“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış”

post-img

Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib.

Məclisdə elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, deputatlar, ali təhsil müəssisələrinin rektorları, regional təhsil idarələrinin əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də Böyük Britaniya və Finlandiyadan olan məruzəçilər və yerli mütəxəssislər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov qonaqları salamlayaraq, 1–5 yaşlı uşaqların layiqli vətəndaş kimi formalaşmasında keyfiyyətli məktəbəqədər təhsilin önəmindən danışıb. Tural Əhmədov 2023–2024-cü illərdə 150 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin keçirildiyini bildirib: “Məktəbəqədər təhsil uşaqların cəmiyyətdə öz yerini tapması üçün zəmin yaradır”.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təsbit olunmuş məktəbəqədər təhsilin nəticəyönümlü və ölçüləbilən hədəfləri barədə danışıb. Bu sahədə əhatəliliyin təmin olunması məqsədilə son illər həyata keçirilən işlərdən söz açan nazir məktəbəhazırlıq qruplarının da əhəmiyyətini vurğulayıb: “Sovet dövründə bağçalarla təminat 10 faiz olub. Hədəfimiz bunu 50 faizə çatdırmaqdır. 5 yaşda uşaqların məktəbəhazırlıq qruplarına cəlb edilməsi də əsas məqsədlərdən biridir. Əvvəlki illərlə müqayisədə bu göstəriciləri 30 faizdən 90 faizə çatdırmağa hazırlaşırıq”.

Konfrans “Məktəbəqədər təhsildə yaşıl nümunələr və oyunəsaslı öyrənmə” və “Məktəbəqədər təhsildə davamlı keyfiyyət və onun idarə olunması” panelləri ilə davam etdirilib.

R.ABİŞOV
XQ

Təhsil