MAQATE ilə əməkdaşlıq genişlənir

post-img

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəsindəki hesabında qurumun Azərbaycanla sıx əməkdaş­lığının getdikcə genişləndiyini yazıb. 

Baş direktor paylaşımında nüvə enerji­sini inkişafının sürətləndirilməsi haqqında COP28-da qəbul edilən qərara əsaslanaraq, Bakıda keçiriləcək COP29-un səbirsizliklə gözlənildiyini qeyd edib: “Çünki emissiyasız dünyanın təcili olaraq nüvə enerjisinə ehtiya­cı var. Dayanıqlı enerji gələcəyi istiqamətin­də çalışarkən Azərbaycanla sıx əməkdaşlığı­mız davam edir”. 

Qeyd edək ki, 1957-ci ildə “Sülh naminə atom” təşkilatı kimi təsis olunan Atom Ener­jisi üzrə Beynəlxalq Agentlik nüvə enerji­sindən sülh məqsədləri ilə istifadə sahəsində elmi və texniki əməkdaşlıq üçün dünyanın hökumətlərarası forumu kimi fəaliyyət göstə­rir. Nizamnaməyə görə, agentliyin başlıca məqsədi dünyada atom enerjisindən sülh, səhiyyə və inkişaf naminə istifadə edilməsi­ni artırmaq və prosesi tezləşdirmək və onun hərbi məqsəd üçün tətbiqi kimi halların qarşı­sının alınmasını gerçəkləşdirməkdir.

Ekologiya