İrəvanın anti-KTMT xətti və Aİİ müstəvisi

post-img

Erməni baş nazirin əsas məqsədi nədir?

Ermənistanın anti-Rusiya ritorikasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı seqmentinin olduğunu bilirik. Görünür, buraya Avrasiya İqtisadi İttifaqı da əlavə olunmaqdadır. Hərçənd, sırf Aİİ müstəvisində digər məqamı da vurğulamaq mümkündür və bu barədə sonda söz açacağıq.

Bəli, Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışında həm Aİİ, həm də KTMT müstəvisində fikirlərini açıqlayıb. Birincidən başlayaraq deyək ki, erməni hökumət rəhbəri Aİİ-yə Ermənistanın rotasiya qaydasındakı sədrliyindən danışıb. Daha doğrusu, o, sədrlik səbəbindən təşkilatın İrəvanda keçirilməli olan yüksək səviyyəli toplantısının Rusiyada təşkili məsələsinə münasibət bildirib. Yəni, tədbirin nəyə görə İrəvanda deyil, Sankt-Peterburqda düzənlənməsinə.

Söhbət Ali Avrasiya İqtisadi Şurasının sammitindən gedir. O sammitdən ki, ona Aİİ-yə üzv dövlətlərin rəhbərləri qatılacaqlar.

Yeri gəlmişkən, bir müddət əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ali Avrasiya İqtisadi Şurasının sammitinin keçirilmə yerinin Ermənistanın xahişi ilə dəyişdirildiyini demiş və əlavə etmişdi ki, buna baxmayaraq, tədbirin sədri N.Paşinyan olacaq. Deməli, yüksək səviyyəli toplantının Rusiyada təşkilinə baxmayaraq, rotasiya qaydasındakı sədrlik proseduru gözləniləcək. İndi isə Paşinyan bildirib ki, Aİ-nin heç də bütün üzvləri Ermənistanda xoş qarşılanmırlar. O, fikrini əsaslandırarkən detallara getməyib, səbəb kimi yalnız “təəssüf ki, sizə məlum olan səbəbə görə (və mən bu barədə bu tribunadan danışmışan)” deməklə kifayətlənib. Sual olunur: Görəsən, xoş qarşılanmayanlar kimlərdir?

Əlbəttə, sadə məntiqlə Ermənistanda xoş qarşılanmayan ilk şəxsin Belarus Prezidenti Aleksandr Lukaşenko olduğunu əminliklə söyləyə bilərik. Məsələ ondadır ki, Belarus liderinin bu ilin mayında Azərbaycana səfəri çərçivəsində Şuşaya yollanması və orada səsləndirdiyi fikirlər Ermənistanda qəzəb doğurmuşdu. Paşinyan isə ölkəsinə qarşı 44 günlük müharibə zamanı qurulmuş sövdələşmə üzərində dayanmış və yekunda anti-Rusiya ritorikasını işə salmışdı. Təxminən belə: Rusiya Ermənistana xəyanət edib, məsələdə Lukaşenkonun da rolu var. Nikol, eyni zamanda, bildirmişdi ki, A.Lukaşenko Belarusda hakimiyyətdə olduğu müddətdə özü və erməni hökumətinin rəsmilərindən heç biri ora getməyəcək.

Nikolun Ali Avrasiya İqtisadi Şurasının sammitini Ermənistanda keçirmək istəməməsinin daha bir səbəbi var – Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu. Məlum olduğu kimi, İrəvan həmin statuta qoşulub. BCM isə Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Ona görə, prinsipcə, Putin İrəvana gəlməkdən çəkinməlidir, ancaq qorxuya düşən Paşinyandır. O, Rusiya liderinin Ermənistana gəlmə ehtimalını düşünür və üç məqama söykənir.

Birincisi, indiki durumda Putinin İrəvanda görünməsi Ermənistanın Rusiyameyilli qüvvələri üçün ciddi impulsdur. Yəni, istər-istəməz Ermənistanda Rusiya ab-havası yaranacaq.

İkincisi, Putin İrəvandadırsa, deməli, onun həbs edilməsi lazımdır. Paşinyan isə belə bir yükün altına girmək istəmir. Daha doğrusu, Kreml rəhbərini həbs edə biləcək cəsarət Ermənistanda nəinki Nikolda, heç kəsdə yoxdur.

Üçüncü bir məqam Putinin Qərbyönümlü Ermənistanda görünməsi ilə bağlıdır. Heç şübhəsiz, bu, erməni iqtidarı üçün mənfi imic formalaşdıracaq. Ona görə də ruslar demiş, at qrexa pa dalşe (problemdən uzaq durmaq anlamında). İmicdən söz düşmüşkən isə Aİİ kimi Rusiyanın hakim rol oynadığı qurumun yüksək səviyyəli toplantısının Ermənistanda keçirilməsinin özü də rəsmi İrəvan üçün pis qarşılanacaq durumdur.

İndiki durumda Paşinyan Ali Avrasiya İqtisadi Şurasının sammitinin ölkəsində təşkilindən imtinası ilə dividend qazanır. O, KTMT ilə yanaşı, Aİİ-yə də saymazyana münasibətini nümayiş etdirir. Bu, oturduğu budağı kəsməyə oxşayır. Amma erməni baş nazir, belə demək mümkünsə, indiyədək çox budaqlar kəsdiyindən, onun üçün hansısa mənəvi anlayış yoxdur. Digər yandan, Paşinyan Aİİ-yə mənfi münasibətini bir il əvvəl göstərmişdi. Bunu daha çox Aİİ müstəvisində Rusiyaya qarşı neqativ yanaşma kimi qiymətləndirmək mümkündür.

Bəli, Nikol Ali Avrasiya İqtisadi Şurasının ötən il dekabrın 25-də Sankt-Peterburqda keçirilmiş iclasındakı çıxışı zamanı bildirmişdi ki, Aİİ-nin yaradılmasına dair saziş qurumun iqtisadi birlik olması ilə bağlı fundamental postulata əsaslanır və onun siyasi gündəmi olmamalıdır. “Biz bunu bu cür dərk etməyə davam edirik və mövcud kontekstdə iqtisadi əməkdaşlığımız çərçivəsində qarşılıqlı fəaliyyəti inkişaf etdiririk. Avrasiya inteqrasiyasını siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışırıq”, – deyən N.Paşinyan vurğulamaq istəmişdi ki, Ermənistan siyasi anlamda Qərb düşərgəsi ilə həmrəydir. Yəni, Nikol bir il əvvəl Rusiyanın platformasında Qərbə sadiqlik mesajı vermişdi. Bu isə o demək idi ki, Aİİ-də təmsilçilik Ermənistan üçün yalnız iqtisadi müstəvidə əhəmiyyətlidir.

Aydın məsələdir ki, Aİİ postsovet məkanında Qərbin analoji təsisatlarına alternativ məqsədilə yaradılmış qurumdur. Bu təsisatda geosiyasi gündəmin istisnalılığını vurğulamaq təsəvvürə gətirilməyəcək qədər sərsəm mahiyyət daşıyır. Başqa bir təfsilata diqqət yetirərək deyək ki, Ermənistanın baş naziri ötən il Aİİ-nin 2030-2045-ci illər üçün iqtisadi proseslərin gələcək inkişafı haqqında bəyannaməsinin imzalanması zərurətindən söz açmış, daha dəqiq desək, qurumun inkişafının konseptual və prioritet istiqamətlərinə əsaslanmış bəyannamə barədə danışmışdı: “Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqələndirilməməlidir. Ticarət və inteqrasiyanın əsas azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırıla bilməz və məhdudlaşdırılmamalıdır. Bu, birləşmənin fundamental prinsiplərinin korroziyasına gətirib çıxaracaq”.

***

Ümumiyyətlə, N.Paşinyanın ötənilki fikirlərindən belə qənaətə gəlmək mümkündür ki, Ermənistanın Aİİ-yə sədrliyi təşkilatın içinə qoyulmuş saat mexanimzli bombadır və bu bombanın nə zamansa, hətta ən yaxın perspektivdə partlamaq ehtimalı böyükdür. Deməli, indidən diqqətləri Ali Avrasiya İqtisadi Şurasının dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək sammitinə yönəltməyə dəyər. Ancaq Paşinyanın anti-KTMT xəttinə nəzərən, bombalardan birinin artıq “partladığını” söyləmək mümkündür. Elə isə Nikolun təşkilatla bağlı yeni bəyanatına diqqət yetirək.

Beləliklə, özünün anti-KTMT ritorikasına sadiq qalan N.Paşinyan deyib ki, “Gecikmə yoxdur”, bizim sürət, tempimiz, ideyamız var. Görürsünüz, biz aydın və ardıcıl olaraq müəyyən istiqamətdə irəliləyirik”. O, ölkəsini KTMT-dən kənarda hiss etdiyini, ancaq oradakı həmkarlarına hörmət əlaməti olaraq, rəsmi İrəvanın KTMT ölkələrinin çıxardıqları qərarlara maneçilik törətmədiyini vurğulayıb. Göründüyü kimi, Nikol, necə deyərlər, minnət qoymağı yaddan çıxarmayıb. Onu da deyək ki, baş nazir diqqətə çatdırdığımız fikrini Rusiya Prezidenti V.Putinin mövzu ilə əlaqədar dediklərini şərh edərkən açıqlayıb. Putin bu günlərdə Ermənistanın KTMT-dən çıxdığını elan etmədiyini və təşkilatın sammitinin bütün sənədlərini dəstəklədiyini bildirib. Elə isə məsələni Paşinyanın konkretləşdirməsinə nəzər salaq: “Sənədlərə gəlincə, bildirdik ki, təşkilatın işində iştirakımızı dondururuq. Sənədlərin işlənib hazırlanmasında, müzakirələrdə iştirak etmirik, təklif vermirik və təkliflərə cavab vermirik. Sadəcə olaraq, heç bir sənədə veto qoymuruq. Əslində, artıq özümüzü KTMT-dən kənarda hesab edirik. Qoy, onlar nə istədiklərinə qərar versinlər, biz işlərinə qarışmırıq, veto hüququna malik olduğumuzu demirik və bu, sırf həmkarlarımıza hörmətdən irəli gəlir”.

Paşinyan, həmçinin vurğulayıb ki, ölkəsi ilə KTMT arasında münasibətlərdəki mövcud vəziyyət getdikcə daha da mürəkkəbləşir və Ermənistanın təşkilata qayıtmasını, demək olar, qeyri-mümkün edir. "Düşünürəm ki, geri dönüş nöqtəsi artıq keçib" – deyən erməni baş nazirin dilə gətirdiklərindən belə nəticə çıxır ki, Ermənistan tez bir zamanda KTMT ilə yollarını tamamilə ayıracaq. Hərçənd, məsələyə fərqli prizmadan yanaşmaq mümkündür və bunun üzərində dayanacağıq. Ancaq əvvəlcə Ermənistan – KTMT ziddiyyətlərinin səbəbinə, qısacaq, aydınlıq gətirək.

***

Ziddiyyətlər 2022-ci ilin noyabrından başlamışdı. Həmin vaxt Ermənistan KTMT-yə sədrlik edirdi və qurumun noyabrdakı yüksək səviyyəli toplantısı İrəvanda keçirilirdi. Rusiya liderinin və təşkilata üzv ölkələrin rəhbərlərinin qatıldıqları həmin toplantıda Nikol sentybarda Azərbaycanla yaşanmış hərbi eskalasiyasını Bakının təcavüzü kimi qiymətləndirmiş və tələb etmişdi ki, KTMT məsələyə siyasi qiymət versin. Lakin təşkilatın üzvləri buna qarşı çıxmışdılar. Onların yekdil qərarı bu olmuşdu ki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədiyindən, KTMT-nin səlahiyyət zonasının dəqiqləşdirmək mümkünsüzdür. 2022-ci ildən ötən iki il ərzində Paşinyan iqtidarının təmsilçiləri qurumdan özünün Ermənistandakı səlahiyyət zonasını müəyyənləşdirməyi tələb etmiş və məhz bunun baş verməyəcəyi təqdirdə, öz iştiraklarını dondurduqlarını demişdilər.

***

Yekunda, ümumiləşdirmə apararaq, bilavasitə, əvvəldə haqqında söz açdığımız məqama nəzər salaq. N.Paşinyanın, aktiv anti-Rusiya xətti gerçəkləşdirməsinə, KTMT-yə qarşı demarşlarına rəğmən, o, ölkəsinin Aİİ ilə yollarını ayırmaq istəmir. Çünki ortada maliyyə və yüksək gəlir söhbəti var. İndiki məqamda Qərbyönümlü Ermənistan, əslində, Rusiyanın hesabına dolanır. Yəni, Qərb əlini cibinə salmadan Ermənistanı öz orbitində saxlayır və durum onun üçün çox sərfəlidir. Paşinyan da məsələnin fərqindədir. İndiki durumda ona anti-KTMT xəttini, daha doğrusu, qurumdan çıxmaqla bağlı ritorikanı gündəmdə saxlamaq, incik görkəm almaq Aİİ müstəvisindəki xoşagəlməzliklərdən, bir növ, sığortadır. Nikol, öz aləmində, Rusiyaya təzyiq göstərir ki, ölkə İrəvanın KTMT-dən uzaqlaşa biləcəyi ehtimalına görə, Aİİ çərçivəsində Ermənistana qarşı sərt mövqe tutmasın. Nəzərə alaq ki, Ali Avrasiya İqtisadi Şurasının iclasına sayılı günlər qalıb və tədbirdə İrəvana qarşı müəyyən təzyiqlərin qeydə alınması proqnozlaşdırılır. Bu halın yaşanması təbiidir, çünki heç kəsə ziyankar, hər an xəyanətə köklənə biləcək ortaq lazım deyil.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət