Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı fundamental və konseptual mahiyyətli nitqində ölkəmizin müstəqillik illərinin siyasi xəttinin xarakterini canlandırdı, keçilmiş yola nəzər saldı, gələcək üçün prioritetlər müəyyənləşdirdi.
Dövlətimizin başçısı, həmçinin beynəlxalq müstəvidə ölkəmizə qarşı yönəlmiş ayrı-ayrı təzyiq cəhdlərinə münasibətdə ölkəmizin əzmini və iradəsini bir daha ortaya qoyaraq, xarici aləmə tutarlı mesajlar verdi. Eyni zamanda, Azərbaycanın bütün miqyaslardakı fəaliyyətinin haqq və ədalət meyarlarını açıqladı, bu meyarlara əks tendensiyaların qarşı əmin tədbirlərin gerçəkləşdiriləcəyinə yüksək səviyyəli təminat verdi.
Əlbəttə, Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışına müxtəlif prizmalardan yanaşmaq mümkündür. Ən başlıca məqam isə budur ki, tarixi Zəfərimiz Vətənimiz Azərbaycana üstünlüklər qazandırıb və mövcud xüsusda dövlətimizin başçısının bildirdikləri erudik təfəkkürün, dünyada yaşananlara misilsiz bələdçiliyin, qeyri-adi duyum tərzinin məhsuludur və bu cəhətlər ölkəmizin siyasi xəttinin dərin rasionallıq təbiətinin göstəriciləridir.
Prezident İlham Əliyev əvvəlcə 2024-cü ildə keçirilmiş prezident və parlament seçkilərinin önəminin vurğuladı. Müstəqillik illərində ilk dəfə idi ki, bu taleyüklü proseslər ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir vaxtda gerçəkləşdirildi. Deməli, hər iki hadisənin müasir tariximiz baxımından əhəmiyyətini vurğulayan əsas cəhət elə budur.
Eyni zamanda, nəzərə alaq ki, Azərbaycan şəraitində seçkilər beynəlxalq miqyasdakı anti-Azərbaycan qüvvələrlə mübarizə meydanıdır. Ölkəmiz, xalqımız və cəmiyyətimiz illərdir bu mübarizədə özünün prinsipiallığını və qətiyyətini göstərir, dövlətçilik amalları uğrunda barışmazlığını nümayiş etdirir.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra məkrindən, ermənipərəst mövqeyindən daşınmayan bəzi beynəlxalq dairələr barışmazlığımızı görməli, iradəmizin daxili strukturunun sabitliyini hiss etməli idilər. Elə isə dövlətimizin başçısının izahına diqqət yetirək: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. Çünki prezident və parlament seçkiləri bütün ərazilərdə keçirilərək bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu”.
Dövlət başçımızın vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin antiterror tədbirləri suverenliyimizin tam bərpası, ölkəmiz qarşısında yeni imkanlar və üfüqlər açır. Artıq Azərbaycan beynəlxalq aləmə əzmkar çağırışlar ünvanlayır. Müvafiq surətdə, dünyanın ölkəmizə yanaşmasında fərqli çalarlar meydana çıxır və onlara nəzərən, bir yandan gözlərimiz önündə əvvəlki illərin mənfi tendensiyaları canlanır, digər tərəfdən, həmin tendensiyalar fonunda ölkəmizin ciddilik faktorunun artdığı üzə çıxır.
Ciddi dövlət qiyafəsində qəbul olunma Azərbaycana yanaşmalarda ritorika sərtliyi deməkdir. Dost ölkələrin simasında ölkəmizə münasibətdəki səmimiyyət faktorunun ən yüksək səviyyəyə çatması əzmimizə əzm qatsa da, sözügedən ritorikanın doğurduğu neqativ durumların ağırlığını daşıyırıq. Görünür, “həyat mübarizədir” deyimi aktuallıq dərəcəsini saxlamaqdadır.
Eləcə də mübarizəni gücləndirmə ehtiyacı var ki, Azərbaycan bunu da nəzərə alır. Əslində, son üç ayını yaşamağa doğru getdiyimiz 2024-cü ildə keçirilmiş prezident və parlament seçkiləri möhkəm və güclü dövlət olmanın, monolitliyin, xalq-hakimiyyət vəhdətinin təntənəsi kimi yadda qaldı. Qarşıda isə bizi yeni perspektivlər gözləyir ki, Prezident İlham Əliyev Milli Məclisdəki çıxışında bu barədə də ətraflı söz açdı: “30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz”.
Əlbəttə, qazandığımız uğurlara, mübarizə əzmimizə rəğmən, arxayınlaşmaq olmaz. Mürəkkəb coğrafiyada yaşayırıq və bu platformada baş verənlər onu göstərir ki, həmişə, bir növ, əli tətikdə dayanmalıyıq. Axı dünya siyasəti səmimiyyətdən uzaq, qəddar, ani ehtiyatsızlığı belə bağışlamayacaq obraz qazanıb. Bu obrazı səciyyələndirən maraq və mənafelər burulğanı var ki, onlar naminə hər cür naqisliyin həyata keçirilməsi, sanki, norma halını alıb. Belə bir durumda nə etməliyik? Prezident İlham Əliyev açıqlayır və bildirir ki, xalqımız, gələcək nəsillər şanlı Qələbəmiz ilə fəxr hissi keçirməli, ancaq daha da inkişaf, gücümüzü artırmaq, ən əsası təhlükəsiz həyatı təmin etmək naminə ölkəmiz qarşısında duran vəzifələr icra olunmalıdır. Bir nömrəli vəzifə isə budur: Hərbi gücümüzü artırmaq!
Ölkəmizin lideri bu barədə diqqəti maraqlı məqama yönəldir. İkinci Dünya müharibəsindən sonra formalaşmış təklükəsizlik arxitekturasının sıradan çıxdığını, “Kim güclüdürsə, o haqlıdır” prinsipi üzrə fəaliyyətə üstünlük verildiyini, mövcud reallığın beynəlxalq miqyasda bəzən gizlədilmədiyini diqqətə çatdıran Prezident İlham Əliyev hərb amilinin zəruriliyini Azərbaycanın çağdaş dünya düzəninə adekvat reaksiyasının ortaya qoyulması baxımından əsaslandırır. Şübhəsiz ki, bu əsaslandırmaya dərin təhlil seqmenti hakimdir. Çünki Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək amalının qarşıya qoyulduğu, işğaldan azad edilmiş ərazilərimizin tikinti və abadlıq meydanına çevrildiyi hazırkı şəraitdə, Ermənistanda revanşist qüvvələr baş qaldırır və dövlətimizin başçısının qeyd etdiyi kimi, həmin qüvvələr təkcə marginal siyasi ünsürlər deyillər.
Nəzərə alaq ki, Ermənistan hakimiyyəti xülyalarla yaşayır, illüziya bataqlığına baş vurur. Necə deyərlər, milçək özü bir şey olmasa da, könül bulandırmağı var. Ən mühüm məqam isə budur ki, könlümüzü bulandırmaq istəyənlərin ölkəmizə qarşı, belə demək mümkünsə, neosəlibçilik təmayülünü daha qatı şəkildə, xüsusi azğınlıq elementlərində görürük: “Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Hər kəs yaxşı bilir Minsk qrupu nə üçün yaradılmışdır – Qarabağ münaqişəsinin həlli üçün. Qarabağ münaqişəsi həll olunub, tam və birdəfəlik. Ermənistanın rəsmi dairələri də öz bəyanatları ilə sanki bunu etiraf edirlər. Amma bununla paralel olaraq, bizim bütün təkidlərimizə rəğmən, Minsk qrupunu yenə də formal olaraq saxlamaq ancaq bir məqsədi güdə bilər ki, yenidən bizə qarşı ərazi iddiaları baş qaldırsın. Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib”.
Prezident İlham Əliyev əlavə etdi ki, Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayırlar. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur – bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur.
***
İrəvanın yeni işğallar naminə güclənməsini ağıllarından keçirənlər var qüvvələri ilə “fəaliyyətdədirlər”. Axı Prezident İlham Əliyevin də vurğuladığı kimi, 44 günlük müharibə və antiterror tədbirləri nəticəsində Azərbaycana təzyiq və təsir alətlərindən, konkret olaraq, “erməni kartı”nın “faydalarından” məhrum duruma düşüblər. Ölkəmiz Cənubi Qafqazda unifikasiya yaratmaq cəhdlərini sıradan çıxarıb, öz reallığını diktə edən tərəfə çevrilib və kimlərsə mövcud status-kvonu aradan qaldırmağa girişiblər. Onlar Ermənistanı və erməni xalqını alətə çevirirlər. Bu yerdə dövlətimizin başçısının izahına nəzər salaq: “Bayaq dediyim amillərlə yanaşı, əgər biz bütün bu amilləri necə deyərlər, bir çərçivəyə salsaq, görərik ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar”.
***
Ortada özünü, obrazlı desək, sülh qaranquşları kimi aparan bayquşlar və quzğunlar var. Söhbət Qərb vasitəçiliyi xəttindən gedir. Buna vasitəçilik yox, tərəfkeşlik demək daha doğru olardı. Ötən müddətdə ölkəmizin prinsipial xətti nəticəsində bəzi maskalar yırtıldığı kimi, Avropa İttifaqının da “sülh qaranquşluğu” eyni aqibəti yaşadı. Vaxtilə Aİ Şurasının prezidenti Şarl Mişelin ortaya qoyduğu konstruktivlikdən əsər-əlamət yoxdur. Dövlətimizin başçısı çıxışında həmin konstruktivliyin tez bir zamanda heçə endiyini açıqlayıb. Ölkəmizin liderinin “Binokl diplomatiyası” ifadəsi Qərbin riyakarlığa söykənmiş dəst-xəttinin mükəmməl təsviri, onun vasitəçilik missiyasındakı iflasın təsdiqidir. Eyni zamanda, bu deyim bəzi beynəlxalq dairələrin erməni varlığını diri saxlamaq naminə həyata keçirdiyi tədbirlərin qeyri-ciddilik təmayülünün vurğulanmasıdır. Deməli, cənab İlham Əliyevin ritorik sualları tam yerinə düşür: “Gecə-gündüz xarici nümayəndələr gəlirdi, binoklla bizə baxırdı. Nə göstərmək istəyirdilər bizə?! Bu, nə demonstrasiyadır, nə ucuz şoudur?!”
Prezident İlham Əliyev bildirib ki, bütün bunlar bizi ciddi düşündürməlidir. Ermənistana güclənmək üçün vaxt qazandırmağa hesablanmış “Binokl diplomatiyası” İrəvanı Cənubi Qafqazda sülh və birgəyaşam üçün təhdidə çevirirsə, onda arxayınlıq yaradırsa, deməli sülhdən danışmağa dəyməz. Çünki erməni iqtidarının təmsilçiləri yalnız avantüralar naminə işləyən zehinlərini hərəkətə gətirirlər. Nəticə etibarilə, Ermənistan indiyədək yaşadığı acınacaqlı durumu unudur, olanlardan nəticə çıxarmaq istəmir. Məhz bu səbəbdən dövlətimizin başçısı xəbərdarlıq edir: “Ona görə danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər”.
Bəli, Ermənistan rəhbərliyində təmsil olunanlar 44 günlük müharibəni və lokal xarakterli antiterror tədbirlərini yaddan çıxarır, özlərini uşaq kimi aparır, əldə edilmiş razılıqları pozmaq potensiallarını ortaya qoyurlar. Sərt reallıqları unudur, müharibə məğlubuna xas şəkildə davranmırlar. Məsələn, baş nazir Nikol Paşinyan bir müddət əvvəl bildirmişdi ki, öz imzasının da yer aldığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Ermənistana məğlub kimi baxılması üçün əsas vermir. Görəsən, Nikol başqa nə istəyir? Deməli, Prezident İlham Əliyevin İkinci Dünya müharibəsindən sonra yaşananları yada salmasında da məntiq var.
***
“İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməmişdir”, – deyən dövlətimizin başçısı bildirib ki, indiki durumda Ermənistanın timsalında kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırılmır, hətta, ona bütün preferensiyalar verilir. Prezident Əliyev həmin preferensiyaları da açıqlayır – ABŞ-dan 250 milyon dollar pul. O pul ki, İrəvan onunla silah alacaq. Yəni ki, ölkəmizə qarşı mümkün intervensiya cəhdində məsuliyyəti daşımalı olan tərəf həm də Birləşmiş Ştatlardır.
Ancaq nəzərə alaq ki, Ermənistanın hərbi baxımdan “ruhlandıran” təkcə Vaşinqton deyil. Ölkə Fransadan pulsuz silah alır. Dövlətimizin başçısı özünün xəbərdarlıq məntiqini məhz bu səbəbdən aktiv saxlayır: “Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.
***
Nəhayət, Prezident İlham Əliyev Milli Məclisdəki nitqində ölkəmizin Cənubi Qafqazda formalaşdırdığı reallıqlar fonunda, Azərbaycana qarşı yönəlmiş beynəlxalq təzyiq hallarının, o cümlədən, Ermənistanın avantürist mahiyyətinin saxlanılması cəhdlərinin heç bir fayda verməyəcəyinə dair qəti əminlik yaradır. Hesab edirik ki, ölkəmizin liderinin çıxışındakı ən vacib məqam elə budur. Prezident Azərbaycanın özünü dünyada ləyaqətli dövlət kimi təsdiqlədiyini vurğulayır və fikirləri ilə xarici aləmin bu statusa uyğun mövqe nümayişinin vacibliyini önə çəkir: “Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq!”.
Cənab İlham Əliyev beynəlxalq mövqelərimizin daha da möhkəmləndiyini, beynəlxalq ictimaiyyətin ölkəmizi dəstəklədiyini də vurğulayıb. Yəni, bəzi Qərb ölkələri hesab etməsinlər ki, beynəlxalq ictimaiyyət rolunda yalnız özləri çıxış edirlər. Dövlətimizin başçısı bu barədə söz açır və yada salır ki, respublikamızda COP29-un keçirilməsini 200-ə yaxın ölkə yekdilliklə bəyənib. Bu, çox ciddi rəqəmdir. Deməli, necə deyərlər, “dünya beşdən böyükdür”.
***
Sonda bir daha vurğulayaq ki, Prezident İlham Əliyev parlament seçkilərindən sonra yeni tərkibdə fəaliyyətə başlamış Milli Məclisin ilk iclasındakı çıxışı ilə ölkəmizin bu günü və gələcəyi baxımından vacib vəzifələri sadalamaqla, yəni əzmimizi, xarakterimizi və gücümüzü göstərməklə, həm Azərbaycanı gözü götürməyən qüvvələrə qarşı layiqli demarş etdi, həm də bu demarşın fonunda Ermənistana bir daha düşünmək şansı yaratdı. Ermənistan hakimiyyəti və ümumən ölkənin cəmiyyəti dövlətimizin başçısının bildirdiklərindən nəticə çıxarmalı və ilk növbədə bunu anlamalıdır: “Dəmir yumruq” yerindədir. Onun qarşısını kəsəcək heç bir qüvvə əvvəllər də yox idi, indi də yoxdur.
Ə.CAHANGİROĞLU
XQ