Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda COP29-a həsr olunan “İqlim dəyişikliyinin bitki örtüyünə təsiri” mövzusunda seminar keçirilib. İnstitutdan bununla bağlı verilən məlumata görə, tədbirdə iqlim dəyişikliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genofondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii ehtiyatlardan düzgün istifadə edilməsi istiqamətlərində görülən işlərdən danışılıb.
Seminarda “Abşeronun landşaft dizaynının iqlim dəyişkənliyinə əsasən yaradılması”, “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” və s. mövzularda dinlənilən məruzələrdə temperaturun qlobal səviyyədə artması səbəbindən ekstremal hava hadisələrin və təbii fəlakətlərin tez-tez baş verməsi qeyd olunub. Eyni zamanda, bu cür iqlim dəyişikliklərinin doğurduğu fəsadlara qarşı mübarizənin Azərbaycan modelinin yaradılacağına, bu modelin isə iqtisadiyyatın düzxətli modelindən fərqli olaraq təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emal yolu ilə faydalanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Bildirilib ki, Yer kürəsində meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri və bir çox heyvan və bitki növlərinin nəslinin kəsilməsi təhlükəsini yaradıb. Ekosistemlərin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə gələcək nəsillərin yaşamaq üçün sabit bir mühitə sahib olmasını təmin etmək baxımından vacibdir.