Dünya gündəmini zəbt edən iqlim dəyişikliyi və davamlı inkişaf məsələləri ətrafında Bakı müzakirələri davam edir. Ekoloji problemlərdən çıxış yolları axtarılmasının vacibliyini və COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini paytaxtımızın qonaqları da etiraf edirlər. Onlar Bakının yaşıllığından və mətbəxindən də həvəslə danışırlar.
Tevodros Tibebe Sisay dostları ilə birgə Azərbaycana səfər etdiyini vurğuladı. İnşaat mühəndisi olan qonaq Bakının qədim və müasir arxitekturasından çox xoşu gəldiyini bildirdi:
– Cənubi asiyalı kimi insanların istiqanlı olması da ürəyimcədir. Düşünürəm ki, növbəti dəfə ailə üzvləri ilə Bakıya gələcəyəm. Şəhərin “Alov qüllələri” kompleksi, Dənizkənarı Bulvar, “Ağ şəhər” bulvarı və digər görməli yerləri ilə tanışlıq məndə xoş təəssürat oyatdı.
COP29-a gəlincə onu deməliyəm ki, çox möhtəşəm təşkil edilib. Ekoloji böhran şəraitinin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycanın gördüyü işlər təqdirəlayiqdir. Azərbaycanda parkların, yaşıllıqların salınması, “Yaşıl enerji” zonalarının yaradılması da onu göstərir ki, ölkənizdə ekologiyanın qorunmasına böyük diqqət yetirilir.
Novosibirskdə yaşayan Yelena Kvasnikova artıq 1 həftədir ki, Bakıdadır. Heydər Əliyev Mərkəzində müxtəlif sərgilərdə olduğunu deyən müsahibimiz əlavə etdi ki, “Alov qüllələri”, “Qız qalası”, “Ağ şəhər” bulvarı, Dənizkənarı Milli Park, digər parklar, xiyabanlar çox xoşuna gəlib:
– Dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biri kimi tanınan Azərbaycan sürətlə dəyişir, gündən-günə inkişaf edir. Şəhərdə çoxlu turistlər var. Dünyanın müxtəlif ölkələrinin nümayəndələri ilə hər addımda qarşılaşırıq. Bu, bir daha dünyada ölkənizə artan marağın göstəricisidir.
Bakının havası da bu günlər çox gözəldir. Sanki bahar fəslidir. Küçələr təmiz, parklar səliqəlidir. Burada hər şey insanın zövqünü oxşayır. Azərbaycan qədim tarixə, mədəniyyətə malik ölkədir. Bakıda olduğumuz müddətdə incəsənət nümunələri, milli musiqi alətləriniz, xalçaçılıq sənəti ilə tanış olduq. Dağüstü Parkda olduq, Şəhidlər Xiyabanını da ziyarət etdik. Bir sözlə, səfərimiz çox maraqlı keçir.
Dönərxanadan sevdiyi “ayaqüstü yeməklər” alan Geunmin Lee ilə həmsöhbət olduq. Koreyalı qonaq Bakıda hazırlanan hamburger, sendviç, hot-dog, pizza, dönər-kabab, tost, qızarmış toyuq kimi yeməklərin çox fərqli olduğunu dedi:
– Yeməklər çox dadlı və fərqlidir. İstər ət, istərsə də tərəvəz yeməkləri zövqümcədir. Onun təmiz hazırlanmasına xüsusilə diqqət yetirilir. Bu da onu göstərir ki, Azərbaycanda qidanın keyfiyyətinə diqqət yetirilir. Bu gün planetimizdə ən narahatedici məqamlardan biri də qəbul etdiyimiz qidanın keyfiyyətsizliyidir. Bacardıqca süni qatqılar və konservantlardan azad olan ekoloji qidalara üstünlük verməliyik. Eləcə də, suyun çirklənməsi ciddi ekoloji problemdir. Axı təmiz su bütün canlı orqanizmlərin, o cümlədən insanların mövcudluğu üçün mühüm şərtdir. COP29-un ekoloji qida istehsalına olan dəstəyini xüsusi qeyd etməliyik. Bununla biz, həm planetin, həm də insanların sağlamlığını qoruyan dayanıqlı qidalanmaya doğru addım atırıq.
Azərbaycanın çox gözəl olduğunu bildirən qonaq dedi:
– Böyük məmnuniyyətlə ölkənizdə yaşayardım. Amma qayıtmalıyıq.
İndoneziyalı Muhemmed Novel Azərbaycanda çox gözəl ab-havanın olduğunu bildirdi:
– Adətən irimiqyaslı tədbirlərin keçirildiyi şəhərlərdə qarışıqlıqlar üzündən narahatlıqlar olur. Bakıda hər şey öz axarı ilə gedir. İqlim böhranı qarşısında hamımızın birləşdiyi məkan kimi Azərbaycan xüsusən mühüm rol oynayır. Mən də COP29-la bağlı Bakıya gəlmişəm. Burada tərcüməçi kimi çalışıram.
Bu gün iqlim dəyişikliyi ilə bağlı milli və beynəlxalq səviyyədə əməkdaşlığın inkişaf etdirilməsini görmək bizə çox xoşdur. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsinə xüsusi önəm verdiyini bilirik. Arzu edirik ki, bütün dünya ölkələri iqlim dəyişikliyi ilə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirsinlər.
Yaponiyalı Noriko Yoshizava COP29 çərçivəsində keçirilən bütün tədbirlərin dünyanın diqqət mərkəzində olduğunu bildirdi. İqlim dəyişikliyinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin zəruri olduğunu deyən qonaq konfransda vacib mövzularla bağlı fəal müzakirələrin getdiyini vurğuladı:
– Bu tədbir dünya ölkələrinin iqlim dəyişikliyinə qarşı mübarizədəki strateji hədəflərini geniş auditoriyaya çatdırmaq üçün vacib platformadır. COP29-la bağlı Azərbaycana, həm də çoxlu turist gəlib. Onlara hər addımda rast gəlirik. Elə özüm də ilk dəfədir ki, Bakıda oluram. Azərbaycanla bağlı müəyyən məlumatım var idi. Xaricdə onu daha çox neft ölkəsi kimi xarakterizə edirlər. Ölkəniz həm də müasir tikililəri ilə diqqəti cəlb edir. Bakını dünyanın ən gözəl paytaxtları ilə müqayisə edə bilərəm. Burada qədimlik ilə müasirliyin vəhdətindən doğan heyrətamiz harmoniya var. Belə ki, müasir göydələnlərlə yanaşı, qədim qalalar, tarixi abidələr diqqəti cəlb edir. Bir sözlə, Azərbaycandan xoş təəssüratla ayrılacağam.
Səudiyyə Ərəbistanından olan Usama Muhammadin fikirləri də maraqlıdır. Hazırda Pakistanda yaşayan biznesmen Bakıya qədəm qoyduğu andan xoş hisslər yaşadığını dedi:
– Səyahət etməyi sevirəm. Bakının unikallığı xüsusilə məmnunluq doğurur. Regionlara da səfər planlaşdırmışam. Artıq Qəbələ və Qubada olduq. Azərbaycanın ən dilbər güşələrindən biri olan “Şahdağ”a da getmək istəyirik. Bayramlarınız haqqında çox eşitmişəm. Azərbaycana növbəti səfərimi Novruz bayramı ərəfəsində etmək istəyirəm.
Leyla QURBANOVA,
Vüsalə ƏLİYEVA,
Cavid QAÇAYEV (foto)
XQ