“ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd qismində, Amerikanın erməni icmasına ünvanladığı müraciətdə “Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququna istinad edib.
İlk növbədə, qeyd edək ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir”. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatının davamında bildirilib:
“Bundan əlavə, ABŞ vitse-prezidentinin qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır.
Biz vitse-prezident Harrisə müraciət edərək, onu Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyə və qayıdış hüququ məsələsində etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməməyə çağırırıq”.
***
Qərbi Azərbaycan İcması digər bəyanatında Niderlandın xarici işlər nazirinin ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya, məcburən tərk etməsinə dair iddiasını pisləyib:
– Hamıya məlumdur ki, ermənilər Azərbaycan hökumətinin reinteqrasiya və vətəndaşlıq təklifini qəbul etməkdən imtina edərək, öz iradələri ilə Qarabağ bölgəsini tərk etmişlər.
Niderlandın Azərbaycana qarşı sistematik olaraq əsassız iddialarla çıxış etməsi qəbuledilməzdir. Dekolonizasiyanı həyata keçirməkdən imtina edərək yerli əhalinin hüquqlarını pozan Niderlandın insan hüquqları və humanitar məsələlər barədə danışmağa mənəvi haqqı yoxdur.
Biz Niderlanddan Azərbaycana qarşı böhtan kampaniyasını dayandırmağı və Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmaq hüquqlarına hörmətlə yanaşmağı tələb edirik”.
XQ