Bu ölkənin yerli xalqlara qarşı soyqırımını isə Roma papası da etiraf etmişdir
Son vaxtlar Azərbaycanın qazandığı hərbi-siyasi uğurları həzm edə bilməyənlər yenidən ölkəmizə təzyiqlər göstərməyə başlayıblar.
Bu sırada bəzi Qərb ölkələrinin Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin yenidən geri qaytarılması kimi əsassız tələblərini göstərmək olar. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında məhz buna görə bildirdi ki, kim Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Və kim sevinmirsə, deməli dostumuz deyil.
Bizim dostlarımız və qardaşlarımız sırasında dayana bilməyənlərdən biri də Kanadadır. Bu ölkənin xarici işlər naziri Melani Joli bugünlərdə Ermənistanda olarkən Azərbaycanı hədəf alan məsuliyyətsiz və cəfəng fikirlər səsləndirərək, “ermənidən daha artıq erməni” olmaq iddiasına düşüb. O, Azərbaycandan Qarabağı könüllü tərk etmiş ermənilərin geri qaytarılmasını tələb edən bəyanatla çıxış edib.
Təbii ki, İkinci Qarabağ müharibəsini, eləcə də 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirlərini möhtəşəm qələbə ilə başa vurmuş Azərbaycana qarşı belə bəyanatlar səsləndirmək, yumşaq desək, məsuliyyətsizlikdir. Azərbaycan ictimaiyyəti bu cür qeyri-ciddi bəyanatları daim etirazla qarşılayır. Buna görədir ki, Kanada XİN başçısının bəyanatları Azərbaycan XİN və Qərbi Azərbaycan İcmasının ciddi etirazına səbəb olub.
Əlbəttə, məsələ təkcə ondan deyil ki, kimsə Azərbaycana qarşı hansısa ədalətsiz iddia irəli sürür. Söhbət məhz ondan gedir ki, Azərbaycana qarşı bu və ya digər iddiada olanlar öz gözlərində tiri görməyərək, bizim gözümüzdə çöp axtarırlar. Elə Kanada da.
Ermənilərə canıyananlıq etmək istəyən Kanada 1988-ci ildən bəri Ermənistandan amansızcasına qovulmuş 300 minə qədər azərbaycanlının evindən, vətənindən didərgin salınmasına qəti münasibət bildirməyib. Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən 30 il ərzində işğal altında saxlananda Kanada da, digər Qərb ölkələri də İrəvanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə səsləməyib.
İndi isə Kanadanın öz gözündə tiri görməməsi ilə bağlı faktlara baxaq. Bu ölkənin 1876-cı ildə Kanada ərazisində yaşayan yerli xalqları rezervasiyalarda yerləşdirməsi etnik təmizləmə və mədəni soyqırımının ali nəticəsi idi. Yerli xalqlar kənd təsərrüfatı və maldarlıq üçün faydalı olmayan torpaqlarda yerləşdirilmiş, nəticədə onlar arasında aclıq və müxtəlif xəstəliklər geniş yayılmışdı.
1831-1996-cı illərdə kilsə tərəfindən idarə olunan yerli xalqlar üçün 130 məktəb-internat fəaliyyət göstərirdi. Onlar yerli xalqların assimilyasiyası siyasətini reallaşdırırdı. Bütün fəaliyyəti dövründə həmin məktəblərdən 150 minə yaxın tələbə keçmişdi. Amma ən azı 3200 uşaq soyuq hava, pis qidalanma və xəstəliklər səbəbindən vəfat etmişdi. Uşaqların çoxu fiziki, seksual və emosional zorakılığa məruz qalmışdı.
2012-ci ildə yerli xalqların 325 nümayəndəsi Kanada hökumətinə qarşı maddi təzminat tələbi ilə iddia qaldırmışdır. 2015-ci ildə Həqiqətin Tapılması və Barışıq Komissiyası adlı qurumun açıqladığı hesabatda həmin internat-məktəblər sistemini mədəni soyqırımı adlandırmışdır. Nəticədə, Kanada hökuməti yerli xalqlara 2,1 milyard dollar təzminat ödəməyə razı olmuşdur.
2021-ci ildə Kanadanın Saskaçevan vilayətində bu tip internat-məktəb həyətinin yanında 751 nəfərə aid məzarlıqlar tapılmışdır. “The Cowessess First Nation” bəyan edir ki, bu, Kanada ərazisində tapılmış ən böyük məzarlıqdır. Bir müddət sonra Britaniya Kolumbiyasında qazıntılar zamanı bu tip məktəb-internata yaxın ərazidə 215 yeniyetmənin məzarlığı da aşkarlanmışdır. 1900-1971-ci illərdə burada 3 yaşdan yuxarı uşaqlar dəfn edilmişdir. Baş nazir Jastin Trüdonun özü də etiraf etmişdir ki, bütün bunlara görə Kanada məsuliyyət daşıyır.
Təsadüfi deyildir ki, 2022-ci ilin iyulunda Roma papası da kilsənin Kanadada yerli xalqları zorla assimilyasiya etməsini soyqırımı adlandırmışdır.
Ahiarmiut presedenti yerli xalqlara qarşı yalnız mədəni deyil, gerçək soyqırımı həyata keçirilməsini sübut edir. 1950-ci ildə Kanada hökuməti inuit xalqının bir qrupunu öz tarixi torpaqlarından 100 kilometr aralıdakı ərazilərə köçürməyə qərar vermişdir. Bu köçə səbəb kimi onların federal işçilərlə ticarətdən olduqca çox asılı olmaları göstərilmişdi. Faktiki olaraq, izolyasiyada olan adaya köçürülmüş bu insanlara yaşamaq üçün yemək, infrastruktur, yaxud tikinti üçün material və avadanlıqlar verilməmişdir. Köçürülmə zamanı bir çox insan həyatını itirmişdir.
Daha sonra bu qrup 1957-ci ildə yenidən başqa əraziyə köçürülmüşdür. Bundan sonra onlar 3 köçürülməyə də məruz qalmışlar. Soyqırımı üzrə mütəxəssislər bu hadisələri Sovet İttifaqında Krım tatarların və çeçenlərin köçürülməsi ilə müqayisə etmişlər. Proses zamanı icmanın yarısından çoxu məhv olmuşdur.
Bütün bu dəhşətli beynəlxalq cinayətlər Kanadanın 1952-ci ildə “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı ratifikasiya etməsindən sonra baş vermişdir.
Paşa ƏMİRCANOV
XQ