– Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır, həyatını itirənləri və davam edən iztirabları böyük hüznlə yad edir. Kanada Xocalı qətliamı kimi faciəli mülki insan itkisinin heç vaxt təkrarlanmaması uğrunda qətiyyətlə çıxış edib;
– Kanada BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair bütün qətnamələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır;
– Kanada sərhədlərin demarkasiyası və delimitasiyasının ikitərəfli mexanizmlərinin yaradılması, həmçinin Ermənistan və Azərbaycan arasında regional əlaqələrin bərpası kimi mühüm etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üzrə liderlər səviyyəsində dialoqun davam etdirilməsini təşviq edir;
– Kanada regiona sülh və sabitliyin gətirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək və bu səylərə töhfə verməyə hazırdır...
Bunlar iki il altı ay bundan əvvəl Azərbaycanla bağlı Ottavadan səslənən bəyanat, çağırış və açıqlamalardır. Bəs, ötən müddətdə nə baş verdi ki, Şimali Amerikanın bu ölkəsi Azərbaycana arxa çevirdi, ermənipərəst Qərbin düşərgəsinə qoşuldu? Onu Azərbaycana qarşı bu xain addımı atmağa, “Ermənistanın yanındayıq” deməyə vadar edən səbəb var. Ermənistanın Parisin çaldığı havaya oynadığı kimi, Kanadanın da Vaşinqtondan verilən təlimatlarla hərəkət etdiyi hamıya məlumdur.
İndi Kanadanın Xarici işlər naziri Melani Coli Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəfə alır. O, sentyabrın 22-də verdiyi bəyanatla Kanadanın iki ölkə arasında sülhə hansı “töhfəni” verməyə hazır olduğunu açıq şəkildə ortaya qoyub.
“Kanadanın baş diplomatı beynəlxalq hüququn norma və prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasında münaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaq əvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməklə məşğuldur”. Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində o da qeyd olunur ki, Melani Coli 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib saxladığı separatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi üzərində Azərbaycanın suverenliyinin tam bərpa olunması faktından da xəbərsizdir.
Fransız əsilli xanım nazirin separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici siyasət idarəsinin rəhbərinin nə qədər “uzaqgörən” olduğunu göstərir. “Təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədə susmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülki şəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədə erməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətlər yayırlar”, – deyə Azərbaycan XİN-in mətbuat katibi bildirib.
Avropa İttifaqının Ermənistandakı “binokllu polis və hərbçilərdən” ibarət mülki missiyasına qeyri-avropalı kimi qoşulan Kanadanın baş diplomatının İrəvana, Zəngəzura səfərləri, bölgədəki geosiyasi durumdan xəbərsiz naşı açıqlamaları barədə yazmışdıq. İndi onun nəzərinə təkrar çatdırmaq istərdik ki, Qarabağdan və ətraf rayonlardan, Ermənistandan deportasiya edilmiş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətinə bir dəfə də olsun acımayan, onların humanitar və insani hüquqlarına dəstək verməyən, maraq göstərməyən ölkənin okeanın o tayından ünvanımıza hədyanlar yağdırması Kanadanın açıq qərəzli mövqeyinin göstəricisidir. Bu mənada Kanadanın baş diplomatının bölgəmizdə sülhün və təhlükəsizliyin hansı qaydada və necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur.
İ.HƏSƏNQALA
XQ