Prezidentin nitqi: Müstəqil dövlətçiliyin manifesti

post-img

II MƏQALƏ

İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. An­caq bununla bərabər, bu, bizi sakitləş­dirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

“Kim güclüdürsə, o haqlıdır” məntiqi və erməni revanşizmi

Prezident İlham Əliyev Vətən sava­şında Azərbaycanın əldə etdiyi böyük Zəfər işığında regional proseslərə baxır. Bu məsələni məharətlə qlobal geosiyasi reallıqlar kontekstində izah edir. Bu bağ­lılıqda dövlət başçısı parlamentdə bəyan etmişdir: “İkinci dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitektu­rası artıq mövcud deyil, “Kim güclüdürsə, o haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlət­mirlər”. 

Azərbaycan müasir dövrün bu geosi­yasi xüsusiyyətini nəzərə alaraq, siyasət yeritmişdir. O cümlədən, hərbi gücü daim artırmışdır. Bu proses davam etməlidir. Onun fonunda isə Azərbaycanın dövlət və cəmiyyət olaraq diqqət etməli olduğu çox mühüm məsələ mövcuddur. Prezident İlham Əliyev həmin məsələni parlamentdə diqqətə lakonik tərzdə çatdırmışdır. “Er­mənistanda revanşist qüvvələr baş qaldı­rırlar. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla ya­şayır”.

Buradan Azərbaycanın dövləti maraq­ları baxımından çox aktual olan bir sual yaranır: bu cür ikiqat ziddiyyətli dövrdə Azərbaycan xarici siyasətində hansı xət­tə üstünlük verməlidir ki, dövləti və milli maraqlar təmin edilə bilsin? Eyni zaman­da, Prezidentin parlamentdə həmin sualı müxtəlif müqayisələr və aspektlər kon­tekstində prinsipial olaraq gündəmə gətir­məsi əsaslıdır. 

Məsələ bundadır ki, Milli Məclis xalqın seçdiyi təmsilçilərin fəaliyyət məkanıdır. Dövlət başçısı vurğuladığımız məzmunda sualları parlamentə ünvanlayırsa, dolayısı ilə xalqa müraciət edir. Azərbaycan hüquqi dövlət kimi cəmiyyətlə daim dialoqda olan iqtidara malikdir. İqtidar-toplum dialoqu­nun məkanı isə Milli Məclis olmalıdır. Hər bir sivil və demokratik dövlətdə belədir!

İlham Əliyev problemi dəqiq və konk­ret ifadə edir: Birincisi, müasir qlobal geo­siyasətdə ədalətə deyil, gücə arxalanırlar və hətta bir sıra böyük dövlətlər bunu açıq eti­raf edirlər, ikincisi, Ermənistan məhz həmin gücə arxalanan böyük dövlətlərin havadarlı­ğı ilə revanşizm xülyasından əl çəkmir. Bu­radan dövlət başçısı haqlı olaraq aşağıdakı nəticəni çıxarır: “Onlar (yəni ermənilər və havadarları – F.Q.) İkinci Qarabağ mühari­bəsinin və antiterror əməliyyatının nəticələ­ri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qru­punun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Hər kəs yaxşı bilir Minsk qrupu nə üçün yaradılmışdır – Qarabağ mü­naqişəsinin həlli üçün. Qarabağ münaqişəsi həll olunub, tam və birdəfəlik. Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq sax­lamaq ancaq bir məqsədi güdə bilər ki, yeni­dən bizə qarşı ərazi iddiaları baş qaldırsın”. 

Bunlar yalnız sözdə qalmır, Ermə­nistann havadarları konkret proqramlar hazırlayırlar. Bütövlükdə, “Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliy­yəti, onların qəbul etdikləri qərarlar, qət­namələr, açıqlamalar – bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”. O cümlədən, “media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur – bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbay­can büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur”.

Ümumiləşdirsək, dövlətçiliyimizin mövcudluğu və inkişafı baxımından dü­şündürücü bir situasiyanın yarandığına əmin olarıq. Dünyanın bir sıra böyük gücləri Ermənistana himayədarlıq edərək, ədalətsiz qaydada onu silahlandırır və Azərbaycana qarşı yeni risklər yaradırlar. Burada iki məqam Azərbaycan dövlətinin əks tədbirlər görməsi üçün istiqamətverici rol oynaya bilər. 

Birincisi, hazırda Azərbaycanın Zəfəri­ni həzm edə bilməyən qüvvələr bizə qarşı fəal pozucu mövqe tutmuşlar. 

İkincisi, bu bəd niyyətlərini başlıca olaraq Ermənistan vasitəsilə həyata keçir­məyə çalışırlar. Onda hesab edə bilərik ki, digər istiqamətlərin aktuallığını saxlamaq­la, əsas olaraq Ermənistan istiqamətində daha aktiv mövqe tutmalıyıq. Düşünürük ki, bu məqam yeni tarixi dövrdə xarici si­yasətdə ön planda olmalıdır. Buradan daha geniş kontekstdə mühüm bir siyasi qənaət əldə etmək olar.

Qərbi Azərbaycanın aktuallığı 

Yaranmış vəziyyətdə Azərbaycanın Qərbi Azərbaycan istiqamətində daha fəal siyasi-ideoloji və diplomatik addımlar at­ması məsələsi avtomatik gündəmə gəlir. Burada 3 aspektin qarşılıqlı əlaqəsini gö­rürük. 

Birincisi, Azərbaycan Ordusu Qara­bağı tam azad etməklə “mübarizə müstə­visini” Qərbi Azərbaycana keçirdi. Ta­rixi Azərbaycanın ən böyük regionu olan Qərbi Azərbaycanda zaman-zaman soy­daşlarımıza qarşı amansız, vəhşicəsinə və total miqyasda divan tutmuşlar, günahsız milyonlarla türkü öz yurdundan qovmuş, ağlasığmaz cinayətlər törətmişlər. Bu o deməkdir ki, bütövlükdə, azərbaycanlıla­rın bu tarixi ədalətsizliyi aradan qaldırmaq haqqı vardır. 

İkincisi, Qərbi Azərbaycan İcması bir təşkilat olaraq haqlı şəkildə indi “Ermə­nistan” adlanan ərazidə azərbaycanlıların tarixi haqq və hüquqlarının bərpası üçün konkret addımlar atmalıdır. İcmanın səsi xalqın səsidir, Qərbi Azərbaycan əsilli hər bir insanın harayı və tələbidir! Tarixi və hüquqi baxımdan tam əsaslıdır! Çünki in­san övladı üçün yurdunda yaşamaq haqqı Tanrıdandır!

Üçüncüsü, Milli Məclisin bu proses­də artıq daha fəal və ardıcıl olması vaxtı çatmışdır. Məsələ ondan ibarətdir ki, par­lament hakimiyyəti deyil, cəmiyyəti təmsil edir. Bu mənada Milli Məclis “xalq diplo­matiyası”nın səsidir. Hər bir deputat konk­ret dairələr üzrə seçicini təmsil edir. Yekun olaraq, Milli Məclisin fikri seçicilərin səsi­dir, iqtidarın tələbi deyildir. 

Buna görə də bir deputatın beynəlxalq miqyasda Qərbi Azərbaycan məsələsini gündəmə gətirməsi həm də onun şəxsi və fərdi məsələsidir. Qərbi Azərbaycandan deportasiya olunmuş hüquqşünas, alim, diplomat, məmur və başqa kateqoriyalara aid insanlar dünyanın hər bir siyasi-dip­lomatik məkanında Qərbi Azərbaycanı öz məsələsi kimi qaldıra bilərlər! Bu məqam çox vacibdir. Çünki, xatırlayırıq, Almani­yanın Xarici işlər nazirinə Azərbaycanın rəsmi şəxsləri Qərbi Azərbaycandan de­portasiya olunmuşların hüquqları barədə bir kəlmə belə cavab ala bilmədirlər. Özü də bu, Qarabağdan könüllü getmiş ermə­nilərə məhz Qərbin siyasi-diplomatik və hərbi dairələrinin açıq dəstəyi və hüquqi tələbləri fonunda baş verir. 

Tamamilə aydındır ki, Qərb, könüllü olaraq, bizim həqiqətləri heç vaxt deməyə­cək. Buna görə də ordu və hakimiyyət öz yerində, xalq diplomatiyası da fəallaşma­lıdır. Milli Məclis bu istiqaməti özünün prioritetlərindən biri kimi daim diqqətdə saxlamalıdır. 

Qərbi Azərbaycan və milli təhlükəsizlik

Sözün həqiqi mənasında, hazırda ölkəmizin suverenliyi və təhlükəsizliyi məsələsinin həlli Qərbi Azərbaycandan keçir. Bura sərhədlərin etibarlı qorunma­sı ilə yanaşı, müxtəlif ideoloji şantajlara, təxribatlara qarşı mübarizə, kibertəhlükə­sizliyin təmini və gənclərin milli ruhda tərbiyə edilməsi də daxildir. Prezident İlham Əliyevin Milli Məclisdə ifadə etdi­yi aşağıdakı fikirlər undulmamalıdır: “Er­mənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələ­rindən silah, sursat göndərilir. Bəzi hallar­da açıq – necə ki, Fransa–Ermənistan hər­bi əməkdaşlığı açıq-aşkar aparılır – bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik: kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşı­nır. Yəni, Ermənistanı bizə qarşı yönəlt­mək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır”.

Bunlar təbii ki, birbaşa milli təhlükəsiz­liyə təhdidlərdir. Əgər qarşı tərəf bu kimi addımlar atırsa, Azərbaycan daha qətiy­yətli və əhatəli şəkildə Qərbi Azərbaycan məsələsi ilə məşğul olmalıdır. İndi Ermə­nistan deyilən əzəli tarixi torpaqlarımızdan təhlükələr olursa, onlar neytrallaşdırılmalı­dırlar. Burada silahlı qüvvələrin öz funksi­yası vardır və bunu hamı bilir. Eyni zaman­da, siyasi-diplomatik müstəvidə də hücum taktikası ilə qarşı tərəfin yalan, şantaj və təxribatlarının qarşısını almalıyıq. Çünki bir sıra dairələr çalışırlar ki, “Ermənistan ərazisindən istifadə edərək, Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin”.

Belə alınır ki, Qərbi Azərbaycan məsələsi bir çox aspektlərdə Azərbaycanın müstəqillik kontekstində milli təhlükəsiz­liyin vacib tərkib hissəsidir. Bu baxımdan həmin məsələ bütün cəmiyyətin və dövlə­tin məsələsidir. 

Prezidentin parlamentin ilk iclasındakı nitqinin məntiqindən alınan bu qənaətlərə daha geniş kontekstdə baxmağa ehtiyac vardır. Məsələ onunla bağlıdır ki, İlham Əliyev Azərbacyan dövlətçiliyi üçün ak­tual olan bütün faktorlara sıx əlaqədə və sistem şəklində yanaşır. Bu mənada milli təhlükəsizliyin təmini kontekstində ideo­loji təhlükəsizlik, gənc nəslin milli ruhda tərbiyəsi, Qarabağ və Zəngəzurun bərpası, Ermənistanla münasibətlərin normallaşma­sı və digər məsələlər yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin ümumi is­tiqaməti bağlılığında Prezidentin nitqində yer almışdır. Məsələnin bu aspekti üzərində ayrıca dayanmağa ehtiyac duyulur. 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət