COP29-un geosiyasi və siyasi-tarixi əhəmiyyəti

post-img

II MƏQALƏ

Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Hüseyn CAVİD

Mədəniyyət

COP29-un Azərbaycanda keçirilməsinin mədəniyyət konteksti çox maraqlı və əhəmiyyətlidir. Milli mədəniyyətin təşviqi ilə yanaşı, dünya mədəniyyət nümunələrinə Azərbaycan dövlətinin və insanlarının yanaşması baxımından əhəmiyyətini anlamaq lazımdır. Bu iki istiqamətin bir-biri ilə əlaqəsi heç kəsdə şübhə doğurmur. Lakin müasir geosiyasi və kulturoloji reallıq elədir ki, həqiqət olanı belə sübut etmək gərək olur.

Azərbaycan dövləti müstəqillik mərhələsində həmin istiqamətdə sistemli və ardıcıl xətt həyata keçirmişdir. Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin həm özünəməxsusluğu, həm də dünya mədəniyyətinə töhfələri ilə bağlı çox mühüm proqramları reallaşdırmışdır və bu proses davam edir. Azərbaycan Respublikası qlobal miqyasda qədim mədəniyyəti, əxlaqı və humanitarlığı olan dövlət kimi qəbul edilir.

Müasir mədəniyyətdə humanitarlıq və sülhsevərlik çox ciddi yer tutur. Hətta, indi filosoflar humanitarlığı, ümumiyyətlə, dövlətlərin əsas simalarından biri kimi təhlil edirlər. Azərbaycan Prezidenti 2003-cü ildən bu yana humanitarlıq, sülhsevərlik və mədəniyyətlərin qarşılıqlı əlaqəsi istiqamətlərində çox böyük addımlar atmışdır. Məhz bu fəaliyyət sayəsində Azərbaycanda humanitarlığa, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa, dinlərarası münasibətlərin dinc məcraya yönəldilməsinə, xalq diplomatiyasının daha da fəallaşmasına həsr edilmiş çox sayda mötəbər beynəlxalq tədbilər keçirilimişdir və bu proses davam edir.

Azərbaycan Prezdenti BMT və Qoşulmama Hərəkatı daxilində fəaliyyəti ilə Azərbaycan Respublikasının mədəniyyətlər, sivilizasiyalar və dinlər arasında dialoqa tam hazır dövlət olduğunu sübut etmişdir. Eyni zamanda, Azərbaycan rəhbərliyi şəxsi təşəbbüsü ilə qlobal miqyasda humanitarlığın, paylaşmanın, qarşılıqlı yardımlaşmanın və ədalətliliyin təmin edilməsi ilə əlaqədar çox mühüm tədbirlər təşkil edilmişdir. Onların sırasında COVID-19-la bağlı özünü göstərən ədalətsizlik, haqsızlıq, ayrı-seçkilik və tərəfkeşlik hallarına qarşı BMT-nin səfərbər edilməsi istiqamətində atdığı addımlar böyük əks-səda doğurmuşdur.

Şübhə etmirəm ki, Prezidentin Azərbaycanı sivilizasiya, mədəniyyət və humanitarlıq aspektlərində fəal şəkildə təqdimatı və təşviqatı aparılmasaydı, COP29-a evsahibliyi etməsi mümkün olmazdı. Belə olmasaydı, neçə-neçə böyük və güclü dövlətlər öz sırasını gözləməzdi! Belə olmasaydı, Ermənistan və havadarlarının təxribatçı fəaliyyətinə BMT üzvləri uyardılar! BMT Baş katibi Antoni Quterreşin əhval-ruhiyyəsindən aydın görünür ki, böyük bir tədbirin məhz Bakıda yüksək səiyyədə təşkilindən son dərəcə məmnundur. Bu, Azərbaycan Prezidentinin, müstəqil dövlətimizin, qədirbilən xalqımızın, böyük mədəniyyətimizin, ziyalılığımızın, mənəviyyatımızın qələbəsidir. COP29 kontekstində sonuncu tezis yalnız emosional deyil, həm də mənəvi, mədəni və humanizm aspektlərində vacib məqamı ifadə edir.

“Mən anayam, bu səsimdə Yerin, Göyün dərdi var”

Məncə, COP-un tarixində ən yüksək yerdə durmalı olan tezislərdəndir! Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi bu sözlər böyük Azərbaycan insanının qəlbinin döyüntüləri, harayı, yanğısı və nidasıdır! İndiki mərhələdə dövlət insanının, siyasət adamının bəşəriyyətin üzləşdiyi problemlərə əsl Ana kimi münasibət göstərməsi nadir hadisələrdəndir. Bir sıra hallarda siyasətlə məşğul olan qadınlar, çox təəssüf ki, insanlara sərt və humanitar olmayan münasibət göstərirlər.

Mən, dünyanın bütün qadınlarından üzr istəyirəm, lakin bir qadın nazir Qərbi Azərbaycandan minlərlə qadın və uşağın təhqirlərlə dolu deportasiya edilməsini dilinə gətirmirsə, bu davranışın adı nədir?! Türk kişiləri tarixən gözəllik, analıq, qadınlıq qarşısında baş əyiblər! Biz dəyişməmişik - elə də varıq! Ancaq Avropa ölkələrindən birinin qadın naziri namusunu qurtarmaq üçün özünü dağlardan atan türk qadınların hüququndan danışmaq istəmirsə, bunu heç zaman qəbul etmərik. Bu, neçə-neçə ananın taleyinin ayaqlar altına atılmasıdır!

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva isə bir cümləsi ilə dünyanı tərpətmişdir! Əsl ana qəlbi ilə ümumilikdə azərbaycanlı anaların mənəviyyatını, humanistliyini, bəşəriliyini və sülhsevərliyini bəyan etmişdir! COP kontekstində məsələnin bu aspektinə siyasi fəaliyyət müstəvisində də baxmaq olar.

Heydər Əliyev Fondu: sistemli təbliğat və təşviqat

Biz hər şeydən öncə əsrlərlə Azərbaycan (türk) mədəniyyətinə bir sıra dairələrin qərəzli və böhtançı münasibət göstərməsinin fonunda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, bütün sferlarda olduğu kimi Azərbaycan mədəniyyətinin təbliği və təşviqi istiqamətində həyata keçirdikləri olduqca əhəmiyyətli proqramları nəzərdə tuturuq.

Əlbəttə, bu prosesin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyevin beynəlxalq təşkilatlarla keçən əsrin 90-cı illərində qurduğu sıx əməkdaşlıq (məsələn, BMT, UNESCO, ISESCO və s.) öz bəhrələrini verməkdədir. Heydər Əliyev Fondunun yaradılması bu baxımdan olduqca əhəmiyyətli hadisədir. Çünki Ulu öndərin müəyyən etdiyi kurs daxilində bu fond müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasətinin ölkədaxili miqyasdan çıxarılaraq bütün dünya mahiyyətinin, məzmun və məqsədlərinin dərk edilməsi baxımından çox ciddi və sistemli rol oynayır.

Fond 2004-cü ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə yaradılmışdır. Heydər Əliyev Fondunun yaradılması və fəaliyyət fəlsəfəsi aşağıdakı kimi izah edilir: “Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.

2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir”.

Aydındır ki, Heydər Əliyev Fondu müstəqil dövlətçiliyin inkişafına ciddi töhfələr vermək çərçivəsində mədəniyyət aspektində Azərbaycan cəmiyyətinin potensial gücünün əyaniləşməsi istiqamətində möhtəşəm işlər görmüşdür və görməkdədir. Dünyanın müxtəlif guşələrində fondun fəaliyyəti sayəsində milli mədəniyyətimizin əsl mahiyyəti azərbaycançılıq və dünya mədəniyyəti kontektində çox gözəl təbliğ və təşviq olunmaqdadır. Bu fəaliyyəti ilə Heydər Əiyev Fondu həm ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir, həm də beynəlxalq miqyasda Azərbaycan dövlətinin sivil obrazının yaradılmasında misilsiz xidmət göstərir. Şübhə yoxdur ki, Azərbaycanın sivilizasiya və mədəniyyət məkanı kimi tanınması birbaşa beynəlxalq təşkilatlarda dövlətin və ölkənin nüfuzunu yüksəldən faktorlardan biri rolunu oynamaqdadır. Bu amilin COP29-un Azərbaycanda keçirilməsinə bütün BMT üzvlərinin səs verməsinə təsiri inkaredilməzdir.

Məsələnin başqa aspekti də çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin beynəlxalq arenada siyasi fəaliyyəti ilə Mehriban xanım Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti harmoniya təşkil edir. Prezident İlham Əliyev siyasi-diplomatik sahədə Azərbaycanın müstəqil dövlət kimi nüfuzunu yüksəldir, Mehriban xanım Əliyeva mədəniyyət, humanitarlıq, paylaşma, yardımlaşma və digər aspektlərdə ölkə rəhbərinin siyasətinə ciddi dəstək verir. Prezidentin və Birinci vitse-prezidentin fəaliyyətləri müstəqil Azərbaycanın güclü, demokratik, sivil, hüquqi mədəniyyətlərə tam açıq, multikultural dəyərlərə üstünlük verən ölkə yaratmaqda birləşir!

Burada ulu öndər Heydər Əliyevin BMT-nin yüksək kürsüsündən bəyan etdiyi bir tezisi xatırlamaq yerinə düşərdi. Heydər Əliyev 1994-cü il sentyabrın 29-da BMT-də nitqi zamanı bəyan etmişdi ki, Azərbaycan xalqı və dövləti Yer kürəsinin hər bir nöqtəsində təcavüzkarlığın olmasına qarşıdır. Həm də təcavüzkarlığın hər hansı bir formasına qarşıdır. Yəni, təcavüzkarlığın hərbi, mədəni, sivil, hüquqi, informasiya, ideoloji, əxlaqi, mənəvi və digər formalarını qəbul etmirik! Azərbaycan dövləti bütün dünyada sülh istəyir. Cənubi Qafqazda sülh istəyir! Biz “bütün qonşu dövlətlərdə sülh və mehriban münasibətlər istəyirik”!

Bu tarixi çıxışdan bir il sonra yenə də BMT-nin yüksək tribunasından Ulu öndər bütün dünyaya səsləndi. Dedi ki, Azərbaycan xalqı əsrlərlə azadlığa can atmışdır. İndi o, milli müstəqillik qazanmışdır. “Bizim respublikamız qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutmuşdur”!

Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin kimliyini açıqlayan bu fikirlərinin işığında Prezident və Birinci vitse-prezidentin yuxarıda vurğuladığımız fəaliyyətlərini təsəvvür edək. Dəqiq və düşünülmüş siyasi kursun davamlı və harmonik həyata keçirilməsi nümunəsidir! BMT COP29-u kimə etibar etməyin lazım gəldiyini çox yaxşı bilir!

Hazırda Bakıda dünyanın müxtəlif ölkələrindən gəlmiş on minlərlə nümayəndə və 80-dən çox dövlət və hökumətin başçısı, diplomatlar, ekspertlər qlobal miqyasda ədalətli iqlim, dayanıqlı və “yaşıl inkişaf”, humanitarlıq, sivillik, yardımlaşma və digər aktual məsələləri müzakirə edirlər. Bakı bu tədbirə yüksək səviyyədə hazırlanmışdır. Dövlət çox səliqəli və sivil formada işləri təşki etmişdir. Paytaxtda yüksək nizam-intizam və məsuliyyət aydın hiss olunur. Vətəndaşlar da, həmişə olduğu kimi, müstəqil dövlətlərinin yanındadırlar. Azərbaycanlılar hakimiyyətin bu təşəbbüsünə və çalışmasına böyük dəstək verirlər!

Bütün Azərbaycan COP29-un uğurlu olmasını arzulayır. Azərbaycana gələn prezidentlər bunu görür və heyrətlərini gizlətmirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə, böyük səmimiyyətlə təbrik etmişdir! Qardaş Türkiyə Azərbaycanla qürur duyur! Konqo Respublikasının Prezidenti də demişdir ki, COP29 yüksək səviyyədə təşkil edilmişdir və bu, böyük uğurdur. Digər ölkələrin başçıları da eyni fikirlər söyləmişlər.

Azərbaycan sivilizasiya və mədəniyyət məkanı kimi COP29-da özünü tamamilə doğrultmuşdur. Azərbaycan iqtidarının və xalqının çalışqanlığı, sivilliyi və mədəniyyəti dünya miqyasında məsuliyyətli tədbirlər təşkil etməyə tam yetərlidir. Obrazlı desək, Azərbaycan sübut etdi ki, sivillik və mədəniyyətlilik aspektlərində də qitələr arasında vacib körpü rolunu oynaya bilər. COP29-dan çıxarıla biləcək ilk əhəmiyyətli nəticələrdən biri bundan ibarətdir. Başqa mühüm məqamlar da mövcuddur.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət