İrəvanın “gizli revanşizmi”

post-img

Qarabağın erməni mirasından umacaqları nədir?

Ermənistan rəhbərliyinin təmsilçiləri yenə cəfəng məsələlərlə məşğuldurlar. Əslində, biz onların dilə gətirdiklərinə bu prizmadan yanaşırıq. Rəsmi İrəvana gəldikdə isə onun üçün cəfəngiyyata varmaq çox adi haldır. Yəni məsələ dövlət siyasətinin “mühüm tərkib hissəsidir”. Ən böyük problem də elə budur.

Söhbət Qarabağın “erməni mirası” adlandırılan sərsəmlikdən gedir. Hazırda dilini dinc qoymayan Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan uydurur bunu. V.Kostanyan təsmil olunduğu qurumun, ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilmiş konfransdakı çıxışı zamanı nələri dilə gətirib, bu barədə söz açacağıq. Hələlik isə bəzi məqamları diqqətə çatdıraq.

Məsələ ondadır ki, Azərbaycan işğala son qoyduqdan, lokal xarakterli antiterror tədbirləri ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistanın xarici siyasətində ayrıca vektor yaranıb. Bu vektorun təsiri ölkənin beynəlxalq məhkəmələrə müraciətlərinin motivinə də təsir göstərib. Belə ki, rəsmi İrəvan hər vəchlə çalışır ki, işğaldan azad edilmiş ərazilərimizdə hansısa abidənin erməni mirası kimi təsdiqlənməsinə nail olsun. İlk baxışdan, bunlar başıpozuqluq və şizofreniya əlamətidir. Ancaq nəzərə alsaq ki, qonşu ölkələrə təcavüz məntiqi tipik erməni xislətinin zay məhsuluna çevrilmiş sağalmaz xəstəlikdir, deməli, Ermənistan rəhbərliyinin hazırkı miras oyunu da eyni xarakterə malikdir. İzah edək necə?

Erməni beyin mərkəzləri hesab edirlər ki, tutalım Ağdamdakı, yaxud Zəngilandakı və ya hansısa başqa bölgəmizdəki hər hansı abidənin beynəlxalq səviyyədə erməni mirası kimi təsdiqlənməsinə, mövcud istiqamətdə hüquqi əhəmiyyətə malik qərar və qətnamələrin çıxarılmasına müyəssər olsalar, bu amil gələcəkdə ərazi iddiası üçün əsas formalaşdıracaq. Ortaya, təxminən, belə bir məsələ çıxacaq... Bir halda ki, torpaq üzərindəki abidə ermənilərə məxsusdur, deməli, həmin torpağın da onlara aidliyini demək mümkündür. Yəni, rəsmi İrəvan sərsəmliyin və avantürizmin yedəyindədir. Heç şübhəsiz ki, bu, gələcəyə hesablanmış “plandır”. Erməni “düşüncə strateqləri”nin fikrincə, nə zamansa, ölkələri güc toplasa və yenidən işğala girişsə, miras məsələsi bu niyyətə hüquqi don geyindirmək üçün lazımlı duruma gələcək. Onlar həmin durum üçün bazanı indidən formalaşdırmağa çalışırlar. Deməli, rəsmi İrəvan revanşizmə can atır. Amma bunu, öz aləmində gizli edir. Məşhur el məsəlində deyildiyi kimi, “Dəvəquşu başını quma soxur, elə zənn edir əndamı görünmür”.

Əlbəttə, indiki məqamda haqqında bəhs etdiyimiz gülünc gündəm formalaşdırmaq Azərbaycan – Ermənistan sülhünə, ölkələr arasında barış mühitinin yaranmasına zərbə olmaqla yanaşı, etimad quruculuğu tədbirlərinə də xələl gətirir. Şübhəsiz ki, rəsmi İrəvan bu məqamı düşünməmiş deyil. Yəni, Ermənistan XİN rəhbərinin müavini V.Kostanyanın dilə gətirdikləri heç də adi məsələ sayıla bilməz.

Nazir müavini, Qarabağ üzərinə köklənərək bildirir ki, guya, bölgənin erməni irsi məhv və ya təhrif təhlükəsi ilə üz-üzədir. O, ardınca daha fərqli tərzdə sərsəmləyib. Qeyd edir ki, dünyada mədəni irsə hücumlar, mədəni kimliyin inkarı münaqişələri qızışdırmaq və beynəlxalq sabitliyi pozmaq üçün alət kimi istifadə olunur. Deməli, belə çıxır ki, Azərbaycan, guya, erməni irsinə zərər vurmaqla, qızışdırıcı mövqe tutur. Göründüyü kimi, Kostanyan fikirləri ilə cəfəngiyyatın kökünə enir. Adam otuz ilə yaxın davam etmiş işğalın Azərbaycan xalqında nə qədər ağır mənəvi yaralar açması reallığını düşünmür, faktiki olaraq, beynəlxalq hüquqla və bəşəri dəyərlərlə aşkar manipulyasiya yolu tutur.

Bu yerdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bir müddət əvvəl erməni jurnalistin Azərbaycanın Qarabağın erməni mirasına təcavüzü xüsusundakı həyasız sualına cavabı zamanı dilə gətirdiyi bir cümləni xatırladaq: “Mən başa düşdüyüm qədər, söhbət Azərbaycanın ərazisindən gedir və ölkənin öz qanunları var”.

Bəli, bəşəri prinsiplərlə manipulyasiya Ermənistan hakimiyyətinin köhnə şakəridir. Yəni, V.Kostanyan fikirləri ilə heç də yenilik etmir, ənənəvi erməni həyasızlığını bir daha ortaya qoyur. Həyasızlıq həm də ondadır ki, onun təmsil etdiyi ölkə otuz illik işğal dövründə Azərbaycanın mədəni irsini nəinki dağıdıb, eyni zamanda, ən ağlasığmaz şəkildə təhqirə məruz qoyub. Kostanyan barbar təfəkkürlü qövmün və həmin qövmün zəlzələdən, ya vəlvədən yaranmış dövlət adlı qurama strukturunun nümayəndəsi olduğunu unutmamalıdır. Ancaq unudur və açıq tekstlə ölkəmiz əleyhinə hədyanlar yağdıdır, Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasına interpreativ yanaşır.

Necə deyərlər, “İt hürər, karvan keçər”. Yəni, kostanyanların, mirzoyonların, lap elə paşinyanların sərsəmləmələrinin Azərbaycana zərrə qədər təsiri yoxdur. Ancaq vurğuladıq ki, onların dilə gətirdikləri hər bir cəfəng fikrin, bütövlükdə, Cənubi Qafqaz platformasındakı sülh quruculuğuna ciddi ziyanı var. Sülhün təmin olunmadığı mühitdən ən böyük ziyanı isə Ermənistanın görəcəyi və hazırda da gördüyü birmənalıdır. Ona görə də erməni rəsmiləri dillərini sakit saxlamağın vacibliyini nə qədər tez anlasalar, bir o qədər yaxşı olar! Amma o da aydın görünür ki, onlar düzələn deyillər və hər ötən gün buna əminliyimiz bir qədər də möhkəmlənir.

Ə.RÜSTƏMOV
XQ

Siyasət