“Binokl diplomatiyası”na Danimarka da qoşuldu

post-img

Kopenhagenin bədnam Aİ missiyasına daxil olması müsbət qarşılanmır

Avropa İttifaqının (Aİ) Ermənistandakı özü mülki adlansa da, hərbi xarakterli fəaliyyət göstərməsi ilə gündəmə gələn monitorinq missiyasından yeni xəbər var.

Bir müddət öncə Kanadanın da cəlb olunması ilə NATO missiyasına çevrilən dəstə fəaliyyətini daha da genişləndirir. Bu günlərdə, adətən, Avropanın siyasi ambisiyaları olmayan dövlətlərindən biri kimi xarakterizə edilən Danimarka da missiyada təmsil olunmaq qərarına gəlib.
Bununla bağlı yayılan məlumatda qeyd olunur ki, Danimarkanın Milli Polis Departamentinin əməkdaşlarından ibarət qrup Ermənistan–Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasına qoşulub. Bu barədə Aİ-nin Ermənistandakı monitorinq missiyası məlumat yayıb.

Missiyanın tərkibində fəaliyyət göstərəcək qrup sərhədboyu ərazidə patrul fəaliyyətinə cəlb olunub. Qeyd edilib ki, qrupun tərkibindəkilərdən üçü polis əməkdaşı, digərləri isə mülki şəxslərdir.

Qeyd edək ki, missiyanın bölgəyə göndərilməsinə Avropa Siyasi Birliyinin 2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk sammitində qərar verilmişdi. Müvəqqəti, yəni iki ay müddətinə regiona göndərilən və sonradan müddəti uzadılan missiyanın fəaliyyəti Azərbaycanda narazılıqla qarşılanır. Narazılığın əsas səbəbi bununla bağlıdır ki, missiya mülki adlansa da, onun tərkibində Avropanın bir sıra ölkələrinin, o cümlədən, regionda destruktiv siyasət yürüdən Fransanın ehtiyatda olan jandarm qüvvələri, polis zabitləri təmsil olunurlar. Digər səbəblər isə missiyanın say tərkibinin razılaşmada nəzərdə tutulan 40 nəfər əvəzinə 50 nəfər olması, müddətinin uzadılmasının Azərbaycanla razılaşdırılmaması və bölgədə sülhün təmin olunmasına heç bir formada töhfə verməməsidir.

Ancaq görünən odur ki, avropalılar başqalarını tez-tez tənqid etsələr də, özləri tənqiddən nəticə çıxarmağı xoşlamırlar. Biz onun regionda sülh və əmin-amanlığa heç bir töhfə vermədiyi üçün fəaliyyətinin məhdudlaşdırılmasına çağırış etdiyimiz halda, missiya fəaliyyətini daha da genişləndirir. Adı Aİ-nin missiyası olsa da, onun işində Kanada da təmsil olunmağa başlayıb. Bununla bağlı ölkəmiz öz narazılığını dəfələrlə müxtəlif səviyyələrdə ifadə edib. Sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirdi: “Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq “Avropa sülh”, ya bilmirəm “müşahidəçi” missiyası yaradılıb, halbuki, bu, əldə edilmiş razılaşmanın pozulmasıdır. Mən həm Avropa İttifaqına, həm Ermənistana onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, – bəli, biz də razılıq vermişdik, – Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aya. Yəni, bizimlə bu razılaşdırıldı. Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO missiyasıdır. Ondan sonra bizə qarşı “Binokl diplomatiyası”, siyasəti aparılırdı. Gecə-gündüz xarici nümayəndələr gəlir, “binokl”la bizə baxırdılar. Nə göstərmək istəyirdilər bizə?! Bu, nə demonstrasiyadır, nə ucuz şoudur?! Bütün bu amillər bizi ciddi düşündürməlidir və təbii ki, düşündürür”.

Dövlətimizin başçısı bu istiqamətdə sonuncu dəfə öz fikirlərini oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən səsləndirdi. Bildirdi ki, Azərbaycan – Aİ münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə “Avropa müşahidəçi missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Dövlətimizin başçısı bildirdi ki, biz Aİ ilə təmaslarda bu məsələni qaldıracağıq.

Onu da bildirək ki, indiyədək missiyada Avstriya, Belçika, Bolqarıstan, Kanada, Kipr, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya və İsveç təmsil olunurdu. Bu qədər ölkəni təmsil edən 209 nəfərin bölgədə sabitliyin və əmin-amanlığın təmin olunmasına hansısa töhfə verdiklərini demək çətindir. İndi isə onların sırasına Danimarkanın qoşulması müsbətə doğru heç nəyi dəyişməyəcək. Çünki missiyanın fəaliyyəti mənasız və məntiqsizdır. Onların nəyi monitorinq etdikləri də aydın deyil. Faktdır ki, son vaxtlar sərhəd bölgəsində atəşkəs pozuntuları qeydə alınmır. İddiaların əksinə olaraq Zəngəzur dəhlizini açmaq üçün bizim o əraziyə hücum etmək planımız yoxdur. Heç zaman da olmayıb. Belə çıxır ki, Aİ missiyası faktiki olaraq işsiz-gücsüz qalıb. Bu vəziyyətdə missiyanın sıralarının genişləndirilməsi yox, onun geri çağırılması daha doğru olardı.

S.NAZİMOĞLU
XQ







Siyasət