Qərbi Azərbaycana Qayıdış soydaşlarımızın əzəli hüququdur

post-img

İndiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. 1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kvadratkilometr olub. İndi isə 86 min kvadratkilometrdir.
Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik.
Heydər ƏLİYEV
Ümummilli lider

Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında Qərbi Azərbaycan məsələsi xüsusi yer tutur. Bu, Azərbaycanın müstəqil dövlətçiliyi baxımından təbii, normal və zəruri hadisədir.

Prezident İlham Əliyev dəfələrlə müxtəlif kontekstlərdə azərbaycanlıların Qərbi Azərbaycan məsələsində əsaslı olaraq çox həssas olduqlarını və bunun dövlətçilik üçün strateji mahiyyət kəsb etdiyini ifadə edib.

Azərbaycan Prezidentinin Qərbi Azərbaycan strategiyası dərin düşünülmüş, tarixi, siyasi, geosiyasi, hüquqi, iqtisadi, mədəni, ideoloji və dövlətçilik məqamlarını sistemli şəkildə nəzərə alan yetkin konsepsiyaya əsaslanır. Burada Azərbaycan rəhbərliyi konkret tarixi faktlara söykənən məntiqi yanaşmanı həyata keçirir. Həmin yanaşmanın iki aspekti mövcuddur.

Birincisi, Qərbi Azərbaycan, ümumiyyətlə, Azərbaycanın qədim tarixi torpağıdır, azərbaycanlıların ona siyasi, hüquqi, mənəvi, mədəni haqqı vardır. Bunun üçün Azərbaycan beynəlxalq hüquq normaları və qanunlar çərçivəsində fəaliyyətini davam etdirir.

İkincisi, Azərbaycanın məqsədi mövcud sərhədlərdən kənarda olan tarixi ərazilərə qətiyyən iddialı deyil. Burada söhbət yalnız pozulmuş insan haqlarının bərpasından gedir. Bunun üçün Bakı siyasi-diplomatik müstəvidə fəaliyyəti ilə beynəlxalq miqyasda hüquqi fəaliyyətini vahid məntiqi çərçivədə aparır.

Bu məqamda dövlət başçısının Qərbi Azərbaycan strategiyasını incə məntiqi və diplomatik qaydada xarici siyasətin prioritetlərindən biri statusuna yüksəltməsinin siyasi və geosiyasi anlamına nəzər salmaq lazımdır. Bunun üçün bir neçə fakta müraciət edək.

Faktların yaratdığı gerçəklik

Dövlət başçısı 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən bəyan edib: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. ... Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır".

2024-cü il sentyabrın 30-da Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirakı zamanı Prezident İlham Əliyev Qərbi Azərbaycanla bağlı fikirlərini daha geniş tarixi kontekstdə dolğun ifadə edərək deyib: “... İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar”.

Azərbaycan Prezidentinin digər tədbirlərdə söylədiyi fikirləri də nümunə kimi göstərmək olar. Yuxarıda gətirilən nümunələr göstərir ki, ümumi mövqeyə görə, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar və bunun üçün siyasi, tarixi, mədəni, mənəvi və hüquqi əsaslar kifayət qədərdir. Məhz bu gerçəklik hazırda müstəqil Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi mövcuddur.

Azərbaycan ardıcıl olaraq həmin istiqamətdə siyasi-diplomatik fəaliyyətini gücləndirir. Burada başlıca olaraq fəaliyyət parlament və xalq diplomatiyası aspektlərində aparılır. Bunun təsdiqlərindən biri kimi 2024-cü ilin oktyabrında Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılmasını göstərə bilərik. Ekspertlər Qrupun yaradılmasının möhkəm əsaslarının olduğunu vurğulayırlar. Onların sırasında həm beynəlxalq hüququn, həm də tarixi ədalətin bərpasının və insan haqlarının təmin olunmasının xüsusi yeri vardır.

Təşəbbüs Qrupu artıq aktiv fəaliyyətdədir. 2024-cü ilin noyabrında Qrup ideoloji və hüquqi əhəmiyyətli bir bəyanatla çıxış edib. Orada deyilir: "Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsi və uydurma "Qərbi Ermənistan" anlayışı arasında paralel aparmaq cəhdi qəbuledilməzdir.

Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur. "Qərbi Ermənistan" ifadəsi isə Ermənistanın Konstitusiyası və digər əsas sənədlərində və siyasi addımlarında öz əksini tapmış ərazi iddiasıdır".

Bunlarla yanaşı, Azərbaycan rəhbərliyinin rəsmi şəkildə Ermənistanla sülh müqaviləsinin imzalanması kontekstində Qərbi azərbaycanlıların hüquqlarının təmini məsələsini masaya qoyması faktdır. Hətta rəsmi İrəvan və havadarları ilk vaxtlar buna laqeyd münasibət göstərsələr də, rəsmi Bakının qətiyyəti Ermənistanı mövqeyini dəyişməyə məcbur etdi. Bunun əlamətlərindən biri N.Paşinyanın sözün həqiqi mənasında arqumentsiz qalaraq anlayışların politoloji mənasını dolaşdırmasıdır.

Bu məsələ ilə bağlı Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun bəyanatından gətirdiyimiz sitatda problemin tarixi, siyasi və politoloji aspektləri aydın ifadə edilib. Bəyanatda insan haqları aspekti də son dərəcə dəqiq göstərilib: "Bizim insan hüquqlarına əsaslanan haqq işimizi ərazi iddiası ilə müqayisə etmək yolverilməzdir. Bir daha xatırladaq ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə müraciət edərək, Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə tam riayət olunmaqla dialoq başlatmağı təklif edib. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayıb və qəsdən icmanın fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid kimi təhrif edib".

Rəsmi İrəvanın ciddi siyasi-diplomatik həmlələrdə dərhal özünü itirməsinin səbəbi haqsız olmasından qaynaqlanır. Çünki heç bir real tarixi, siyasi və hüquqi arqumentə malik deyildir. Əsrlərlə havadarlarının uydurduqları yalanlara və onların dəstəyinə inanaraq ölkəmizə qarşı çirkin təbliğat kampaniyaları aparıblar. İndi isə güclü və müstəqil Azərbaycanın siyasi-diplomatik həmlələri qarşısında diz çökürlər.

Bir faktı da vurğulamaq gərəkdir. Qərbi Azərbaycan İcması mütəmadi olaraq rəsmi İrəvana və onun havadarlarına lazımi cavabları verir. Faktlar əsasında sübut edir ki, Qərbi Azərbaycan azərbaycanlıların tarixi, siyasi, hüquqi, mədəni və mənəvi haqqıdır. Həmin diyara qayıdış mütləq olacaqdır! Çünki Azərbaycan tarixi ədaləti bərpa etməlidir!

Qərbi Azərbaycan məsələsinin geosiyasi və siyasi anlamı

2024-cü il sentyabrın 23-də keçirilən yeddinci çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev söylədiyi dərin məzmunlu nitqində ifadə edib: "İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, "Kim güclüdürsə, o da haqlıdır" prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər".

Bu fikirlərdə geniş təhlil əsasında Azərbaycan Prezidentinin gəldiyi qənaət əks olunub. Onun siyasi mənaları çoxdur. Lakin əsas mənası ondan ibarətdir ki, Azərbaycan xarici siyasətində bu özəlliyi mütləq nəzərə almalıdır. Həm xarici siyasətin prioritetləri, həm də onların məzmunu vurğulanan fakt nəzərə alınmaqla müəyyən edilməlidir. Belə bir şəraitdə Qərbi Azərbaycan məsələsi daha aktual siyasi, hüquqi, geosiyasi və ideoloji məzmun alır.

Onun təməlində isə İkinci Qarabağ müharibəsində Azərbaycanın qalib olması dayanır. Bu mənada 44 günlük Vətən müharibəsini Qərbi Azərbaycan məsələsində də dönüş nöqtəsi hesab etmək olar. Onun iki aspekti vardır. Birinci aspekt ölkənin ərazi bütövlüyünün təmini ilə bağlıdır. İkinci aspekt isə gələcəkdə bir daha işğalın baş verməməsi üçün lazım olan hüquqi bazanı yaratmaqdan ibarətdir. Əlbəttə, burada silahlı qüvvələrin hazırlığı xüsusi yer tutur. Lakin tarixi təcrübəmiz göstərir ki, əks tərəf həmişə hüquqdan sui-istifadə edib və əsas sənədlərinə Azərbaycana qarşı ərazi iddialarına "haqq qazandıran" maddələri salıb. Buna görə də öncədən hazırlıqlı olmaq tarixi zərurətdir. Azərbaycan təcavüzə məruz qalmayacağının hüquqi təminatını almalıdır. Bu baxımdan da Qərbi Azərbaycan məsələsi müstəqil dövlətçilikdə strateji statusdadır.

Digər tərəfdən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti, habelə Azərbaycan Ordusunun şücaəti hesabına İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfər regionda tarixi, siyasi və geosiyasi dəyişikliklərlə nəticələnib. Azərbaycan Prezidenti vurğulayıb ki, Azərbaycanın bu tarixi, siyasi və geosiyasi uğuru "çox daşları yerindən tərpədib". Geniş anlamda Cənubi Qafqaz yeni geosiyasi mərhələyə qədəm qoyub. Onun qorunub saxlanması mühüm strateji vəzifədir. Burada təbii ki, başlıca şərt kimi Azərbaycanın ərazi bütövlüyü ilə yanaşı, suverenliyini tam təmin etməsi ön sırada yer almaqdadır. Onun uğurlu yolu isə Qərbi Azərbaycan məsələsinin həllindən keçir. Ermənistan və havadarları anlamalıdırlar ki, azərbaycanlıların hüquqları təmin olunmayana qədər regionda sülhə, sabitliyə, iqtisadi tərəqqiyə və əməkdaşlığa təminat olmayacaqdır.

Beləliklə, müasir mərhələdə Qərbi Azərbaycan məsələsi real olaraq aktual geosiyasi və siyasi məsələ kimi dövlətçilik məsələləri ilə sıx bağlılıq təşkil edir. Həmin səbəbdən prosesin tarixi tərəfi müasirlik baxımından çox əhəmiyyətlidir. Bu isə həm ideoloji, həm də elmi tədqiqat fəallığını xeyli aktuallaşdırır. Nəzərə almaq lazımdır ki, bu məsələ Azərbaycanın dövlət siyasətinin strateji mahiyyət daşıyan tərkib hissələrindən biridir. Ölkə rəhbərliyi həmin istiqamətdə mühüm işlər aparır.

Aydındır ki, bu məsələdə tədqiqat mərkəzlərinin də üzərinə böyük məsuliyyət düşür. Qərbi Azərbaycan məsələsi beyin mərkəzləri üçün əvəzedilməz və aktual tədqiqat mövzusu və fəaliyyət istiqaməti olmalıdır. Bütövlükdə mütləq şəkildə Qərbi Azərbaycanla bağlı müvafiq araşdırmalar aparılmalı, analitik yanaşmalar formalaşdırılmalı və bu istiqamətdə beyin mərkəzlərinin rolunun artırılmasına diqqət çoxalmalıdır. Qərbi Azərbaycan istiqaməti ilə bağlı proqnozlaşdırmanın aparılması və müvafiq ssenarilərin təklif edilməsi həyati əhəmiyyətli məsələdir.

Bu prosesdə kütləvi informasiya vasitələrinin və bütövlükdə ölkənin informasiya resurslarının aktiv iştirakı vacibdir. Çünki Qərbi Azərbaycan məsələsində informasiya texnologiyalarının və sosial medianın imkanlarının nəzərə alınması dezinformasiyanın və feyk xəbərlərin yayılmasına qarşı müabrizədə səmərəli vasitədir. Bu baxımdan informasiya təminatı beyin mərkəzlərinin həmin istiqamətdə fəaliyyətini tamamlamış olur.

Bütün dünya Qərbi Azərbaycanın gerçək tarixini bilməli və etnik təmizləməyə məruz qalan həmvətənlərimizin oraya qayıtmaq hüququnu zəruri saymalıdır. Bu, Böyük Qayıdışın daxili məntiqini ifadə edir. Bununla yanaşı, həmin strategiyanı yerinə yetirməyin konkret siyasi və diplomatik mexanizmləri olmalıdır. Bu, mühüm bir aspektdir.

Xarici siyasətin prioritetləri kontekstində Qərbi Azərbaycan məsələsi

Məlumdur ki, Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətləri bir-biri ilə sıx bağlıdır. Bu baxımdan Qərbi Azərbaycan məsələsi digər prioritet istiqamətlərlə vəhdətdə dərk edilməlidir. Eyni zamanda, onun reallaşmasının özünəməxsus xüsusiyyətləri də vardır. Hər şeydən öncə, burada iki cəhətin qarşılıqlı əlaqəsini təmin etmək lazım gəlir. Onlardan birincisi xalq və parlament diplomatiyasının bir-birini tamamlamasının təminidir. Digəri isə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun beynəlxalq təşkilatlarda yeni səviyyədə aktiv fəaliyyət göstərməsidir.

Qərbi Azərbaycan və xalq diplomatiyası

Diplomatiya ənənəvi mənada hökumətlərarası ünsiyyətin (kommunikasiyanın, təmasların) formasıdır. Xalq diplomatiyası bu anlamda başqa ölkələrin xalqları ilə birbaşa münasibətlərin qurulması sistemini ifadə edir. Bu, özlüyündə mürəkkəb prosesdir və yalnız xalq kütləsini nəzərdə tutmur. Yəni, onun daxilində beynəlxalq münasibətlər səviyyəsində xalqın maraqlarının yeridilməsi və özünüidarəsi kimi məqamlar da mövcuddur. "Xalq maraqları" və "özünüidarə" anlayışları isə artıq konkret təşkil olunmuş siyasi və diplomatik fəaliyyəti ehtiva edir.

"Xalq diplomatiyası" terminini 1965-ci ildə amerikalı diplomat, Tafts Universiteti nəzdində fəaliyyət göstərən Fletçer Hüquq və Diplomatiya Məktəbinin dekanı Edmund Hallion daxil edib. Burada o, müxtəlif ictimai birliklər, fondlar və başqa qeyri-hökumət təşkilatları vasitəsilə beynəlxalq aləmdə dövlət məqsədlərinə və onun dəyərlərinin yeridilməsinə nail olmağı başlıca vəzifə kimi nəzərdə tutur.

Deməli, xalq diplomatiyasına bütövlükdə vətəndaş diplomatiyasının tərkib hissələrindən biri kimi baxdıqda, dövlətin xarici siyasətinin rəsmi diplomatiya ilə ahəngdarlığını mütləq nəzərə almalıyıq. Xatırladaq ki, vətəndaş diplomatiyası beynəlxalq arenada rəsmi diplomatiyanın məqsədləri ilə uyğunluq təşkil etməlidir. Xalq diplomatiyası konkret istiqamətlərdə və məqsədlərdə xarici siyasətdə müəyyən edilmiş məqsəd və məramlara uyğun olmalıdır. Buna görə də xalq diplomatiyası vətəndaş diplomatiyasının tərkibi kimi, müəyyən sosial institutlar, təşkilatlar, kanallar, fərdlər vasitəsilə həyata keçirilə bilər, eyni zamanda, müəyyən dövlət qurumları ilə koordinasiyalı aparıla bilər.

Qərbi Azərbaycan məsələsini Prezident İlham Əliyev mükəmməl şəkildə xarici siyasət kontekstində xalq diplomatiyasının mühüm istiqamətinə çevirib. Azərbaycan xalqı üçün Qərbi Azərbaycan həmin anlamda müstəqil dövlətçiliyin inkişafı üçün strateji əhəmiyyətli faktordur. İctimaiyyət həmin istiqamətdə aparılan siyasətə tam dəstək verir. Bu isə xalq diplomatiyasının həm milli məsələdə dövlətin yanında olduğunu ifadə edir, həm də erməni cəmiyyətinə sülh və əmin-amanlıq mesajları verir. Xalq diplomatiyasının əsas hədəflərindən birinin başqa cəmiyyətlərlə sülh, barışıq və əməkdaşlıq şəraitində yaşamaq olduğu dərsliklərdə belə öz əksini tapıb.

Buradan Qərbi Azərbaycan kontekstində parlament diplomatiyası ilə xalq diplomatiyasının münasibətlərinə keçmək olar.

Parlament diplomatiyası

Politoloji ədəbiyyatda parlament diplomatiyası ümumi halda belə izah edilir: 1) parlament diplomatiyası xarici siyasətin istiqamətidir; 2) o, özündə rəsmi diplomatiya ilə ictimai diplomatiyanın xüsusiyyətlərini uzlaşdırır; 3) parlament diplomatiyasında deputatlar öz ölkələrinin legitim təmsilçiləri kimi çıxış edir və öz seçicilərinin maraqlarını ifadə edirlər. Xalq diplomatiyası kontekstində parlament diplomatiyası qanunyaradıcı, nəzarətedici, təşkilati və publik təmsilçilik kimi dörd funksiyanı yerinə yetirə bilər.

Burada Cozef Nayın (kiçik) vətəndaş diplomatiyası, xalq diplomatiyası və rəsmi diplomatiyanın münasibətləri kontekstində bir fikrini xatırlatmaq istərdik. Tanınmış politoloq yazır ki, xalq diplomatiyası həm vətəndaş diplomatiyasının elementlərini özündə daşıyır, həm də ölkə rəhbərliyinin mesajlarını özünəməxsus formada dünyaya bəyan edir. Yəni, xalq diplomatiyası vətəndaş diplomatiyası, parlament diplomatiyası və rəsmi dövlət diplomatiyası arasında bir çox məsələlərdə birləşdirici rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyev parlament diplomatiyasına konkret Qərbi Azərbaycan məsələsində iki aspektdə məna verib. Birincisi, parlament və xalq diplomatiyasının Böyük Qayıdış Konsepsiyasının əsas strateji hədəfləri üzrə harmoniyasına nail olmaq. İkincisi, beynəlxalq münasibətlər kontekstində Qərbi Azərbaycan məsələsinin təbliği, təşviqi və həllində sıx əlaqəli şəkildə fəaliyyət göstərmək. Və bu iki mühüm istiqamətin Azərbaycanın xarici siyasətinin əsas məqamlarında sintezinə nail olmaq. Məhz həmin sintezin siyasi, hüquqi və diplomatik aspektlərinin dəqiq ifadəsi Qərbi Azərbaycan məsələsinin yeni tarixi mərhələdə xarici siyasət kursunun prioritetlərindən biri statusunu almasında öz əksini tapıb.

Beləliklə, yeni tarixi mərhələdə Azərbaycan Prezidenti Qərbi Azərbaycan məsələsini müstəqillik tariximizdə ilk dəfə olaraq xarici siyasətin prioritetlərindən biri səviyyəsinə yüksəldib və ona dəqiq, düzgün siyasi-diplomatik məzmun verib.

Kamal ADIGÖZƏLOV





Siyasət