Ermənistan revanşizm xülyasından əl çəkib Azərbaycana təzminat ödəmək barədə düşünməlidir

post-img

Bu, beynəlxalq hüququn və sivil əxlaqın tələbidir

Beynəlxalq hüququn normalarına zidd olaraq ərazi iddiaları ilə Azərbay­cana hərbi təcavüz etmiş Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlamaqla kifayətlənməmiş, qarət və dağıntılarla ölkəmizə yüz milyardlarla manatlıq maddi ziyan vurmuşdur. Tarixi torpaqlarımızı işğal edən düşmən yaşayış məskənlərimizi viran qoymaqla, soydaşlarımızı yurd-yuvalarından didərgin salmaqla, minlərlə günahsız mülki şəxsi yaşamaq hüququndan məh­rum etməklə yanaşı, tarixi-mədəni abidələrimizi də məhv etmişdir. 

Dünya birliyinin etinasız münasibətin­dən, işğal faktına göz yuman bir sıra ölkələ­rin və beynəlxalq təşkilatların ikili standart­larından ruhlanan Ermənistan beynəlxalq və humanitar hüququn prinsiplərinə zidd olaraq yeraltı və yerüstü sərvətlərimizi də talayıb. Bu azmış kimi, düşmən şirin su hövzələri­mizi kimyəvi tullantılarla çirkləndirib, müa­licəvi əhəmiyyətli bütün bulaqları dağıdıb, ya da onun məhsullarını Ermənistan brendi adı altında xaricə satıb. 

Torpaqlarımızın işğaldan azad edilməsi Ermənistanın vaxtilə bir milyon azərbay­canlının yaşadığı suveren Azərbaycan əra­zilərində törədilmiş dağıntıların həcmini üzə çıxarmağa imkan yaradıb. Məlum olub ki, düşmən işğal etdiyi ərazilərdə daşı daş üstə qoymayıb, şəhər, kənd və qəsəbələrimizdə bütün tikililər: evlər, xəstəxanalar, məs­cidlər, mədəniyyət abidələri hətta qəbirlər yerlə-yeksan edilib. Bütövlükdə isə, Ermə­nistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 4 min 866 nəfər it­kin düşüb, 100 min nəfər yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlilə çevrilib. İşğal zamanı mülki və təsərrü­fat obyektləri ilə yanaşı, ölkəmizin çoxsaylı maddi-mədəni nümunələri, o cümlədən 44 dini məbəd, 18 məscid qəddarcasına dağı­dılıb.

Eyni zamanda, düşmən həmin ərazilər­də Azərbaycanın min illərlə tarixi olan mə­dəniyyət abidələrini də məhv edib. Həmin dövrə kimi qədim Azərbaycan torpaqlarında mövcud olmuş 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidə­si, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 ki­tabxana, 808 klub, 4 teatr və 2 konsert salo­nu, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə dağıntılara məruz qalıb.

Tarixdə bu cür vandalizm aktlarına isə orta əsrlərdə, cəngəllik qanunlarının hökm sürdüyü vaxtlarda rast gəlinmişdi. Bey­nəlxalq hüquq isə faktiki olaraq işğalçı dövlətin nəzarəti altında yerləşən ərazilərin işğal rejimi altında olduğunu və bu fakta yol vermiş dövlətin orada baş verənlərə görə məsuliyyət daşıdığını vurğulayır. Bununla yanaşı, mülkiyyətin, mədəni irsin, tarixi abi­dələrin, xəstəxanaların və s. dağıdılması qa­dağan edilir. Buna baxmayaraq, beynəlxalq hüququn tələblərinə əsasən maddi və mənə­vi abidələri, ətraf mühiti, təbiəti qorumaq öhdəliyi olan işğalçı Ermənistan bu prinsip­lərə qətiyyən əməl etməyib. Elə dağıntıların həcmi də düşmən dövlətin azərbaycanlıların bütün tarixi və mədəni izini silmək üçün bu dağıdıcı fəaliyyəti planlı şəkildə həyata ke­çirməsini təsdiq edir. 

Bütün bunlar isə Ermənistanın üzərinə ölkəmizə təzminat ödəmək kimi beynəlxalq məsuliyyət qoyur. Qeyd edək ki, hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi mövcud hüquqi rejim çərçivəsində, qüvvədə olan qaydalara uyğun davranış sərgiləməsi, sadəcə, bir seçim deyil, bu onun üzərinə düşən öhdəlikdir. Əgər hər hansı dövlət mövcud hüquqi nizamın müəyyən qaydasını pozursa və qeyri-qanuni vəziyyət yaradırsa, demək, o üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və yaratdığı vəziyyət nəticəsində vurduğu zərərin qarşılığını ödəməlidir. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə toxunaraq bildirib ki, rəsmi Bakı Ermənista­nın Qarabağdakı qanunsuz istismarı ilə bağlı bütün hüquqi prosedurlara start verib: “Mən bu haqda Azərbaycan ictimaiyyətini məlu­matlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndləri­mizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir”.

Yeri gəlmişkən, təzminat məsələsi tarix boyu dövlətlərarası münasibətlərdə özünü daha çox ticarət müstəvisində büruzə ve­rib. Beynəlxalq daimi ədalət məhkəməsi 1928-ci ildə təzminatın dəyən zərərin nəti­cələrinin aradan qaldırılmasını və zərərdən əvvəlki vəziyyətin bərpasını nəzərdə tutdu­ğunu təsdiq edir. Artıq dövlət qeyri-qanuni fəaliyyətin doğurduğu nəticələrin aradan qaldırılması üçün təzminat ödəməyə borc­lu hesab edilir. Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi beynəlxalq hüququn fundamental prinsiplərini pozan və bey­nəlxalq hüquq tərəfindən qadağan edilmiş təcavüz aktıdır. Belə ki, Ermənistan silahlı qüvvələrinin dövlət sərhədlərimizi keçməsi, Azərbaycan ərazilərində döyüşməsi və qey­ri-qanuni erməni hərbi birləşmələri ilə hərbi əməliyyatları planlaşdırması təcavüzün ba­riz nümunəsidir.

Ermənistan bu təcavüzə, 30 illik işğal dövründə ölkəmizə vurduğu ziyana görə təzminat ödəməlidir. Həmin ziyan isə mil­yardlarla dollar səviyyəsində ölçülür. Bu proses üzrə təzminatın məbləği də kifayət qədər yüksək olmalıdır. 2020-ci il 44 gün­lük Vətən müharibəsi zamanı Ermənistanın bütün hərbi potensialı ilə məğlubiyyətini etiraf etməsi həm də təcavüzün etirafı idi. Bu, Ermənistanın beynəlxalq məsuliyyətini təsdiqləyir, onun beynəlxalq öhdəliklərini pozaraq qeyri-qanuni vəziyyət yaratdığını və bu vəziyyətin doğurduğu nəticələrə görə məsuliyyət daşıdığını göstərir. 

Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Hər iki döv­lət arasında sülh və barışıq isə, ilk növbədə, maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Ekspertlərin fikrincə, mənəvi ziyan Er­mənistanın təcavüz və işğalçılıq siyasətinə görə Azərbaycan xalqından üzr istəməsini və ərazi iddialarından hüquqi və siyasi müstəvi­də birdəfəlik imtinasını ehtiva edirsə, maddi ziyan fərdi və ictimai zərərin kompensasiya­sını nəzərdə tutur. Ermənistanın işğal etdi­yi ərazilərdə vurduğu zərərin həcmi Vətən müharibəsindən dərhal sonra hesablanıb. Həmin ziyanın məbləği isə bir trilyon dollar məbləğində qiymətləndirilir. Ziyanın məb­ləği isə çox yüksək olduğu üçün Ermənistan iqtisadiyyatı bu məbləği tam ödəmək gücün­də deyil. 

Ekspertlər bu qənaətdədirlər ki, Ermə­nistan vurduğu ziyana görə təzminatı bir neçə formada ödəyə bilər. Hər şeydən əvvəl qeyd edək ki, XX əsrin böyük münaqişələ­rinin yekununda məğlub olmuş təcavüzkar dövlətlərin zərərin ödənilməsi ilə bağlı öh­dəlikləri sülh müqaviləsində öz əksini ta­pıbdır. Bu baxımdan Ermənistanla sülh da­nışıqları mütləq şəkildə təzminat məsələsini də əhatə etməli, onun vurduğu zərərin bərpa edilməsi üçün ödəyəcəyi məbləğin miqdarı və ödəniş formaları müəyyən olunmalıdır. 

Əgər Ermənistanın maliyyə durumu buna imkan vermirsə, bununla bağlı bey­nəlxalq təzminat fondu yaradıla bilər. Bu gün Ermənistanı revanşizm kimi mənasız və məntiqsiz bir ideyaya sürükləyən “dostları” həmin fond vasitəsilə təzminatın ödənilmə­sində iştirak edə bilərlər. Eyni zamanda, Azərbaycana qarşı həyata keçirdiyi qey­ri-insani hərəkətlərə yol verən Ermənistan öz ərazisindən ölkəmizin xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminat razı­laşmasına da gedə bilər. 

Ekspertlər hesab edirlər ki, bu növ təz­minat Ermənistanın müəyyən əraziləri üzə­rində suveren hüquqlarından Azərbayca­nın xeyrinə imtina etməsini və ya suveren ərazilərində müəyyən funksional suveren hüquqların, yəni müəyyən fəaliyyət sfera­larının uzunmüddətli konsessiyasını özün­də ehtiva edə bilər. İqtisadçı ekspert Eldə­niz Əmirov Rusiyanın pula görə Alyaskanı Amerikaya satdığını buna misal çəkərək de­yir ki, situasiya fərqli olsa da, ölkənin ölkəyə torpaqsatma təcrübəsi mövcuddur. Onun sözlərinə görə, pulu olmayan Ermə­nistan Arazdan şimala doğru olan ərazisini təzminat olaraq Azərbaycana verə bilər.

İşğalçı Ermənistan təkcə yaşayış məntəqələrimizi viran qoymaqla, mülki əha­liyə divan tutmaqla kifayətlənməyib. Düş­mən 30 illlik işğal dövründə Azərbaycanın minlərlə kvadratkilometr ərazisində milyon­larla müxtəlif növ mina basdırmaqla bəşəri cinayətlərə yol verib. Ölümsaçan həmin mi­nalar bu gün də vətəndaşlarımızı təhdid edir, bir çoxlarının ölümünə və ya şikəstliyinə sə­bəb olur. Əsas qurbanlar isə günahsız mülki şəxslər və minatəmizləmə əməliyyatlarını həyata keçirənlərdir. Bütövlükdə isə, 2020-ci il noyabrın 10-dan indiyədək 370 nəfərdən çox vətəndaşımız işğaldan azad olunmuş ərazilərdə minaya düşüb. 

Yeri gəlmişkən, Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. Ekspertlər hesab edir­lər ki, Ermənistan təkcə dağıntılara görə de­yil, həm də Azərbaycan ərazilərini mina ilə çirkləndirdiyinə görə təzminat ödəməlidir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi­nin İdarə Heyətinin sədri Fərid Şəfiyev bil­dirib ki, mina problemi Ermənistan və Azər­baycan arasındakı normallaşma prosesində vacib hissəni təşkil edir. Mina problemi­nin miqyasının çox böyük olduğunu və bu problemlə mübarizədə Azərbaycana kifayət qədər beynəlxalq dəstək verilmədiyini söy­ləyən ekspertin sözlərinə görə, xüsusən də mövzu Ermənistan olduqda humanitar şou yaradan dövlətlər bu barədə qərəzli mövqe sərgiləyirlər: “Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə Azərbaycan ərazisində baş verib. Dağıntılar, mina ilə çirklənmə məhz Azərbaycan torpaqlarında həyata keçirilməsinə baxmayaraq, ölkə­mizə müvafiq həcmdə yardım göstərilmədi. Azərbaycan ərazilərinin mina ilə çirkləndi­rilməsi Ermənistanın təcavüzkar və işğalçı siyasətinin mahiyyətini ortaya qoyur. Qeyd edə bilərik ki, həmin minaların böyük qismi Ermənistanda istehsal olunub”.

XQ

Siyasət