Zəfər marafonunun 33-cü günü
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
• Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti xeyli itki verərək geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun iki T-72 tankı, iki BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və altı avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
• Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntülərini yayıb.
• Ermənistan ordusunun yüksəkrütbəli bir neçə zabiti məhv edilib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib: “Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.
Dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.
Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib. Bundan əlavə, 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.
• Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı hərbi sursatın, zirehli texnikanın və avtomobillərin videogörüntüsünü paylaşıb.
Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatı qənimət kimi götürüb. Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinləri və mülki infrastrukturu hədəfə alır.
Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var: “Mülki insanlara ziyan vurmadan, ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək”.
• Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq, sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində indiyədək düşmənin xeyli sayda döyüş texnikası, hərbi sursatı məhv edilərək sıradan çıxarılıb və qənimət götürülüb. Düşmənin ümumi itkiləri 2,7 milyard dollar dəyərində qiymətləndirilir.
• Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, əsasən könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir.
Düşmənin 7-ci dağ atıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Ölən və yaralananlar olub.
Xocavənd rayonunun Sos yaşayış məntəqəsi istiqamətində hərəkət edən şəxsi heyətin komandanlığa tabe olmaqdan və əmri yerinə yetirməkdən imtina edərək ərazini tərk etməsi barədə yuxarı komandanlığa məlumat verilib. Həmin hərbi qulluqçuların yenidən mövqelərinə qaytarılması ilə bağlı görülən tədbirlər isə nəticəsiz qalıb.
Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib. Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.
Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya olunan hərbi hissəsində də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs ediliblər.
Görülən bütün cəza tədbirlərinə baxmayaraq, Ermənistan müdafiə nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.
Erməni hərbi qulluqçularının döyüşdən kütləvi şəkildə imtina etməsinə səbəb Azərbaycan Ordusunun döyüş meydanında qələbələri və düşmənə endirdiyi dəqiq atəş zərbələri nəticəsində çoxlu sayda döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsi ilə bağlı təqdim edilən videogörüntülərdir.
• Oktyabrın 28-də Bərdəyə raket zərbələri endirilib. Əməliyyat-axtarış qruplarının apardıqları əməliyyat tədbirləri nəticəsində iki ədəd “Smerç” raketinin qalıqları aşkarlanıb. Həmin 9M525 kaset tipli raketin içində 72 bombacıq olur. Ümumilikdə, Bərdədə 144 bombacıq tapılıb. Onların hər birinin tərkibində isə 330 qram partladıcı maddə və 456 qəlpə yerləşir.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Qəzənfər Əhmədov Bərdədə təşkil edilən brifinqdə deyib: “Oktyabrın 27-də Bərdəyə endirilən zərbədə də həmin qadağan olunmuş raketdən istifadə olunub. Bundan əvvəl də Goranboy, Tərtər, Ağcabədidə də mülki əhaliyə qarşı istifadəsi beynəlxalq konvensiyalara görə qadağan olunmuş kaset tipli raketlərin qalıqları və bombacıqları ANAMA tərəfindən aşkarlanıb. Eyni zamanda, Füzuli rayonunda ağ fosfor tərkibli partlamamış sursat aşkarlanaraq zərərsizləşdirilib.
• Azərbaycan Ordusunun bölmələri Bərdədə mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələrini, işğalçı ordunun qüvvə və vasitələrini darmadağın ediblər.
• Hava Hücumundan Müdafiə bölmələrimiz Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsini məhv ediblər.
• Ermənistanın terror hücumları nəticəsində sentyabrın 27-dən oktyabrın 29-u saat 13:00-dək həlak olan mülki şəxslərin sayı 90-a çatıb, 392 nəfər xəsarət alıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• Xarici diplomatlar Bərdədə erməni terrorunun izləri ilə tanış olublar.
XQ