Onlar Nikol Paşinyanın dediklərini təkzib etdilər
Bu ölkənin sonuncu dəfə nə zaman diplomatik normativlər, siyasi prinsiplər, ən azı mənəvi əndazələr çərçivəsində addım atdığını nəinki özləri bilmirlər, heç beynəlxalq aləmdə də eşidib, görən olmayıb. “Qaraçı qızını tərifləyən kimi” hər gün öz adlarına hansısa tarixi uğur yazdıqlarına baxmayaraq, hələ də normal dövlətçilik prinsipləri yoxdur. Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində onlar növbəti dəfə rüsvay oldular.
Belə ki, seçkinin başa çatmasından dörd-beş saat sonra kütləvi informasiya vasitələri xəbər yaydılar ki, Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidzeni təbrik edib. O, “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının seçkilərdə qalib gəlməsi münasibətilə həmkarına təbrik məktubu ünvanlayıb. Paşinyan bildirib ki, Gürcüstanla əlaqələrin davamlı inkişafı Ermənistan hökumətinin xarici siyasət prioritetlərindən biridir. (Daha deməyib ki, ərazi iddialarımız öz yerində). İrəvanın dostları demiş, “Xub!”
Dövlət başçısının həmin məktubunun yayılmasından bir neçə saat sonra isə məlum oldu ki, Gürcüstanda keçirilən seçkiləri müşahidə etmək üçün bu qonşu ölkəyə göndərilmiş Ermənistan parlamentariləri seçkinin hazırlanmasında və səsvermə prosesində “çoxsaylı qanun pozuntuları müşahidə ediblər”. Əvvəla, bu fakt o deməkdir ki, Nikol Paşinyan qanun pozuntuları ilə müşayiət olunmuş seçkilərin nəticəsini bəyənir və “saxta yolla” qalib gəlmiş siyasi lideri təbrik edir.
Bu nə dövlət, nə dövlətçilikdir? Bu nə idarəetmə, necə tabeçilikdir? Parlamentarilər dövlət başçısının mövqeyinə “bir qoz!” deyirlərsə, onda onların hansı qərarına, sözünə, imzasına inanmaq olar?
İkinci, axı beynəlxalq aləmdə hamı bilir ki, ermənilərin tarixi Azərbaycan torpaqlarında qurduqları “Ermənistan dövlətində” son otuz ildə bir dəfə də olsun, normal, dünya təcrübəsinə cavab verə biləcək seçki, referendum və ya hansısa demokratik tədbir keçirilməyib.
Bunlar parlamenti gülləbaran edib ondan çox deputatı öldürən xalqın, “dövlət”in təmsilçiləri deyilmi? Axı indiyədək Ermənistan parlamentinin deputatları neçə dəfə iclas zalında yumruq davasına çıxıblarsa, sayını dəqiq bilən yoxdur. Ölkənin var-dövlətinin talanması, işğal edilmiş Azərbaycan ərazilərinin təbii sərvətlərinin qarət edilməsi, xüsusən, beynəlxalq aləmdəki erməni diasporunun on illər boyu göndərdiyi sayı-hesabı bilinməyən ianələrin mənimsənilməsi uğrunda gedən mübarizədə “Qarabağ klanının” ( Robert Koçaryan və Serj Sarkisyanın timsalında) etdiyi seçki saxtakarlıqlarını bilməyən varmı?
Ona görə də erməni müşahidəçilərin Gürcüstandakı seçkilər haqqında söylədikləri iftiralar gülüncdür. Ən azı, ölkəsində parlament binası gülləbaran edilənlərin heç olmasa, qonşu ölkənin yanında dili qısa olmalıydı.
Bəs ermənilər Gürcüstanda nə deyiblər? Bu sualın cavabını “Kavkaz-uzel.eu/articles” saytında oxuduq. Orada bildirilir ki, Müstəqil Müşahidəçi koalisiyasını təmsil edən Ermənistandan olan müşahidəçilər Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinə “inamı sarsıdan” ciddi pozuntular olduğunu iddia edirlər. “Kavkaz-uzel.eu”nun yazdığına görə, oktyabrın 26-da Gürcüstan parlamentini seçmək üçün keçirilən səsvermə zamanı dairə seçki komissiyalarına pozuntularla bağlı 337 şikayət daxil olub. Kimlərinsə təşkil etdiyi hücumlar nəticəsində səsvermə prosesini işıqlandıran azı 25 jurnalist yaralanıb, müxalifət nümayəndələri və müşahidəçilər də hücuma məruz qalıblar. Qeyri-hökumət təşkilatları seçki məntəqələrində baş verən bu hadisələrin araşdırılmasını tələb ediblər . Xatırladaq ki, bu iddiaları hansısa Avropa və ya Asiya müşahidəçiləri deyil, məhz İrəvanın təmsilçiləri deyiblər. “Utanmasan oynamağa nə var ki?”
Bildirilir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi və Məlumatlı Vətəndaşlar İttifaqının təmsil etdiyi Müstəqil Müşahidəçi koalisiyası oktyabrın 25-dən Gürcüstanda keçirilən parlament seçkilərində müşahidə missiyası aparıb. Məlumatlı Vətəndaşlar İttifaqının koordinatoru Daniel İonnisyanın sosial şəbəkədəki səhifəsində qeyd etdiyi kimi, Koalisiya qeyd edir ki, seçkiqabağı təşviqat dövründə və seçki günü “missiya seçicilərin rüşvətxorluğu, onların iradə ifadəsinə inzibati təzyiqlər, habelə səsverməyə nəzarət etmək üçün seçicinin şəxsiyyət vəsiqələrindən istifadə edilməsi barədə çoxlu etibarlı məlumat əldə edib.”
D.İonnisyan bildirib ki, “Gürcü Arzusu” partiyasının və seçki komissiyalarının nümayəndələrinin hərəkətləri şübhəli idi: “Səsvermə kabinələrinin forması və yeri, səsvermə binalarına kameraların quraşdırılması, eləcə də səsvermənin monitorinqinin digər üsulları ilə bağlı yalan məlumatların yayılması buna sübutdur”.
Qərəzli münasibət o yerə çatıb ki, ya Nikol Paşinyan öz təbrik məktubunu təkzib etməlidir (ondan nə desən, çıxar), ya da müşahidəçilər “qələt (səhv) elədiklərini” etiraf etməlidilər. Bunların heç birinin baş verməməsi də qəribə görünməyəcək. Çünki Ermənistan adlı dövlətin mövcudluğu daim bu qəbildən olan absurdluqlar, iyrəncliklər və həyasızlıqlarla dolu olub. Hələ bunlar nədir ki?..
İttifaq MİRZƏBƏYLİ