Simonyanın ucuz populizmi

post-img

və yaxud “Pralay” sülhü barədə düşüncələr

Ermənistan parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu sessiyasında çıxış edərkən bir fikir səsləndirib: “Bundan sonra daha “mükəmməl” yaxşının düşməni olmamalıdır”. A.Simonyan bunu deyərkən, ölkəsi ilə Azərbaycan arasındakı sülh müqaviləsi layihəsi üzərində dayanıb. Bildirib ki, sözügedən layihə çərçivəsindəki beynəlxalq miqyasda qəbul edilmiş 5 müddəa ilə bağlı razılıq əldə olunub. Erməni spiker onu da bildirib ki, ümumilikdə razılığa gəlinmiş müddəaların sayı 16-dır.

Bakı və İrəvan arasında ciddi sülh prosesinin bir neçə ay əvvəl başladığını diqqətə çatdıran A.Simonyan, həmçinin pafosa üstünlük verərək, Azərbaycanla Ermənistanın barış sazişi imzalamanın astanasında olduğunu vurğulayıb: “Biz Azərbaycanı mümkünü reallığa çevirmək üçün siyasi iradə göstərməyə, imkandan istifadə etməyə, bizə qoşulmağa çağırırıq. Biz bu gün sülh sazişini imzalamağa hazırıq”.

Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Bu deyimi təkcə A.Simonyanın deyil, ümumən, Ermənistanın hakim komanda üzvlərinin bir çoxunun ölkəmizlə barış məsələsindəki açıqlamalarına şamil etmək mümkündür. Azərbaycan 44 günlük müharibədən sonra məğlub Ermənistana barış əlini uzadıb, Simonyan isə ölkəmizin ölkəsinə qoşulmasından danışır. Azərbaycan Ermənistana deyil, Ermənistan Azərbaycana qoşulmalıdır. Çünki barışı ilk təklif eləyən Azərbaycan olub. İkincisi, indiyədək siyasi iradə göstərməyən, hər cür oyunbazlığa yol verən İrəvandır. Yəni, Simonyanın da tərkibində yer aldığı hakim erməni siyasi komandası.

Bilavasitə sülh sazişini imzalamağa hazır olmaqdan söz düşmüşkən isə deyək ki, baş nazir Nikol Paşinyan da bir müddət əvvəl istər BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən, istərsə də MDB Dövlət Başçıları Şurasının Moskvadakı toplantısı çərçivəsində eyni fikri dilə gətirmişdi. Ancaq burada spesifik məqam var. Rəsmi İrəvanın təmsilçiləri beynəlxalq müstəvidə elə fon yaradırlar ki, sanki Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır, ölkə mütərəqqidir, səmimidir və sair. Simonyan hazırda bu təqdimatlara, bir növ, pafos ritorikasını əlavə etməklə diqqəti özünə cəlb edir. Belədə, istər-istəməz, sual yaranır: Ermənistan sülhə hazırdırsa, o zaman hazır olmayan tərəf kimdir? Aydındır ki, diqqətlər Azərbaycan üzərinə yönəlir və əslində, Ermənistan rəsmilərinin də məqsədi budur ki, ölkəmizi xarici aləmə qeyri-konstruktiv tərəf kimi göstərsinlər. Belə yanaşma yolverilməzdir, səmimiyyətdən tam uzaqdır. Rəsmi İrəvanın yanaşması həm də ona görə yolverilməzdir ki, onun mövqeyində sülhün özü yox, sülh məsələsində ciddi manipulyasiya var. Bəs manipulyasiya nədədir, ondan da söz açacağıq.

Həqiqətən, Azərbaycan–Ermənistan sülh müqaviləsi layihəsi üzrə bir çox məqamlar razılaşdırılıb. Hərçənd, konkret nələr razılaşdırılıb, bu barədə heç nə deyilmir. Amma ortaq məxrəcə gəlinməyən məsələ da aydındır. Söhbət Naxçıvana yoldan gedir. O yoldan ki, onunla bağlı müddəa Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında yer alıb. Bəyanatın 9-cu bəndində bildirilib: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Üçtərəfli bəyanatın 9-cu bəndindəki “maneəsiz hərəkət” ifadəsinə diqqət yetirək. Azərbaycan çox doğru olaraq bunu “Azərbaycandan Azərbaycana yol” məntiqi ilə əsaslandırır. Yəni, yolda heç bir gömrük və sərhəd nəzarəti olmamalıdır. Ermənistan isə məsələnin qoyuluşu ilə razılaşmır. Nəinki razılaşmır və 44 günlük müharibənin məğlubu kimi üzərinə düşən öhdəliyi yerinə yetirmir, eyni zamanda, yeni reallıqlar formalaşdırmağa çalışır. Məsələn, Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan bu günlərdə “Armenpress”in sorğusuna cavab olaraq bildirib ki, İrəvanın irəli sürdüyü “Dünyanın kəsişməsi” ideyası ölkəsinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün planlaşdırdığı layihədir. Göründüyü kimi, ortada ciddi həyasızlıq var. Çünki diqqətə çatdırdığımız 9-cu bənd, kifayət qədər, konkretdir. Yerdə ancaq onu icra etmək qalır. Hansısa söz oyununa, interpretasiyalara ehtiyac yoxdur.

Bəli, Ermənistan üzərinə düşənləri icra etmək istəmədiyi üçün “Dünyanın kəsişməsi”ni irəli sürüb. Məqsəd bu təşəbbüsün köməyi ilə ölkənin qlobal nəqliyyat dəhlizinin açar fiquruna çevirməkdir. Elə bir fiqura ki, kommunikasiyaların açılmasından qazanacağı dividend ona avantürizmi diri saxlamaq üçün kömək olsun, sipərə çevrilsin. Bakıda durumu çox yaxşı dərk edirlər. Ölkəmizin rəhbərliyi gözəl bilir ki, qlobal nəqliyyat xabının episentrinə çevriləcək Qərbpərəst Ermənistan həm prosesdən maddi və mənəvi gəlir götürəcək, həm də həmin Qərbin təhriki ilə istənilən an həmin nəqliyyat xabının işini iflic edəcək, layihə iştirakçılarını şantaj yolu tutacaq. Buna görə də sülh müqaviləsinə tam yanaşmaq lazımdır.

Prezident İlham Əliyev isə bir neçə gün əvvəl Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bildirib ki, barış sazişinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Dövlətimizin başçısı Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini deyib və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.

Deməli, bir daha aydın olur ki, A.Simonyanın əvvəldə diqqətə çatdırdığımız “Bundan sonra daha mükəmməl yaxşının düşməni olmamalıdır” fikri də mənasızdır. Həm də ona görə ki, Ermənistan 1988-ci ildən bəri ölkəmizə düşmən münasibəti bəsləyib, müstəqil Ermənistan Respublikasının qayəsini Azərbaycana qarşı işğalçılıq siyasəti təşkil edib və hazırda rəsmi İrəvan bu yaramaz dəstxətti dəyişmək üçün heç bir əməli tədbir görmür. Yəni, tam təminatlı barış yolu ilə getmək istəmir. Çalışır ki, sülh müqaviləsi formal sənəd olsun. Elə bir sənəd ki, onu gələcəkdə rahatlıqla pozmaq və qəsbkarlığa başlamaq üçün əsaslar qalsın. Tələsik, qeyri-müəyyən sülh müqaviləsi təbliğatı məhz bu səbəbdən işə salınıb.

Bildirdik ki, Simonyanın çıxışı bu təbliğatı gücləndirmək üçün pafos ritorikasından ibarətdir. Nəinki pafosdan, eyni zamanda, erməni spikerin bildirdikləri ucuz populizmin köməyi ilə reallığı təhrif etmək cəhdidir. Daha sərt reallıq isə budur ki, Ermənistan sürətlə silahlanır, özünün hərbi potensialını gücləndirir. Yeri gəlmişkən, bu günlərdə “Alpha Defense” portalı Hindistanın Ermənistana “Pralay” tipli kvaziballistik raketlər satacağını açıqlayıb. 150 kilometrdən 500 kilometrədək məsafədəki obyektlərə zərbə endirə bilən bu raketlər hədəfə çatmazdan əvvəl havada manevr edərək raket hücumundan müdafiə qüvvələrinin hədəfindən yayınmaq qabiliyyətinə malikdir. Onu da deyək ki, “Pralay” raketlərinin istehsalına 2023-cü ildən başlanılıb və hazırda onların bir qismi Hindistanın Çinlə sərhədində yerləşdirilib. Deməli, simonyanların, paşinyanların və digər yanların açıqlamaları fonunda Ermənistanın sülhə necə hazır olduğu ortadadır. Hesab edirik ki, əlavə şərhə ehtiyac qalmır.

Ə.CAHANGİROĞLU
XQSimonyanın



Siyasət