BMT qlobal ekoloji təşəbbüsləri dəstəkləyir

post-img

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsi çərçivəsində qurumun Baş Qərargahında COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan qlobal təşəbbüslərlə bağlı yüksək səviyyəli paralel tədbir təşkil edilib.

COP29 Sədrliyinin keçirdiyi görüşdə BMT-nin ixtisaslaşmış təşkilatları, beynəlxalq inkişaf banklarının, üzv dövlətlərin yüksək vəzifəli şəxsləri və BMT-nin İqlim Dəyişikliyi Konvensiyasına tərəf olan dövlətlərin heyətləri, diplomatlar, siyasətçilər, vətəndaş cəmiy­yəti üzvləri və özəl sektor təmsilçiləri iştirak ediblər. Müzakirədə COP29 üzrə Baş danı­şıqçı, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakı iqlim konfransının fəaliyyət gündəliyinə daxil olan qlobal təşəbbüslər barədə qonaqlara ətraflı məlumat verib.

Qeyd olunub ki, COP29 Sədrliyinin fəaliyyət gündəliyi iqlim sahəsində bütün əsas istiqamətlər boyu irəliləmək kimi ambisiyalı səyləri təmsil edir və özün­də enerji, maliyyə, kənd təsərrüfatı, su, şəhərlər, insan inkişafı, eləcə də iqlim və sülhün qarşılıqlı əlaqəsi kimi bir sıra əsas prioritetləri özündə cəmləşdirir. Ma­liyyənin iqlim fəaliyyətinin mühüm icra mexanizmi olduğunu vurğulayan azər­baycanlı diplomat COP29 Sədrliyinin fəaliyyət gündəliyinə daxil olan 14 təşəb­büs barədə geniş məlumat verib. Həmin təşəbbüslərin iqlim fəaliyyətinə önəmli töhfə verəcəyi diqqətə çatdırılıb, COP29 Sədrliyinin qlobal təşəbbüslərinin hazır­lanması prosesində göstərdikləri dəstəyə görə BMT-nin ixtisaslaşmış təşkilatlarına minnətdarlıq ifadə olunub. 

Görüşdə çıxış edən təşkilatın yüksək rütbəli nümayəndələri aidiyyəti sahələr üzrə COP29 Sədrliyinin qlobal təşəbbüs­lərinin əhəmiyyətini vurğulayıb və onların icrasına dəstək ifadə ediblər.

BMT-nin Nyu-Yorkda keçirilən “Gələ­cəyin sammiti” adlı konfransda iştirak edən İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin icraçı direkto­ru Vüsal Qasımlı məruzəsində ekoloji problemlərin həllində qlobal çağırışlar, iqtisadi-siyasi islahatlar, davamlı inkişaf məqsədləri ilə bağlı məsələlərə toxunaraq qlobal istiləşmənin 1,5 dərəcə səviyyəsin­də saxlanılmasının hər kəsin öhdəliyinə çevrilməsi, karbon emissiyasının azaldıl­ması, “yaşıl” iqtisadiyyata keçidin bütün sahələri əhatə etməsi kimi məsələlərin zə­ruriliyini diqqətə çatdırıb. 

Mərkəzinin icraçı direktorunun sözlə­rinə görə, sadalanan məqsədləri gerçək­ləşdirmək isə təşəbbüslərin artırılması və icra prosesinə keçidin sürətləndirilməsi ilə mümkündür. COP29 planının təşəbbüslə­rin artırılmasını nəzərdə tutan birinci is­tiqaməti bütün tərəfləri iddialı milli planla­ra və şəffaflığı təmin etməyə çağırır. İkinci istiqamət isə təşəbbüsləri akta çevirməyi, ekoloji dəyişikliyə adaptasiyanı qarşıya əsas vəzifə kimi qoyur.

Sonda qeyd edək ki, “Gələcəyin sam­miti”nin iştirakçıları olan bir qrup xari­ci QHT, vətəndaş cəmiyyəti təmsilçiləri COP29-a ev sahibliyi edəcək Azərbayca­nın qlobal iqlim dəyişmələrinə qarşı mü­barizədə mühüm töhfəsini vurğulayan, inklüzivliyi müdafiə edən bəyanat yayıb. Bəyanatı 22 ölkədən 44 QHT nümayəndə­si imzalayıb.

“Birlikdə sağlamlaşma: davamlı gələ­cək üçün inklüziv yollar” adlı bəyanatda deyilir: “COP29-a doğru irəlilədiyimiz bu günlərdə müzakirələrimizdə və fəaliyyət­lərimizdə inklüzivliyi prioritetləşdirmək vacibdir. Qərarqəbuletmə proseslərində bütün tərəflərin mənalı iştirakı “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gün­dəliy”in irəliləməsi üçün əsasdır. İqlim dəyişmələri hamımıza təsir etsə də, onun nəticələri əsasən yerli icmalara və xalqla­ra, həssas ölkələrə daha çox zərər vurur. Buna görə də bu qrupların səsləri yalnız eşidilməməli, həm də onlar siyasət və nə­ticələrin formalaşmasında fəal iştiraka cəlb olunmalıdır. Bu, gənclərin, qadınların və öndə olan digər qrupların təmsilçiliyinin artırılmasını da əhatə edir.

Vətəndaş cəmiyyəti təşkilatları bu səs­lərin gücləndirilməsində mühüm rol oyna­yır. Biz müzakirə edən tərəfləri COP29-da inklüzivliyi prioritetləşdirməyə və həllərin həm ədalətli, həm də bərabər olmasını tə­min etməyə çağırırıq. Sözügedən həllər həm də iqlim böhranının təcili xarakterini əks etdirməklə, təxirəsalınmaz və praktik olmalıdır.

Biz xüsusilə dünyada iqlim dəyişmələ­rinin təsirləri ilə mübarizə aparan, uyğun­laşmaq üçün məhdud resurslara malik olan həssas icmalarla həmrəylik nümayiş etdi­ririk. Vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatlar və iqlim ədaləti fəal­ları kimi biz müxtəlifliyi, inklüzivliyi və gender bərabərliyini təşviq edən gündəmin təbliğində COP29 Sədrliyinə dəstək ver­məyə hazırıq.

Bundan əlavə, biz qadınlar və qızlar daxil olmaqla, həssas qrupların və digər əsas maraqlı tərəflərin səslərinin iqlim mü­zakirələrinin mərkəzində olmasını təmin etmək üçün COP29 əvvəl, tədbir zamanı və ondan sonra yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq.

İndi qətiyyətli addımlar atmağın vax­tıdır və biz bütün maraqlı tərəflərlə əmək­daşlığa hazırıq ki, öhdəlikləri konkret nə­ticələrə çevirək. Gəlin, bütün insanların hüquqlarına hörmət edən və gələcək nəsil­lər üçün planetimizi qoruyan davamlı bir gələcək inşa edək”.

Ekologiya