isə Çiçəklənən dürüst xaqan 924-cü ildə qısa müddətdə taxtda oturub.
Hörmüzd xaqanın digər oğlu Ren Yü qardaşı Yinqyi xaqanı devirərək əvvəl Şunhua xaqan, sonra İtaətkar xaqan, ondan sonra Fenqhua xaqan, daha sonra isə Xidmətkar xaqan adı ilə 924-cü ildən 959-cu ilədək hakimiyyətdə olub. O əvvəl Tan, sonra isə Cin sülaləsinə tabe olub.
Qansu Uyğur Dövlətinin xaqanlarının bir neçəsinin adı mənbələrdə var.
Çincə adı Cin Kian xaqan 959–975-ci illərdə hakimiyyətdə olub.
Uyğurca əsl adı Bilgə olan xaqan 976–983/998...
Lu Şenq (Çincə adı) xaqan 983/998–1003...
Çincə taxt adı Zonqşun Baode xaqan 1003–1016...
Öz adı Külüg, Çincə taxt adı Xuayninq olan Şunxua xaqan, 1016–1023...
Öz adı Toğan, hakimiyyət adı Quiçonq olan Baoşun xaqan, 1023–1028...
Öz adı Yasu, hakimiyyət adı Baoquo xaqan olan Qansu Uyğur Dövlətinin sonuncu xaqanı 1028–1032-cu illərdə taxtda oturub, Si Sya dövləti tərəfindən işğal olunub, bir əsr yarımdan çox yaşayan bu dövlət 1036-cı ildə süqut edib.
Qansu Uyğur Dövləti 940-cı ildə əvvəl Şimali Çinə hakim olan kitanların, sonra tanqutların, daha sonra isə Çingiz xanın (1226) hakimiyyəti altında yaşayıb.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd