İrəvan 35 illik daşı ətəyindən tökərsə…

post-img

Azərbaycanla münasibətlərin normallaşması daha çox Ermənistana lazımdır 

Bir çox hallarda dünənin qatı düşmənləri bu gün eti­barlı və yaxın tərəfdaşa çev­riliblər.

Tarixdə belə nümunələr çoxdur. “Dağlıq Qarabağ” adında münaqişə artıq yoxdur. Sülhməramlı vasitəçilərin, sül­hə töhfə verməyə çalışan təşəb­büskarların sayı azalıb çoxalsa da, hələlik son nəticəyə nail olunmayıb, sülh müqaviləsi bağlanmayıb.

Azərbaycan–Ermənistan münasibətlərinin normallaşma­sı iki ölkənin özündən asılıdr. Bunun üçün rəsmi Bakı öz tərə­findən bütün lazımi addımları atıb, reallığa və tarixi ədalətə söykənən təkliflərini qarşı tərəfə verib. Münasibətlərin normallaşmasının Ermənistan üçün yeni imkanlar açacağı şübhəsizdir. Azərbaycan Ermə­nistanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirmək­də maraqlı olduğunu bəyan edib. Rəsmi İrəvanın ölkəmizə qarşı 30 ərzində həyata keçirdi­yi təcavüzkar siyasətinə baxma­yaraq, Bakı beynəlxalq hüquqa söykənərək qonşu dövlətlə münasibətlərin normallaşma­sına normal yanaşdığını ortaya qoyub. Azərbaycan hakimiyyə­tinin bu məsələyə xoş məram­la yanaşması, siyasi iradəsi və mövqeyi hamıya məlumdur. Əlbəttə ki, atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sadəcə, iki dövlət arasında de­yil, bütövlükdə, bölgədə sülhə və təhlükəsizliyə xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı nitqin­də Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub. Dövlət başçısı xatır­ladıb ki, İkinci Qarabağ müha­ribəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlanıb. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcəyin nədən ibarət olacağı barədə öz fikirlərini forma­laşdırmışdılar. Ermənistanın məsələni süni şəkildə uzatdığı­nı vurğulayan Prezident deyib: “Bu günə qədər sonuncu layihə­miz Ermənistana göndərilən sülh sazişinə 10-cu şərhlərimiz olub. Aylar keçdikcə, təbii ola­raq, gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha opera­tiv və çevik verəcək. Ancaq bunun tam əksini gördük. Son variantın onlardan alınmasını 70 gün gözləməli olduq. Ra­zılaşdırılmamış müddəaların hamısı onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qey­ri-adekvat addım, sözün düzü, gözlənilən deyildi”. 

Dövlət başçısı bir sıra məqamların Ermənistanın, əs­lində, sülh istəmədiyindən, vaxtı uzatmaq cəhdlərindən xə­bər verdiyini vurğulayıb. Əgər Azərbaycanın təklif etdiyi 17 maddədən ibarət sülh sazişinə şərhinə 70 gündən sonra cavab verirsə, mətndən bizim üçün əsas maddələri çıxarırsa, demə­li, məqsədi məsələni süni şəkil­də uzatmaqdır. 

Bu, reallıqla barışmağın təzahürü deyil 

Ermənistan baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası­nın 79-cu sessiyası çərçivəsində keçirilən “Gələcəyin sammiti”ndə iştirak edib. Ermənistan baş naziri aparatının infor­masiya və ictimaiyyətlə əlaqələr departa­mentindən verilən məlumata görə, Nikol Paşinyan çıxışında bir neçə məqamla bağ­lı xüsusi qeydlər edib. Bakı üçun həmin qeydlərin ən maraqlısı baş nazirin Azər­baycan barədə heç nə deməməsi və hətta pozitiv mesaj verməsidir. Hayların baş naziri çıxışında bildirib ki, mən “Gələcə­yin sammiti”ndə öz inamımı ifadə etmək istəyirəm: “Gələcək var! Bununla da mən öz vəzifəmi yerinə yetirmək istəyirəm. Əv­vəlki üç sessiyadan fərqli olaraq, bu il baş assambleyadakı çıxışımda qonşu ölkələri ittiham etməkdənsə, daha çox imkanlara diqqət yetirəcəyəm. Bu isə müsbət düşün­cə və imkanlar haqqında söhbətlərə yer verəcək. Bəli, hələlik yalnız söhbət üçün­dür, çünki “Əvvəl Söz var idi, Söz Allahla idi və Söz Allahın idi”. Bu o deməkdir ki, yaxşı sözlərlə başlamaq lazımdır. “Gələ­cək var!” teoremini irəli sürməliyik. Bunu sübut etməyə elə bu sözdən başlamalıyıq. Gəlin, bunu edək!”.

Paşinyanın İncilə istinadla bu yarıfəl­səfi, yarısiyasi çıxışının arxasında nələrin gizləndiyini yalnız güman edə bilərik. Doğrudanmı, Ermənistan hökuməti qon­şuları ilə pozitiv munasibət qurmaq qənaə­tinə gəlib? Yoxsa, bu, Türkiyədən nəyisə qoparmaq üçün işlədilən diplomatik jest, hay bicliyidir? Bəlkə İrəvan, nəhayət, real­lıqla barışmaq qərarına gəlib? Biz bu çıxı­şın daha çox erməni hiyləgərliyinin növbə­ti təzahürü olması qənaətindəyik. 

Ermənistan iqtidarının qonşu dövlət­lərlə bu cür asanlıqla münasibətləri nor­mallaşdırmağa qərar verməsi inandırıcı görünmür. Axı, o, hələ Avropa İttifaqı (Aİ), Brüssel, Vaşinqtonla “işlərini” başa çatdırmayıb. Ermənistan kənardan siyasi dəstək axtarışlarına son verməli, bu coğra­fiyada təhlükəsizlik şəraitində yaşamasını istəyirsə, əvvəlcə qonşuları ilə münasibət­lərinə ciddi korrektələr etməlidir. Cənab Prezidentin dediyi kimi, nə Ermənistan, nə də onun havadarları 30 illik işğalı unutma­malıdırlar. Danışıqlar masasında bu tarixi həqiqət daim olmalıdır. 

Hayastanın “Axilles dabanı”na basırlar 

Cənubi Qafqaz uğrunda “böyük güc­lər”in mübarizəsində Ermənistana həmişə “maşa” funksiyası ayrılıb. Amma riyakar Qərb bölgədə yaranmış gərginliyə görə Ermənistanla bərabər məsuliyyət daşıyır. Hayastanın ABŞ-nin ayırdığı 250 milyon dollar silah almağa yönəldəcəyi birməna­lıdır. Avropa Sülh Fondunun özü də vəsaiti ötürən “instansiyadır”. Beləliklə, sülh üçün nəzərdə tutulan vəsait silahlanmaya istifa­də edilir. Pul verənlərin İrəvanla təzyiq və təhrik dili ilə danışması təbiidir. Axı, bu məsələ onlardan ötrü Ermənistanın “Axil­les dabanı”dır. Hansı ssenarini işə salmala­rından, hansı oyuna başlamalarından asılı olmayaraq, Azərbaycanın tələbləri dəyiş­məz olaraq qalacaq: Ermənistan ölkəmizə qarşı ərazi iddialarına rəsmən son qoymalı, konstitusiyasına dəyişiklik edilməli, Minsk qrupu isə ləğv olunmalıdır. 

Haylar Cənubi Qafqaza köçürüldük­dən sonrakı 200 il ərzində məhz kənar “güc mərkəzləri”nin əlində oyuncaq olub­lar. İrəvan bu gün də beynəlxalq arenada özünün prioritetlərini müəyyənləşdirmək­də acizdir. Çünki ətəyində 35 ilin daşları var…

Münasibətlərin normallaşmasına mane olanlar 

Münaqişənin fəsadlarının aradan qal­dırılması, qarşılıqlı etimad mühitinin ya­ranması üçün obyektivlik hissi və ədalətli yanaşma əsas meyar olmalıdır. Bəs, 2023-cü ilin noyabrında birgə bəyanat imzalayan tərəflər arasında yaxınlaşmaya aparan pro­ses niyə yarımçıq qaldı? Bu prosesə kim və niyə mane olur? Suala cavab tapmaq üçün münaqişənin köklərinə və xronika­sına qısa tarixi ekskurs etmək lazım gəlir. Qarşıdurma 1988-ci ildə Qərbi azərbay­canlıların öz yurdlarından qovulması ilə başladı. O zaman bu qarşıdurmanı Mosk­va həll edə bilərdi. Amma onun obyektiv və ədalətli ola bilməməsi yeni, daha ağır fəsadlara səbəb oldu. “Qırmızı imperi­ya”nın yaratdığı münaqişənin “referisi” rolunu Rusiya öz üzərinə götürdü. Mosk­vanın vasitəçiliyi yetərli olmayanda, oyuna beynəlxalq vasitəçilər daxil oldular. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı­lıq əməllərinə qarşı 4 qətnamə qəbul etdi. Beynəlxalq vasitəçi kimi, ATƏT-in Minsk qrupu və həmsədrlər institutu yaradıldı. Bu yarıtmaz vasitəçilərin yaratmaz fəaliyyə­tinə və münaqişəyə Azərbaycan 44 günlük Vətən müharibəsi ilə son qoydu. 

İndi nəyi müşahidə edirik? İşğalçı Er­mənistana yardım edənlər normallaşma prosesini əngəlləyirlər. Rusiya, İran, Hin­distan, Kanada, Avropa İttifaqına daxil olan bəzi dövlətlər, o cümlədən Fransa, Niderland, Yunanıstan əngəl törədənlərin siyahısındadır. Azərbaycanla Ermənistan arasında normallaşma baş verərsə, bu siya­hıdakıların heç birinə ehtiyac qalmayacaq. Belə şəraitdə Fransa da özünü yığışdırar, pozuculuq fəaliyyətini azaldar. Regionda normallaşma prosesinin uğurla başa çat­ması ABŞ və Böyük Britaniyanın da ma­raqlarına uyğun olar. 

Mövqeyini tez-tez dəyişən, dünən de­diyini bu gün təkzib edən Nikol Paşinya­nın son çıxışlarından bu nəticə hasil olur ki, rəsmi İrəvanın mövqeyi Rusiya, İran, Fransa kimi dövlətlərin yanaşmasından fərqlənməyə başlayıb. Ermənistan baş na­ziri Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşması üçün ona havadarlarının vəd etdiyi 100 illik “nağılların” gerçək­ləşəcəyi ideyasından imtina etməyə hazır olduğunu deyir. Bundan əvvəl isə Qara­bağın əsl sahibinin Azərbaycan olduğunu etiraf etməklə bölgəyə iddiaçıların plan və düşüncələrini alt-üst etmişdi. İntəhası, indi normallaşma prosesinin davamını Azər­baycanla deyil, Cənubi Qafqazda maraqla­rı olan “güclər”lə müzakirə etdiyi görünür. Fəqət bu siyasi müstəvidə rəsmi İrəvanın tərəf-müqabil kimi yox, məruzə dinləyən şagird qismində olduğu aydın görünür. 

30 il əvvəl həmin “güclər” Azərbay­cana işğal olunmuş torpaqlarından əl çək­məyi təklif edir, münaqişənin hərbi yolla həllinin olmadığını deyirdilər. Axırı nə oldu? Rəsmi İrəvan, ən azı, şahidi olduğu bu acı reallıqdan ibrət götürdümü? Təəssüf ki, yox! 

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Münasibətlərin normallaşması, ilk növbədə, tərəflər arasında sülh müqavilə­sinin imzalanması ilə başlanmalıdır. O sənəddə ərazi bütövlüyünün tanınması, daxili işlərə qarışmamaq, problemlərin sülh yolu həlli kimi məsələlər yer alır. Yəni, həmin sənəddə beynəlxalq münasi­bətlərin əsas prinsipləri öz əksini tapma­lıdır. Bunlar layihədə var, amma konkret iddialardan əl çəkməklə bağlı öhdəlik də olmalıdır. Ermənistan bu prinsiplərlə hələ ATƏT-ə daxil olanda, BMT-nin Nizam­naməsinə uyğun olaraq öhdəlik götürən­də Azərbaycan torpaqlarını işğal etmişdi. Parlamentin qəbul etdiyi bəyannaməsində bizim torpaqlarımızın özünə birləşdiril­məsini göstərmişdir. Digər qanunverici aktlarında Azərbaycan ərazisinin bütöv­lüyünü qəbul etmir, daxili işlərimizə qa­rışırdı. 

Bütün bu sənədlər hələ də mövcud­luğunu saxlamaqdadır. Bakı deyir ki, indi zəhmət çəkin, ümumi şəkildə elan etdiyiniz ərazi bütövlüyünün tanınması barədə öz qanunvericiliyinizdə də dəyi­şiklik edin. Amma İrəvan min cür bəhanə ilə bundan boyun qaçırır. Sözdə deyir ki, Qarabağ Azərbaycandır, amma qondarma qurumun, separatçı rejimin mövcudluğu ilə bağlı Minsk qrupunun fəaliyyətinin davam etdirilməsini istəyir. Əlbəttə ki, bu, qəbuledilməzdir. Ermənistanın siyasi da­irələrində Azərbaycan ərazilərinə iddialar bu gün də səslənməkdədir. Bu cür tezisləri Hayastan parlamentinin deputatlarının di­lindən eşidirik. Eləcə də erməni mediası bu iddiaları tirajlayır. Təbii ki, bunlar iki ölkə arasında normal münasibətlərin qu­rulmasına mane olan səbəblərdir. Həmin maneələr aradan götürülməyincə Ermə­nistan–Azərbaycan münasibətlərində hər hansı irəliləyişdən söhbət gedə bilməz.

İmran BƏDİRXANLI 
XQ



Siyasət