Biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik

post-img

Dörd il əvvəl, 20 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun apardığı qətiyyətli 44 günlük şanlı müharibə nəticəsində darmadağın edilmiş Ermənistan ağ bayraq qaldırdı və İrəvan təslim aktını imzalayaraq, Ağdam rayonunu həqiqi sahibinə qaytarmaq öhdəliyini öz üzərinə götürdü. Beləliklə, Ağdam azadlığına qovuşdu. Özünəməxsus gözəlliyi ilə  seçilən, torpağının hər qarışında türk-islam irsinin izi, nəfəsi duyulduğu Ağdam işğaldan sonra hamını heyrətə gətirdi. Ağdam erməni vandalları tərəfindən Qafqazın Xirosiması kimi xarabalığa çevrilib, Qarabağın qapısı adlandırılan “ruhlar şəhəri” otuz il ərzində misli görünməyən erməni vəhşiliyilə şahidlik edib. Təkcə xalqımıza deyil, tarixi yurd yerlərimizə belə nifrətlə baxan barbarlar canlı və cansız hər şeyi dağıdaraq Ağdamı yerlə-yeksan ediblər. Yalnız gördüklərimiz şəhərdə və ətrafında alaq otları və dağılmış binaların xarabalıqları ilə örtülmüş boş küçələr idi.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. 

O qeyd edib ki, Ağdam rayonunun strateji əhəmiyyəti böyükdür. Ermənilər Qarabağa ərazi iddiaları başlayandan sonra Ağdam faciəli hadisələrin episentrinə çevrildi. Hadisələrin ilk günlərindən ən böyük çətinliklərlə üzləşən də Ağdam rayonu və onun əhalisi oldu. 1988-ci ilin son aylarında Ermənistandakı evlərindən, sonra isə “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndən deportasiya olunmuş on minlərlə azərbaycanlı burada sığınacaq tapmışdı. 1992-ci ildə Dağlıq Qarabağı tamamilə işğal edən Ermənistanın davamlı hücumlardan sonra, 1993-cü il iyulun 23-də Ağdam işğal olundu. 

Əlbəttə, işğal altında olan ərazilərmiz kimi, Ağdamın erməni qəsbkarlarının tapdağı altında qalması ilə Azərbaycan heç zaman barışa bilməzdi. Gec-tez ədalət öz yerini tutmalı idi. Nəhayət, erməni təxribatlarına cavab olaraq başlanılmış əks-hücum nəticəsində Azərbaycan Ordusu əsir düşmüş şəhər və qəsəbələrimizi, kəndlərimizi azad etdi. Şuşanın azad olunmasından sonra ağ bayraq qaldırmağa məcbur edilən Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyannaməyə uyğun olaraq, Ağdam şəhərini və işğal altında olan Ağdam rayonunun torpaqlarını Azərbaycana qaytardı. Beləliklə, Ağdam rayonu bir güllə də atılmadan, siyasi yolla azad edildi. 

Düşmənin xarabılğa çevirdiyi Ağdam rayonunda bərpa işləri sürətlə davam edir. İntensiv aparılan tikinti işləri onu deməyə əsas verir ki, tezliklə Ağdam doğma sakinlərinə qucaq açacaq. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. 

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyəti ilə azad olunan Ağdamda Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır və əbədi olaraq dalğalanacaqdır.

Bu bayraq Azərbaycan dövlətinin və liderinin gücünün rəmzidir.  Biz bu güc ilə qalib gələrək Qarabağı, Şərqi Zəngəzuru, azad olunmağın sevincini yaşadığımız Ağdamı azad etdik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. 

Ancaq güclü  Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Siyasət