I YAZI
Ermənilər harada olsalar yeri düşdükcə türklərlə ədavət saxlayıb, onlara düşmən gözü ilə baxıblar. Onlar zaman-zaman Azərbaycan və Anadolu türklərinə qarşı torpaq iddiaları irəli sürüb, silah və terror yolu ilə öz məkrli siyasətlərini həyata keçirməyə çalışıblar. Havadarlarının köməyi ilə Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması da bu planın tərkib hissəsi olub. Ermənilərin özbək və qazax türklərinə qarşı məkrli planları da tarixin qanlı səhifələrindəndir. Bugünkü söhbətimizdə ermənilərin Türküstanın Fərqanə vadisində – Özbəkistanda törətdikləri qırğınlardan bəhs edəcəyik.
Ondan başlayaq ki, Petroqradda 1917-ci ildə baş verən bolşevik inqilabı keçmiş Rusiya imperiyasının başqa regionlarında da hakimiyyəti zor gücünə ələ keçirmək üçün başlanğıc oldu. Türküstanın paytaxtı Daşkənddə və başqa iri şəhərlərdə hakimiyyət bolşeviklərin əlinə keçdi. Müvəqqəti höküməti qəbul etməyən hər bir kəsi bolşeviklər həbs edirdilər.
Türküstanda niyə “Kokand” muxtariyyəti?
Bolşeviklər yaradılan Türküstan muxtariyyətinin əhəmiyyətini azaldaraq onu “Kokand muxtariyyəti” adlandırırdılar. (Qədim Kokand xanlığını yadımıza salaq. Hazırda isə Kokand Fərqanə vadisinin qədim şəhərlərindən biridir) Bununla demək istəyirdilər ki, müxtariyyət bütün Türküstanda yox, formal olaraq yalnız Kokandda mövcuddur. Bolşeviklər müsəlman təşkilatlarının nümayəndələrini məcburi olaraq Kokanda köçməyə və siyasi mərkəzi orada yaratmağa məcbur edirlər.
Kokand təsadüfən seçilməmişdi. Müsəlman müxalifətinin mərkəzi olmaq üçün Kokandın bir neçə üstünlüyü var idi. Birincisi, keçmişdə bu şəhər Kokand xanlığının paytaxtı olub və müsəlman əhali üçün böyük əhəmiyyət kəsb edirdi. İkincisi, Kokandda yeni hökumətə maddi kömək göstərəcək nüfuzlu müsəlman burjuaziya nümayəndələri yaşayırdılar. Üçüncüsü, Kokand Daşkəndə yaxın idi və dağ aşırımı ilə qorunurdu.
1917-ci il noyabrın 26-28-də (yeni tarixlə dekabrın 9-11-də) Kokandda IV fövqəladə Ümummüsəlman qurultayında başda Müvəqqəti Şura olmaqla Türküstan muxtariyyətinin yaradılması elan olunur. İlk əvvəl muxtariyyətə Muxamedcan Tanışbayev rəhbərlik edir, sonra onun yerinə tanınmış ictimai xadim Mustafa Şokay keçir. Şokay Rusiya ilə federativ münasibətlər qurulması yolunu tutur. O deyib: “Mütəşəkkil dövlət qurmaq üçün nə kadr var, nə də təcrübə. Ən əsası, gələcəkdə muxtariyyəti qorumaq üçün ordu da yoxdur. Biz Rusiya ilə sülh və dostluq şəraitində yaşamalıyıq. Bunu yaşadığımız coğrafiya da diktə edir”.
Kokandın Türküstan antibolşevik qüvvələrinin mərkəzi olmaq üçün şansı var idi. Kokandda müsəlman partiya və hərəkatları, həmçinin bolşeviklərə qarşı mübarizə aparmağa hazır olan eserlər, kazaklar və başqa qruplar birləşə bilərdilər. Müsəlmanlar əvvəlcə muxtariyyəti sevinclə qarşılasalar da əhalinin yeni hökumətin ətrafında birləşməsinə nail ola bilmirlər. Çünki yeni hökumətin strateji resursları, silahı, ən əsası isə ərzaq ehtiyatı yox idi. O biri tərəfdən də muxtariyyət tərəfdarları antibolşevik cəbhə yaratmaqda qətiyyətli deyildilər, bolşeviklərlə razılığa gəlmək istəyirdilər.
Muxtariyyət tərəfdarları Orenburqda bolşeviklərə qarşı möhkəmlənən general Dutovun tərəfinə keçməkdən də imtina edirlər. Buxara əmiri də onlara düşmən münasibət bəsləyirdi. Nəticədə Kokand ciddi bir düşmənlə üz-üzə qaldı.
Bolşeviklər onun zəifliyindən istifadə edərək Kokand muxtar hökumətini ləğv etdilər, onun üzvlərini isə həbsə atdılar.
Fərqanə qırğınları daKokanddan başlamışdı
Bolşeviklər muxtariyyəti məhv etmək üçün həm daxildən, həm xaricdən bütün qüvvələri səfərbər etmişdirlər. Onlar xüsusi silahlı dəstələrin köməyi ilə Kokand küçələrini atəşə tuturdular. Bu dəstələrin içərisində “Daşnaksütyun” partiyasının millətçiləri çoxluq təşkil edirdilər.1918-ci ildə Türküstan muxtariyyətini məhv etmək üçün 11 eşalon əsgər və artilleriya qurğusu göndərilmişdi. Onlara Konstantin Osipov başçılıq edirdi. Bu dəstələrin əsas üzvləri daşnaklar idi.
Ermənilər Türküstana XIX əsrin ikinci yarısında Rusiya ordusunun ardınca gəliblər və əsasən Səmərqənd, Kokand, Əndican şəhərlərində, Fərqanə vadisində məskən salıblar.
Yaxşı silahlanmış ermənilər Şərqi Anadoluda törətdikləri vəhşilikləri burada da həyata keçirirlər. Erməni millətçiləri yaxşı başa düşürdülər ki, xaos yaratmaq hakimiyyət pilləsində yuxarı qalxmaq üçün ən gözəl vasitədir.
Türküstan şəhərlərində möhkəmlənən bolşeviklər ermənilərin vəhşi əməllərində maraqlı idilər. Bolşeviklər müsəlmanlara etibar etmirdilər, yerli ruslar arasında ikitirəlik vardı. Buna görə də erməniləri inqilabın dayağı kimi görürdülər. Daşnaklara Fərqanə vilayətinin bütün şəhərlərində minlərlə müsəlmanı qarət etmək, əllərindən pambığı, ərzağı, qiymətli nə varsa almaq üçün bütün hüquqlar verilmişdi. Tanınmış özbək tarixçisi Şuxrat Barlas “Fərqanə və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər” adlı kitabında yazır ki, 1918-1919-cu illərdə Fərqanə vadisinin bütün şəhərləri və 180 kənd daşnaklar tərəfindən yer üzündən silinib. Təkcə Kokandda 3 gün ərzində 10 min, Mərgilanda 7 min, Əndicanda 6 min, Namanqanda 2 min, Bazarkurqan və Kokand arasındakı ərazidə 4,5 min insan qətlə yetirilib. Oş şəhərində 2 min, Çust şəhərində 1,5 min insan öldürülüb, uşaqlar tikə-tikə edilib. Daşnaklar qarşılarına çıxanı öldürürb evləri və dükanları qarət edir, məhəllələri yandırırdılar. Suzak kəndinə hücum zamanı bütün əhalini güllələmişdilər. 20 gün ərzində kəndlərə hücumlar davam etmiş, kişi, qadın, qoca, uşaq bilmədən hamını öldürmüşdülər. Onlar təkcə yerli özbəkləri deyil, tacikləri, yəhudiləri, Türkmənistan muxtariyyətini dəstəkləyən rusları da qətlə yetirirdilər.
Daşnaklar Kokand pambıqtəmizləmə zavodunun 50 fəhləsini ailə üzvləri ilə birgə qətl etmişdilər. Daşnaklar insanların əllərini, ayaqlarını kəsir, heç uşaqlara da rəhm eləmirdilər.
1918-ci ilin aprel ayında üsyançılar Namanqana hücum edəndə şəhəri qoruyan Qızıl ordu qüvvələri arasında “Daşnaksütyun” un 2 dəstəsi də var idi.
Özbəkistan Milli Ensiklopediyasında dərc olunan məlumatlara görə, 3 gün ərzində daşnaklar Fərqanə vadisində 35 min dinc sakini qətlə yetiriblər. Arxiv materiallarına və şahidlərin sözlərinə görə, aclıqdan və hərbi əməliyyatlar zamanı milyondan çox adam ölüb. Özbək tarixçisi Mansurxoca Xocayev yazır ki, Sovet hökuməti Türküstan milli-azadlıq hərəkatını yatırtmaq üçün Fərqanə vadisində 260-270 min əsgərdən istifadə edib. 1935-ci ildən 1939-cu ilə qədər minlərlə insan güllələnib və ya Sibirə, Uzaq Şərqə, Rusiyanın şimalına sürgün edilib. Xarici mənbələrin dediyinə görə, Orta Asiyada sovet hökuməti qurulan zaman 5 milyon 600 min insanın həyatına son qoyulub.
Erməni tarixçisi A.A Lalayan XX əsrin əvvəllərində yazırdı: “Daşnaklar Andranik, Amazasp və başqalarının rəhbərliyi altinda türk qadınların və uşaqların, qoca və xəstələrin məhv edilməsində xüsusi “qəhrəmanlıq” göstərirdilər. Daşnak dəstələri ələ keçirdikləri kəndləri xarabazara çevirir, insanları öldürürdülər.
1918-ci ilin əvvəllərində Kokand Şurasının sədri erməni Saakovun rəhbərliyi altında daşnaklar pulemyot və artilleriya silahları ilə silahlanaraq Fərqanə vadisindəki Baçkir kəndinə yaxınlaşırlar. Milli azadlıq hərəkatının ilk lideri kürbaşı Kiçik Erqaşın kəndi olan Baçkiri yandırıb külə döndərirlər.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Daşkənd